Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Prezident Şurasının Bakıda keçirilən iclasına iyunun 29-da yekun vurulub.
boyukmillet.com xəbər verir ki, ikigünlük toplantıda 40-a yaxın məsələ müzakirə edilib, təkliflər irəli sürülüb və fikir mübadiləsi aparılıb.
İclasdan əvvəl FIDE-nin vitse-prezidenti Nayçel Şort çıxış edərək Argentinanın Folklend Adalarında şahmat turnirinin keçirilməsinə etiraz edərək Beynəlxalq Şahmat Federasiyası tərəfindən nəticələrin qəbul olunmamasını təklif edib. FIDE rəsmiləri təklifi qəbul ediblər.
FIDE-nin və Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov heç bir dövlət tərəfindən tanınmayan ərazilərdə turnirlərin keçirilməsinin məqsədəuyğun olmadığını bildirib. FIDE rəsmisi Azərbaycan ərazilərinin 20 faizinin işğal edildiyini xatırladaraq həmin torpaqlarda şahmat turnirlərinin yalnız Azərbaycan Şahmat Federasiyası tərəfindən keçirilməsinin mümkünlüyünü qeyd edib. O, FIDE-nin belə hallara diqqətli yanaşmasını və bu barədə qurumun nizamnaməsinə əlavələrin olunmasının vacibliyini qeyd edib.
FIDE rəsmiləri maliyyə şəffaflığını təmin etmək üçün illik büdcə barədə müzakirələr aparıblar. İllik xərclərə yenidən baxılıb və yaranmış bəndlər üzrə bölgülər aparılıb. Toplantıda Avropa Şahmat İttifaqının keçirdiyi yarış və tədbirlər barədə hesabat məruzəsi dinlənilib. O cümlədən bütün qitələr üzrə şahmatın vəziyyəti müzakirə edilib, təşkil olunan yarışların hesabatı təqdim olunub.
FIDE-nin rəsmi saytının yenilənməsi, eləcə də loqoya dəyişiklik edilməsi ilə bağlı müzakirələr aparılıb, təkliflər dinlənilib. Xüsusilə fide.com saytının dizayn baxımından funksional dəyişikliyə ehtiyac olması qeyd edilib, qısa zamanda yeni versiyanın hazırlanması ilə bağlı tapşırıqlar verilib.
İclasda Kayman Adalarının FIDE üzvlüyünə qəbul edilməsi təklif olunub. Bununla bağlı Kayman Adalarında şahmata maraq və digər amillər barədə məlumat verilib. Prezident Şurasının iclasında BMT və Beynəlxalq Olimpiya Komitəsinin prinsiplərində bu məsələ ilə bağlı ziddiyyətlərin olduğu əsas gətirilərək təklifin müzakirəsinə ehtiyac olduğu vurğulanıb.
Prezident Şurasının iclasında idmanın siyasətdən kənar olduğu növbəti dəfə qeyd edilib. İki ölkə arasında elan olunmamış müharibə vəziyyətinin davam etməsinə baxmayaraq, Azərbaycan şahmatçılarının Ermənistan təmsilçiləri ilə mübarizədən yayınmamaları müsbət hal kimi nümunə göstərilib. FIDE nümayəndələri məsələ ilə bağlı xüsusi qərarın qəbul olunmasını təklif ediblər. Vurğulanıb ki, münaqişədə olan ölkələrin şahmatçıları beynəlxalq yarışlarda bir qayda mübarizə aparmaqdan imtina etməməlidirlər. Müzakirələrin nəticəsi olaraq, ilk dəfə mübarizədən imtina edən şahmatçıya xəbərdarlıq ediləcək, bu hal təkrarlanacağı halda cəza tətbiq olunacaq.
Eyni zamanda, FIDE Baş Assambleyasının iki ildə bir dəfə deyil, hər il toplaşması məsələsi qəbul olunub.