Gömrük Komitəsi İctimai Şuranın yanındadır, ya qarşısında? Bir ildir fəaliyyətsiz olan şura niyə işə düşmür?
2020-ci ilin sonunda Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevin mərkəzi icra hakimiyyəti orqanlarında ictimai nəzarətin həyata keçirilməsi, bu sahədə mövcud olan problemlərin aradan qaldırılması, mövcud hüquqi bazanın təkmilləşdirilməsi məsələləri ilə bağlı həmin qurumların rəhbər şəxsləri ilə görüşündən sonra ictimai şuraların yaradılmasına yenidən start verildi.
2021-ci ilə 16 mərkəzi icra hakimiyyəti yanında ictimai şuralar yaradıldı və ya ictimai şuralar yeni tərkibdə formalaşdırıldı. Yaradılan ictimai şuraların əksəriyyəti hansısa formalarda fəaliyyətə başlamışdır.
Lakin fəaliyyətə start vermə məsələsində əngəlləri olanlar da var. Hətta elə ictimai şuralar var ki, şura üzvləri ümumiyyətlə, bir araya toplaşa bilmirlər.
Dövlət Gömrük Komitəsi (DGK) yanında ictimai şuraya seçkilər 2021-ci ilin sentyabrında yekunlaşsa da, hələ də şura fəaliyyətə başlamayıb. Başqa sözlə, digər şuraların çoxu onlara verilən iki ilin birinci ilində xeyli iş ortaya qoysa da, adı gedən şura ötən müddəti çəkişmələrlə başa vurub.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsi yanında ictimai şura seçkilərində 277 seçici, 23 namizəd qeydiyyatdan keçmişdi.
2021-ci ilin sentyabrın 21-də Dövlət Gömrük Komitəsi yanında İctimai Şuraya seçkilər keçirilib. Seçkinin 2-ci mərhələsi isə sentyabrın 22-də baş tutub. Seçkinin nəticəsi olaraq 13 vətəndaş cəmiyyəti institutun nümayəndəsi ictimai şura üzvü seçilib.
İctimai Şuranın ilk və hələki yeganə iclası 2021-ci ilin oktyabrın 22-də keçirilib.
Həmin iclasda Dövlət Gömrük Komitəsi katibliyinin rəisi Anar Süleymanov da iştirak edib. O, öz tövsiyələrini verərək iclas zalını tərk edib.
Şura sədrliyinə 2 namizəd olub: “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri Elməddin Muradov və “İmza” Sosial İnkişafa Dəstək İctimai Birliyinin sədri Nazim Bayandurov. Səsvermə nəticəsində “İmza” Sosial İnkişafa Dəstək İctimai Birliyinin sədri Nazim Bayandurov səs çoxluğu ilə İctimai Şuranın sədri seçilib. Əlavə olaraq 3 nəfər müavin, 1 nəfər də katib seçkisi keçirilib və bu zaman tərəflər arasında münaqişə yaranıb. İctimai Şuranın bir qurum üzvü ( məlumata görə 5 üzvü) iclas zalını tərk edib.
Əldə olunan məlumata görə, 13 nəfərdən ibarət şura iki komandaya bölünüb. Fikirlərin toqquşması bu qruplar arasında hələ də davam edir.
Onu da qeyd etmək lazımdır ki, DGK yanında ictimai şuraya seçkilərin şəffaf keçirildiyi barədə rəylər var. Bəs komitə yanında işləməli olan şura üzvlərinin problemi nədir?
Adətən ictimai şuranın tam əməli işə keçməsi üçün hansısa maddi, texniki resurslarla bağlı maneələr dilə gətirilir.
DGK yanında yaradılan şurada isə məsələ ilk gündən üzvlər arasında baş verən ikitirəlik, fikir ayrılığı və sədr, müavin seçimindəki qərarlarla bağlıdır.
Elməddin Muradlı: Komitə rəhbərliyi problemin çözülməsini onların bir araya gəlməsi tövsiyə edib.
Dövlət Gömrük Komitəsi yanında ictimai şuranın üzvü, “Jurnalistika və İnkişaf Mərkəzi” İB-nin rəhbəri Elməddin Muradlı baş verənlərə belə aydınlıq gətirib:
“Seçkilərimiz şəffaf keçirildi. Seçki komissiyası obyektivlik barədə də rəyini deyə bilər. Təəssüf ki, seçki sonrası şura üzvləri arasında fikir ayrılığı, hətta intriqalara səbəb olan proseslər başladı. Bəzi QHT-lər bir-birinin arxasınca danışmağı, kiminsə fikrinə qarşı olmağı adət ediblər. Bu məqam şura daxilində də baş verdi.
