Bazar ertəsi , 25 Noyabr 2024
Drone Cameras

Fuad Muradovun yeqanə missiyası Azərbaycan diasporunu məhv etməkdir

Şervin Necefpur: “O, dövlətə və xalqa qəti xidmət etmir”

Dünya Azərbaycanlılarının Həmrəylik Gününə sayılı günlər qalır. Bir qayda olaraq bu ərəfədə dünyanın müxtəlif ölkələrində Həmrəylik Günü ilə əlaqədar tədbirlər keçirilir, soydaşlarımız bir araya gələrək bu günü təntənəli şəkildə qeyd edirlər. Biz də bayram ərəfəsində ayrı-ayrı ölkələrdə yaşayan, aktiv diaspor fəaliyyəti ilə məşğul olan şəxslərlə söhbətləşib bu günün mahiyyətinə nəzər salır, soydaşlarımızın xaricdə nə dərəcədə birlik və həmrəylik nümayiş etdirdiklərindən danışır, Azərbaycan diasporunun bu sahədəki fəaliyyətinə diqqət çəkirik. Bu sırada növbəti müsahibimiz Azərbaycan əsilli modelyer, CAN təşkilatının sədri, diaspor fəalı Şervin Nəcəfpurdur.

– Şervin xanım, bildiyimiz kimi Siz uzun illər xüsusi bir diaspor nümayəndəsi olaraq bu sahədə aktivlik nümayiş etdirmisiniz. Bu gün də bu uğurlu fəaliyyətinizi davam etdirirsiniz. Bildiyimiz kimi qarşıdan Dünya Azərbaycanlılarının Həmrəylik Günü gəlir. Bu ərəfədə dünyanın dörd bir yanında yaşayan azərbaycanlılarının həmrəyliyini necə dəyərləndirərdiniz? Sözün həqiqi mənasında həmrəylik nümayiş etdirə bilirikmi?

-Birliyimizin simgəsi olaraq qəlbi bütöv Azərbaycan ilə döyünən şəxslər üçün, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsi, ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərindən biridir. Bizim üçün azərbaycançılıq bir milli ideyadır və bunu yaşatmaq zəruridir!
Yaxın tarixdən də bəlli olduğu kimi 1989-cu ildə Araz çayında sərhəd çəpərlərini sökməklə birliyə doğru ilk böyük addımımızı atdıq. İkinci Qarabağ muharibəsində hərkəs şahid oldu ki, Cənab Prezident İlham Əliyev 50 milyon dünya azərbaycanlılarını bir daha dəmir yumruq kimi birləşdirdi, bütün məsafələr aradan qalxdı, həmrəyliyimizi çox yüksək səviyyədə nümayiş etdirdik, haqq səsimizi dünyaya çatdırdıq. İstər doğma vətənimizdə, istərsə də qürbətdə hər bir azərbaycanlının qəlbi Vətən eşqiylə döyündü və döyünməyə davam edir.

Ancaq onu da etiraf etməliyəm ki, bu gün diasporumuzun daxilində çoxlu maneələr var ki, onları aradan qaldırmalıyıq. Məhz buna görə də hazırda həmrəyliyimiz tam olaraq arzu edilən səviyyədə deyildir.

-Diaspor fəaliyyətinə məsul olan qurumun yaranmasından keçən 20 ildən artıq müddətdə hər zaman lobbiçiliyə keçməyin zəruriliyi qeyd edilib. Lakin ötən müddətdə bu istiqamətdə ciddi bir nəticə nəzərə çarpmayıb. Sizcə bu nəylə bağlıdır?

-Bir çox fəal diaspora nümyanəndələri kimi, mən də Azərbaycan diasporunun acınacaqlı inkişafını kədərli şəkildə izləyirəm. Fuad Muradov Azərbaycan Respublikasının Diasporla İş Üzrə Dövlət Komitəsinin (DİDK) yeni sədri təyin olunanda hamı ondan ümidli idi. Onun gənc olması, Gənclər və İdman Nazirliyi, QHT sektoru və deptat kimi fəaliyyəti, təcrübələr belə bir ümid yaratmışdı.

