Güney Azərbaycanın Xoy şəhərində zəlzələdən zərər çəkən soydaşlarımızın vəziyyəti çox acınacaqlıdır. Zəlzələdən əziyyət çəkən, ev-eşiyini itirən, soyuqda, şaxtada evsiz-eşiksiz, ac-sussuz qalan soydaşlarımızın taleyi ilə molla rejimi qətiyyən maraqlanmır. Zəlzələ nəticəsində evləri tarımar olan soydaşlarımız küçələrdə yaşamağa məcbur olub.
Boyukmillet.com xəbər verir ki, məsələ ilə bağlı DAK.az saytına açıqlama verən Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri Firudin Pərviz Nia bildirib ki, zəlzələ zamanı evlərini itirən soydaşlarımızın bəziləri çadırlara sığınsalar da, böyük əksəriyyəti sığınacaqsız vəziyyətdədir: “ Bir tərəfdən soyuq, bir tərəfdən aclıq soydaşlarımızı əldən salıb, uşaqların vəziyyəti də çox acınacaqlıdır. Soydaşlarımızın molla rejiminə səslənməsinə baxmayaraq heç bir tədbir görülmür. Sosial şəbəkələrdə yayılan görüntülərə görə, Xoy şəhərinin Var kəndində zəlzələ nəticəsində evsiz-eşiksiz qalan insanların vəziyyəti ürək dağlayır. Hazırda çarəsiz soydaşlarımız şaxtalı qış günlərində küçələrdə qalmağa məhkum olub. Molla rejimi zəlzələdən əziyyət çəkən soydaşlarımıza ögey münasibət göstərir. Bu azmış kimi özlərini elə göstərirlər ki, güya soydaşlarımızın “qayğısına” qalırlar, amma heç bir tədbir görmürlər”
Firudin bəy qeyd edib ki, İran rejiminin soydaşlarımıza qarşı tutduğu mövqe qəbuledilməzdir. “Bütün dövrlərdə İran-fars dövlətinin yerli Azərbaycan türklərinə münasibəti həmişə bəlli bir aqressiya, quldarlıq təfəkkürü ilə müşayiət olunub. Eyni zamanda 1828-ci ildən başlayaraq, davamlı şəkildə İran Güney Azərbaycanda müstəmləkə siyasəti yürüdür, soydaşlarımıza qul kimi yanaşır. Bu düşmənçilik siyasəti təkcə dil, mədəniyyət, təhsil qadağaları ilə bitməyib, çoxsaylı xüsusi qətliamlarla sonuclanıb. İranda Rza şah Pəhləvi tərəfindən həyata keçirilən 1925-ci il çevrilişindən sonra basqılar daha da güclənib və qanuniləşib. Ölkədə istər rəsmi, istərsə də ictimai həyatda türk dilindən istifadə qadağan edilib. Bütövlükdə, İranda soydaşlarımızın milli kimlik, dil, təhsil və bununla yanaşı sosial haqları işğal olunub. Yəni güneyli soydaşlarımızın daim hərtərəfli təzyiq altında saxlanılması İran siyasətinin təməl prinsiplərindəndir desək, daha doğru olar. Bu gün İranın Azərbaycan xalqına münasibətində faşizm əlamətlərinin olduğu bütün dünyaya bəllidir”.
DAK həmsədri həmçinin Türkiyədə baş verən zəlzələnin bütün türk dünyasını sarsıtdığını qeyd edib: “Zəlzələnin ağır nəticələri hamımızı üzdü. Bütün varlığımızla Türkiyənin yanındayıq. Molla rejiminin bütün basqılarına baxmayaraq Güney Azərbaycan türkləri də Türkiyəli qardaşlarına mənəvi dəstək verir”