Xəbər yayılıb ki, sən demə, Vardanyanın qoluna girib şəkil çəkdirən cavan oğlan Dövlət Sərhəd Xidmətinin rəhbəri, general Elçin Quliyevin oğludur. Bu “piarı” kim Elçin Quliyevə soxuşdurubsa, onu istəməyən adamdır. Hətta bəlkə də generalın bu ucuz şouya görə başı da ağrıyacaq.
Deyə bilərlər ki, bəyəm , generalın oğlu Vardanyanı həbs edə bilməz? Bilər, ancaq birinci fotoda, Vardanyanın həbs edilmə anında biz nədənsə, Vardanyanın qoluna girən cavan oğlanı heç görmürük. Deməli, generalın oğlu yalnız poz verib, şəkil çəkdirmək lazım olanda ortaya çıxıb. DSX-nın öz loqosu ilə yaydığı fotoda generalın oğlu Məmməd Quliyevin və polkovnik Azər Şirinovun Vardanyanın qoluna girdiyi əks olunur.
Vallah, belə bir həssas məqamda, 200-ə yaxın şəhidin kim olduğu yenicə dəqiqləşdiyi bir gündə, bu cür böyük bir uğuru hansısa generalın oğlunun adına yazmaq cəhdinin bir adı var-BİABIRÇILIQ!
Bəlkə də, Elçin Quliyevin heç bu şəkilin çəkilməsindən xəbəri olmayıb. Tabeçiliyində olan hansısa yüksək çinli zabit ona “girmək” üçün belə “piar” strategiyası fikirləşib.
Ancaq qulaqlarını açıb eşitsinlər ki, bütün bu reallıqlar və onun tərkib komponenti olan Vardanyanın həbsi : Azərbaycan Dövləti, ona rəhbərlik edən Prezident, Şanlı Ordumuz, Şəhidlərimiz və Qazilərimiz hesabına mümkün olub. Heç olmasa, bu məsələdə kasıb-kusubun haqqına girməyin!
Məhəmmədəli Qəribli