Təəssüflər olsun 2018-ci ildən indiyədək Fuad Muradov və komandası elə bilirdi ki, bizlər onların uğursuz fəaliyyətlərini görmürük. Lakin onlar əsla başa düşmədilər ki, biz hər daim hər şeyi görür və müşahidə edirik, ancaq susmağı seçdik. Susmaqla əslində onlar qədər zərər verdiyimi başa düşdükdən sonra yavaş- yavaş konstruktiv fikirlərimi bildirmək qərarına gəldim. Əvvəllər ədalətsizliklərinə çətin olsa da, göz yumurdum, amma hazırda açıq şəkildə öz ifadələrimi dilə gətirirəm. Çünki mən təcili dəyişikliklər tələb edirəm. Əgər susmağa davam etsək, diaspor hərəkatı o qədər ziyanla üzləşəcək ki, ən azı yaxın 30-50 il ərzində ziyanı aradan qaldırmaq mümkün olmayacaq.
Fikirlərimi bildirməyə başlayandan sonra, qısa müddət içərisində komitədə sevilməyən şəxsə çevrildim. Mən əvvəlcə elə bilirdim ki, sədr öz komandasının bizlərə qarşı ədalətsizliyindən xəbərsizdir. Lakin sonra üzə çıxdı ki, özü bu tapşırıqları verir. Beləliklə, hədsiz şəkildə şəxsimə qarşı ciddi təzyiqlər baş verdi.

Diasporun əsas hədəfi lobbiçilikdir, özümüz deyib, özümüz eşitmək deyil. Lobbiçilik bizim prioritetimiz olmalıdır. Əğər bugün uğurlu bir lobbiçilik fəaliyyətimiz yoxdursa, bunun əsas günahkarı elə Diasporala İş Üzrə Dövlət Komitəsinin bu sahədə böyük uğurlara nail olan şəxslərə qarşı ədalətsizliyidir.

-Diasporla İş üzrə Dövlət Komitəsindən söz düşmüşkən, bu qurumun fəaliyyəti bir diaspor fəalı olaraq Sizi qane edirmi və Sizə olan münasibəti hansı səviyyədədir?

-Mən deyərdim ki, Fuad Muradov acgöz dövlət məmurunun bariz nümunəsidir. O, dövlətə və xalqa qəti xidmət etmir. Onun yeqanə missiyası Azərbaycan Diasporunu məhv etməkdir!. Azərbaycan diasporuna verilən ziyana görə DİDK məsuliyyət daşıyır. Onlar bizim xaricdəki böyük səylərimizə çox ciddi zərər vurublar. Diaspor üzvləri arasında intriqalar yaratmaqla bizim reputasiyamıza xələl gətirdilər.

Kiçik misal çəkmək istəyirəm: Fuad Muradovun uğursuz tapşırığı Cahid İsmayiloğlunun əli ilə baş verdi. Bizim 3 il mübarizə apardığımız radikal isveçli jurnalistə açıq şəkildə maliyyə təklifi etdilər. Biz şok keçirtdik ki, bizim illərlə xaricdə çəkdiyimiz zəhmətimizə necə göz görə- görə belə zərər verə bilərdilər.
İkinci misal: DİDK tərəfindən yaradılan Koordinasiya Şuraları, ancaq Komitə tərəfindən təyin olunan üzvlərdən və əlaqələndiricilərdən ibarət olaraq şəxsi mənafelərə xidmət edirlər. Fundamental ciddi işlər görənlərin əziyyəti qiymətləndirilmir, layiqincə media ışıqlandırılması almır və daim çətinliklər, maneələrlə üzləşirlər. Məhz buna görədir ki, 2018-ci ildə mən Koordinasiya Şurasının Norveç üzrə əlaqələndiricisi kimi Fuad Muradov tərəfindən təyin olunanda, qısa müddət sonra istefamı verdim.
Komitənin bir çox fəal diaspora nümayəndələrinə qarşı düşmən münasibətləri var, çünkü iş görürlər, bir iş görməyi iş bacarırlar.

Belə nəticəyə gəlmək olar ki, Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən əksər diaspor fəalları kimi siz də biganə, laqeyd münasibətlə üzləşirsiniz. Ümumiyyətlə, Komitə nə üçün diaspor fəalları arasında ayrıseçkilik edir?

-Diasporumuzun ən utancverici mövzusu ayrıseçkilikdir. Problemin kökü ondadır ki, son illər diaspor sahəsində fəaliyyət çay süfrəsi, görüntü və yaltaqlıq üzərində qurulub.

Mən adətən danışarkən faktları təqdim etməyi xoşlayıram. Sədri olduğum CAN təşkilatını misal kimi çəkim. Missiyamız ölkələr arasında dialoq, şəffaflıq və dostluq münasibətləri qurmaqdır. Bununla yanaşı ən böyük istiqamətimiz lobbiçilikdir. Təşkilatımız bu sahədə də yarandığı 5 il ərzində çox böyük uğurlara nail olub. Biz xüsusilə İkinci Qarabağ müharibəsində Azərbaycanın haqq səsini fərqli, innovativ layihələrlə Norveçdə çatdırmağa çalışmışıq.

