Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Qırğızıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliyevlə görüşüb.
Boyukmillet.com xəbər verir ki, qonağı salamlayan Komitə sədri ölkəmizin diaspor siyasəti, eləcə də dünya azərbaycanlılarının təşkilatlanması və Mərkəzi Asiya ölkələrində yaşayan azərbaycanlıların yaşadıqları cəmiyyətə inteqrasiyası prosesi barədə məlumat verib.
Azərbaycanla Qırğızıstan arasında münasibətlərin iki ölkənin ortaq tarixinə, mədəniyyətinə, müştərək mənəvi dəyərlərinə əsaslanan dostluq və qardaşlıq bağları sayəsində inkişaf etdiyini, xarici ölkələrdə keçirilən Azərbaycan diasporunun tədbirlərində qırğız icmasının nümayəndələrinin də iştirak etdiyini bildirib.
Səmimi qəbula görə təşəkkürünü bildirən səfir türk dövlətləri arasında mədəni əlaqələrin genişləndirilməsinin vacibliyindən söz açıb, Qırğızıstanın hər zaman Azərbaycanın haqlı mövvqeyini dəstəklədiyini söyləyib. Qonaq iki dövlət arasında əməkdaşlığın müxtəlif sahələrdə uğurla davam etdiyini və bundan sonra daha da güclənəcəyinə ümidvar olduğunu bildirib.