O, müxtəlif adamları intim görüntülərlə şantaj edib, pul almaqda təqsirli bilinir
“Qazaxlı Alik”in oğlu, Milli Fədailər Hərəkatının sədri Fuad Muradov müxtəlif adamları intim görüntülərlə şantaj edib, pul almaqda təqsirli bilinərək, 6 il 6 ay azadlıqdan məhrum edilib.
Fevralın 19-da Gəncə Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.
Bu hökmlə Fuad Muradovla birlikdə eyni əməldə təqsirləndirilən Ramil Paşşanov isə 5 il 6 ay azadlıqdan məhrum edilib. Onlar Cinayət Məcəlləsinin 182.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu ilə tələbetmə), 182.2.2 (təkrar törədildikdə), 182.2.4 (xeyli əmlak əldə etmək məqsədilə törədildikdə) maddələrilə təqsirli bilinib.
Bu cinayət işindəki üçüncü təqsirləndirilən şəxs Gülnar Hacıyeva da təqsirli bilinib və ona da cəza verilib. Lakin cəzanın icrası müvəqqəti dayandırılaraq, məhkəmə zalından azadlığa buraxılıb.
Gülnar Hacıyevaya münasibətdə Cinayət Məcəlləsinin 79-cu (hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər tərəfindən cəzanın çəkilməsinin təxirə salınması) maddəsi tətbiq olunub.
Bu işdə 7 nəfər zərərçəkmiş qismində tanınıb. Cinayət işində iddia olunur ki, Fuad Muradov təqsirləndirilən Gülnar Hacıyeva vasitəsilə müxtəlif kişiləri intim görüntüləri ilə şantaj edərək, onlardan pul alıb. Hədə-qorxuya məruz qalanlardan bir neçəsi 2023-cü ilin payızında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət edib və 2023-cü il oktyabrın 3-də Fuad Muradovgil saxlanılıb.
Fuad Muradov məhkəmədə özünü təqsirli bilməyib.
Fuad Muradov sosial şəbəkələrdə müxalif siyasi fəallara, müstəqil jurnalistlər və tənqidçilərə qarşı təhdidlər, təhqirlərlə vaxtaşırı müzakirə mövzusuna çevrilirdi.