Özünü SOCAR-ın hüquqşünası kimi təqdim edən Vüsal Əliyev (red- “Sabaha inam” sosial inkişaf İB-nin sədri), dövlətin ali şəxsləri yanında etimad qazandığını deyən Elçin Axundzadə( red- “Zirvə” islahatlara dəstək Mərkəzi İB) və digərləri oyun qurmağa, qruplaşma yaratmağa başladılar. E.Axundzadə dedi ki, mən şura sədri olmaq istəyirəm, guya komitə onun rəhbər olmasını dəstəkləyirmiş. Məlum oldu ki, ona bu barədə komitə tərəfindən hər hansı təlimat, dəstək verilməyibmiş, yalanın üstü açıldı.
Elçin Axundzadə deyir ki, mən əgər müavin olmasam şuranın fəaliyyətini qeyri-qanuni hesab edəcəm, mən də qarşılığında deyirəm ki, necə yəni, özün olanda qanuni olur, başqası olanda qeyri-qanuni.
Gecə ilə gedib Nazim Bayandurlu ilə görüşüb və təklif edib ki, onun xeyrinə namizədliyini geri götürməyə razıdır. Hətta şərt qoyaraq deyib ki, Elməddinə qarşı kampaniya aparaq, birləşib onu məğlub edək, qarşılığında məni sədr müavini seç.
Şuraya bir sədr, 3 müavin və bir katib seçiblər. 13 nəfərin hamısı da o seçkidə iştirak etməyib və bir hissəsi toplantını tərk edib. Düşünürəm ki, ictimai şuranın sıfır səviyyədə olmasına Vüsal Əliyev və Elçin Axundzadənin oyunbazlığı səbəb olub. İki nəfərinin dağıdıcı davranışı olmasaydı, biz çox işlər görmüş olardıq”, deyə, Elməddin Muradlı bildirib.
Şura üzvü onu da əlavə edib ki, komitə rəhbərliyi məsələylə bağlı şura üzvləri ilə bir neçə görüşərək, problemin çözülməsini onların bir araya gəlməsi tövsiyə edib.
Vüsal Əliyev: Problemi başladan elə birbaşa Dövlət Gömrük Komitəsidir.
Dövlət Gömrük Komitəsi yanında ictimai şuranın sədr müavini (red: əks tərəf bu təqdimatı qəbul etmir), “Sabaha inam” sosial inkişaf İB-nin sədri Vüsal Əliyev isə qeyd olunan ittihamlara belə cavab verib:
“Əvvəlcə onu qeyd etmək istəyirəm ki, “İctimai İştirakçılıq haqqında Qanun “ AR Konstitusiyasının 94 -cü maddəsinin 1-ci hissəsinin 1- ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşlarının dövlət idarəetməsinin həyata keçirilməsinə cəlb edilməsi ilə əlaqədar yaranan münasibəti tənzimləyir. Bu Qanuna müvafiq olaraq da DGK yanında yaradılan ictimai şuraya keçirilən seçkilərdə 13 nəfərdən ibarət QHT sədri seçildi. Media ilə baş verənlər ictimaiyyətə çatdırıldi.
Ardınca müvafiq qanunun 9-cu maddəsinin tələbinə əsasən şura sədri, müavinləri və katibi seçildi. Bu seçim də protokollaşdırılaraq komitəyə təqdim edilib. Təəssüf ki, DGK qanunu kobud şəkildə pozaraq, şuranın daxili seçkilərinə birbaşa və dolayısı yolla müdaxilə edərək özünün seçdiyi şəxslərin müavin və sədr təyin olmasını bildirib. Həmçinin müvafiq qanunun 10-cu maddəsinin 10.2.5 bəndinə əsasən şuranın iclasında üç dəfədən çox iştirak etməyən üzvlərini səsvermə yolu ilə şuradan kənarlaşdırdığımıza görə də, bundan sonra fəaliyyətimizi qəbul etməyəcəklərini bildiriblər. Bizə deyilib ki, “gedin 13 nəfər şura üzvü birləşin, sonra gəlin”. Bu davranışla da DGK müvafiq qanunun 20-ci maddəsi üzrə məsuliyyət daşıyır”, V. Əliyev vurğulayıb.
“Komitəyə yanındakı şuranın fəaliyyətsiz olması daha sərfəlidir” fikri səslənir, digər tərəfdən bəs bu formada şuranın fəaliyyəti nə vaxt işə düşəcək, bir iliniz qalıb? Sualı cavablandırarkən, Vüsal Əliyev deyib ki, problemi başladan elə birbaşa komitədir.
“Çünki problem komitənin şuraya kimin sədr və müavin seçilməsi məsələsini ortaya qoymasından sonra başladı. Mövcud ictimai şuralarla bağlı qanunvericiliyə zidd davranışa görə, DGK “İnzibati Xətalar Məcəlləsi” üzrə məsuliyyət daşıyır. Şura komitə yanında olsa da, daxili səsvermə və səlahiyyətlərinə komitə müdaxilə edə bilməz. Şuradan kiminsə xaric edilməsi məsələsi də şuranın öz nizamnaməsi və reqlamentinə uyğun edilə bilər. Komitə indiyədək bizi hər hansı texniki resurslarla, otaqla belə təmin etməyib. İclaslarımızı öz ofisimizdə keçirmişik. Dövlət qurumunun etinasız və laqeyd münasibəti ilə qarşılaşmışıq.
Şuramızın taleyinə gəlincə, sədr müavini kimi təklifim budur ki, müvafiq qanunda dəyişiklik və əlavələrlə bağlı müzakirələr davam edir. Yaxşı olardı ki, 20-ci maddədə qanun pozanlar inzibati məsuliyyət deyil, cinayət məsuliyyəti daşısın. Ona görə ki, hazırda nəzərdə tutulan məsuliyyət cəza deyil və sərt olmadıqca həm dövlət qurumu, həm də şura üzvləri daha diqqətli və məsuliyyətli olmayacaqlar. Düşünürəm ki, bizim şuranın itirdiyi fəaliyyətsiz bir ilində DGK böyük məsuliyyət daşıyır.
Onun şuranın daxilindəki seçkiyə müdaxiləsi və şuranın fəaliyyətini bloklanması, ictimai fəaliyyətə gülünc yanaşması məsələsi var. Mən dövlət qurumunun bu davranışını qınayıram”, şuranın sədr müavini əlavə edib.
Natiq Axundov: Deyilənlər isə tamamilə əsassız ittihamlardır
Baş verənlərə Dövlət Gömrük Komitəsinin də reaksiyasının vacibliyini nəzərə alaraq, quruma sual ünvanladıq. Komitənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Natiq Axundov Komitə adına deyilənləri ittiham kimi qiymətləndirib. Komitə rəsmisinin fikirlərini olduğu kimi diqqətə çatdırırıq:
“İctimai Şuraya ötən ilin sentyabrında seçkilər keçirilmiş, tam şəffaf şəraitdə keçirilən seçkilərdə 13 nəfərdən ibarət tərkib formalaşmışdır. Lakin sonradan ictimai şuranın rəhbərliyinin seçilməsi üçün keçirilən səsvermədə üzvlər arasında narazılıqlar yaranmışdır. DGK rəsmiləri mövcud vəziyyətlə əlaqədar üzvlərlə görüşmüş onları kompromisə dəvət etmişdir. Şuranın fəaliyyətə başlamasında Komitənin maraqlı olmadığı ilə bağlı deyilənlər isə tamamilə əsassız ittihamlardır.”
Cəsarət Hüseynzadə: Dövlət Gömrük Komitəsində baş verənlər ictimai iştirakçılıq adına rəzalətdir.
Məsələ ilə bağlı müstəqil ictimai iştirakçılıq sahəsi üzrə ekspert, “İnformasiya Təşəbbüslərində Dəstək” ictimai birliyinin sədri Cəsarət Hüseynzadə bildirib ki, Dövlət Gömrük Komitəsində baş verənlər ictimai iştirakçılıq adına rəzalətdir. Hesab edirəm ki, baş vermiş hadisəyə görə hər 3 tərəf – Dövlət Gömrük Komitəsi və ikiyə bölünmüş ictimai şura üzvləri ictimaiyyət qarşısında məsuliyyətlərini anlayıb problemi həll etməlidirlər.
Ekspert qeyd edib ki, Azərbaycan reallığında əksər ictimai şuraların rəhbərliyinin seçilməsində müvafiq qurumların təsiri danılmazdır. Bu baxımdan böyük ehtimal ki, Dövlət Gömrük Komitəsi çox vacib və kifayət qədər narazılıqların olduğu sahədə ictimai nəzarəti həyata keçirəcək bir ictimai şura rəhbərliyinə özlərinin münasib bildirdiyi şəxsləri seçdirmək istəyib. Öncədən müəyyən ssenarilər olub. Bu ssenarilər pozulduğu və Komitənin də maraqları təmin olunmadığı üçün məsələ müşkülə düşüb.
“Qanunvericilikdə bu məsələ ilə bağlı müəyyən boşluq olsa da hesab edirəm ki, Komitə problemin həllində maraqlı olsaydı məsələni həll edə bilərdi.
Qərarların qəbulunda sadə səs çoxluğu və iclaslarda iştirak mexanizmi ilə məsələni həll etmək olardı. Lakin əldə etdiyimiz məlumata görə, Dövlət Gömrük Komitəsi ümumilikdə iclasların keçirilməsi üçün də şərait yaratmır və ictimai şura üzvlərinin Komitədə hər hansı tədbir və ya görüş keçirilməsinə icazə vermir.