Mən bu gün fəxrlə deyə bilərəm ki, Norveçdəki səylərim Azərbaycan və Norveç arasında güclü dostluq və mədəni körpü quruculuğuna gətirib çıxardı. Təsəvvür edin, il ərzində Norveç mətbuatında 4 dənə erməni yalanlarını ifşa etdiyim məqalələrim dərc olundu. https://azertag.az/xeber/norvechin_aftenposten_nesri_azerbaycana_qarsi_esassiz_ittihamlar_ireli_surulur-2723257
Nə qədər təhdidlərə məruz qaldığımın hesabını itirmişəm. Bizə qarşı düşmənçilik bəsləyənlərlə mübarizə aparmaqla yanaşı, cəmiyyətimiz DİDK-in ədalətsizliklər ilə də mübarizə aparmaq məcburiyyətindədir.
Bu reallıqlar haqqında danışmağa utanıram. İnanın ki, bugün ədalətsizliyə qarşı səsini çıxaranlar heç nə olmadan dilə gəlməyiblər. Ədalətsizliyə qarşı etirazını bildirən hər kəs qara siyahıya əlavə olunur və hər yerdə onlara qarşı ciddi təzyiqlər edilir. Onların etibarını şərh və böhtanlarla etibarsızlaşdırmağa çalışırlar.

Dünyadakı erməni diasporunun bu səbəbdən üstümüzə ayaq açdığını deyə bilərikmi?

-Cənab Prezidentimizin və birinci vitse-prezidentimizin böyük dəstəyi və bizlərə ayırdıqları vəsait ilə inanın ki, hazırda ən güclü diasporaya çevirilə bilərdik. Lakin Fuad Muradovun uğursuz strategiyaları bunu mümkünsüz edir. Obir gün deyəcək ki, «Olanımız budur da».

Ancaq inanın ki, xaricdə doğulan uşaqlar gələcəyin potensial diaspor rəhbərləri və nümayəndələridir. Diaspor gəncləri bizim ən böyük insan kapitalımızdır. Gənclərimiz miqrasiya, sosial inteqrasiya, ölkələr arasında güclü münasibətlər və mədəniyyət körpülərinin artması üçün mühüm rol oynayırlar. Bu nəsil, müxtəlif sosial media platformaları vasitəsilə artan informasiya müharibəsində aktiv iştirak edirlər və bir çox nəticəsiz layihədən daha çox uğurlara nail olurlar. Çünki bizlər doğulduğumuz ölkənin mentalitetinə və sisteminə uyğun addımlar atırıq və beləcə də haqq səsimizi tam ünvana çatdırırıq. Təsəvvür edin, biz bundan tam yararlana bilsək, artıq dünya bizim həqiqətlərimizi eşidəcək, bizə qarşı qara yaxanları qınayacaq. Ona görə lobbiçilik mütləq bizim prioritetimiz olmalıdır.

– Dünya Azərbaycanlılarının sonuncu Şuşa qurultayında qəbul edilən qərarların icrası nə yerdədir? Komitə həmin qərarlar, eləcə də qurultayda dövlət başçısının verdiyi tapşırıq və tövsiyələri icra edə, yerinə yetirə bilirmi?

-Cənab Prezidentimizin Şuşa qurultayında verdiyi tapşırıqları Xarici İşlər Nazirliyimiz və səfirliklərimiz icra edə bilir. Bu gün biz diplomatik korpusumuzun böyük səylərinin fəxrlə şahidi oluruq.

Diplomatik nümayəndəliklərimiz bütün sahələrdə yüksək diqqət cəlb edən uğurlar qazanır. Mən xəbərləri oxyanda, fəxr edirəm ki, səfirlərimizin adlarını görürəm, onlar həm səfir olduqları ölkənin yerli mətbuatında, həm də beynəlxalq mediada fəaldırlar, müntəzəm olaraq müsahibələr verirlər. Diasporla İş Üzrə Dövlət Komitəsinin yerinə yetirə bilmədiyi işləri tək-tək onlar görürlər. Onlar diaspor icmaları ilə etimad yarada biliblər, bizi görürlər, dinləyirlər, hətta gördüyümüz işlərə görə minnətdarlıqlarını ifadə edirlər.

S.İsmayılbəyli

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …