Vətən müharibəsində şəhid olmuş Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun Nizami filialının bələdçisi Hikmət Məmmədovun yaşadığı evin önündə barelyefinin açılışı olub.
Boyukmillet.com xəbər verir ki, Gəncə Regional Mədəniyyət İdarəsinin və Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun birgə təşkilatçılığı ilə keçirilən mərasimə şəhidin ailə üzvləri, doğmaları və iş yoldaşları da qatılıb.
Barelyef heykəltəraş Qasım Qasımov tərəfindən hazırlanıb.
1993-cü ildə Daşkəsən rayonunun Xoşbulaq kəndində doğulan Hikmət Məmmədov orta təhsilini Gəncədə yerləşən Kəlbəcər rayon 98 nömrəli tam orta məktəbində alıb. 2015-ci ildə Gəncə Dövlət Universitetinin Mühasibat uçotu fakültəsini bitirib. Sonra həqiqi hərbi xidmətdə olub.
Əmək fəaliyyətinə Nizami məqbərə kompleksində başlamışdı. Vətən müharibəsi başlayanda o da torpaqlarımızın azad olunması uğrunda ölüm-dirim savaşına qatılır. Oktyabrın 2-də Murovdağ istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Gəncədəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.