Bir sözlə İctimai Şuranın fəaliyyətsizliyi komitəyə də müəyyən mənada sərf edir. Xatırlayaq ki, Dövlət Gömrük Komitəsi də ictimai şuranın yaradılmasında maraqlı qurum olmayıb. Dövlət Gömrük Komitəsi illər öncə əsasən öz işçilərindən, idarə rəislərinin müavinlərindən ibarət anormal bir neçə ictimai şura yaradan bir qurum olmuşdur.
2020-ci ilin sonunda yuxarı instansiyaların birbaşa tapşırıq və tövsiyələri ilə normal seçki qaydasında bir neçə qurum ictimai şura yaratmağa məcbur oldu və bu qurumlardan biri də məhz Dövlət Gömrük Komitəsidir. 2021-ci ildə ictimai şuralara keçirilən seçkilər ictimai nəzarət altında keçirdiyində insafən Dövlət Gömrük Komitəsi də demokratik formada seçki keçirdi. Seçki Komissiyasının QHT nümayəndələrindn olan üzvlərinin də bu prosesin şəffaf keçməsində mühüm töhfəsi oldu.
Amma onu da qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ümumilikdə ictimai şura ilə bağlı bəzi digər məsələlərdə də yanlışlılara yol verib.
Belə ki, 04 mart 2021-ci ildə Komitə sədrinin 1000/031nömrəli sərəncamı ilə Dövlət Gömrük Komitəsi yanında ictimai şuranın əsasnaməsi təsdiq edilib. Bu əsasnaməni İctimai Şura formalaşdırılmadan Komitənin hazırlaması da başa düşülən deyil. Bundan başqa əsasnamənin 5.7-ci maddəsində qeyd olunur ki, “Gömrük orqanının vəzifəli şəxsləri Şuraya üzv ola bilməzlər”. Bu bənd onu göstərir ki, Gömrük Komitəsinin adi əməkdaşları ictimai şuraya üzv ola bilərlər
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin 1.3 bəndinə görə isə “Mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının işçiləri həmin orqanlarda yaradılan ictimai şuraya üzv ola bilməzlər” . Göründüyü kimi Komitənin hazırladığı əsasnamə ilə Nazirlər Kabinetinin qəbul etdiyi əsasnamə arasında ziddiyyət var.
Başqa bir məqam, həmin Gömrük Komitəsinin qəbul etdiyi əsasnamənin 5.9 bəndi ilə namizədlərin qeydiyyatı 30 iş günü müəyyənləşir.
“İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin 2.9. bəndi ilə Namizədlərin irəli sürülməsi və qeydiyyatı üçün nəzərdə tutulan müddət iyirmi iş günündən az, otuz iş günündən artıq ola bilməz” olaraq qeyd olunur. Bu müddətin müəyyən olunması isə Seçki Komissiyasının qərarı ilə reallaşmalıdır. Göründüyü kimi Dövlət Gömrük Komitəsi bilərəkdən və yaxud bilməyərəkdən davamlı olaraq ictimai iştiraklılıq haqqında qanunvericiliyin pozulmasın həyata keçirir və yaxud prosesi düzgün tənzimləyə bilmir.
Bu baxımdan hesab edirəm və eyni zamanda cəmiyyətdə də bu fikir formalaşıb ki, ictimai şuraların fəaliyyətinin institusional formatının və ya proseslərə məsləhət vermə formatında nəzarətinin həyata keçirilməsinə ehtiyac yaranıb. Əks halda hər qurum qanunu özünə sərf etdiyi formada və yaxud başa düşdüyü formada icra edir. Bu isə ciddi fəsadlar yaradır.
Eyni zamanda Dövlət Gömrük Komitəsi yanında İctimai Şura ilə bağlı yaranmış keys həm də onu göstərir ki, biz ictimai iştirakçılıq ilə bağlı qanuna əlavə və dəyişiklər qəbul edərkən elə mexanizmlər qurmalıyıq ki, həm ictimai şuraların müstəqilliyi təmin olunsun və həmçinin hər hansı kiçik məqamda hüququn müddəalar öz sözünü deyə bilsin.
Bundan başqa zamanda son dövrlər qeyri rəsmi məlumatlarda Dövlət Gömrük Komitəsinin Abşeron və İpək Yolu terminallarında DTX-nın əməliyyat keçirilməsi haqqında da məlumatlar yayılmşdır. Bu baxımdan qeyd etmək olar ki, Dövlət Gömrük Komitəsi ictimai nəzarəti yaxın buraxmayan qurumlardandır və bu fəaliyyət haqqında ictimai nəzarət mexanizmləri olmadığı üçün bu qurumun fəaliyyəti haqında ciddi suallar yaranmaqdadır.”
Raminə Eyvazqızı