Cümə , 22 Noyabr 2024
Drone Cameras

GÖYGÖLÜN KƏNDLƏRİNDƏ İZDİHAMLI GÖRÜŞLƏR

KƏND SAKİNLƏRİ: “Digər kəndlərdəki görüşlərinizin sorağını almışıq, namizədlər içində sizi xalqa ən yaxın adam hesab edirik”

101 saylı Göygöl-Daşkəsən seçki dairəsində deputatlığa namizəd Möhsüm Aslanovun seçiciləri ilə görüşü böyük əhval ruhiyyə ilə keçir. Kəndbəkənd, evbəev keçirilən görüşlərdə maraqlı anlar yaşanır. Göygöl rayonunun Quşqara kəndində keçirilən ilk görüşün iştirakçıları əsasən yenə də xanımlar oldu. Öz körpələri ilə görüşə qatılan kənd sakinləri Möhsüm Aslanova izhar etdikləri ilk fikir bu oldu ki, bu seçkilərə böyük ümid bəsləyirlər və fəal şəkildə səsverməyə qatılacaqlar. Deputatlığa namizədi öz balaları kimi bağırlarına basan ağbirçəklər nəvələri, körpələri ilə bu görüşə gəlməklərinin səbəbini də açıqladılar. Kənd sakini Qəribə Ələsgərova dedi ki, ay oğul, problemimiz də var, qayğılarımızda, amma bizi bax, bu uşaqların gələcəyi daha çox maraqlandırır. Biz bilirik ki, heç nə bir gündə, beş gündə həll olumur. Amma deputat olan kəs gərəkdi ki, xalqa yaxın olsun, onu seçənin taleyinə biganə qalmasın. Kəndimizin tən ortasından böyük avtomobil yolu keçir, uşaqlarımız bu yolu aşıb məktəbə getmək zorundadırlar. Seçilsən, bizə ilk yardımın bu aşırım məsələsi olsun. Deputatlığa namizəd Möhsüm Aslanov anaya cavab olaraq bildirdi ki, mən də kənddə-kəsəkdə, bu dağlarda böyümüşəm. 1988-ci ildə Qərbi Azərbaycanı məcburi tərk etdikdə gəlib, anam-atam, nənəm-babamla birlikdə Göygöldə məskunlaşdıq. Bütün rəhmətlik əqrabalarımız burda torpağa tapşırıldı. Mən sizin ağrınızı-acınızı daha yaxşı başa düşürəm. Əgər seçilərəmsə, məqsədim də həmişə sizin yanınızda olmaqdır. Fikrimiz var ki, hər kənddə sizin razılığınızla bir nümayəndəmiz olsun, hər sözünüzü, təklifinizi dərhal bizə çatdırsınlar. Biz də dövlətimizə, prezidentimizə güvənirik, əminik ki, cənab İlham Əliyevin başlatdığı islahatlar bunu tamamilə şərtləndirir. Dövlət başçımızın da istəyi budur ki, onun təyin etdiyi məmurlar, sizin seçdiyiniz bələdiyyə üzvləri və millət vəkilləri xalqa daha yaxın olsunlar. Biz hamılıqla yanınızda, sizin aralarınızda olmağa borcluyuq. Əmin olun ki, mən parlamentdə sizin sözünüz və özünüz olacam. Möhsüm Aslanov uşaqların istəyini soruşduqda, onlar dedilər ki, biz istəyirik deputat bizim dostumuz olsun. Həm də şəkil çəkdirmək arzularını çatdırdılar.
Uşaqlarla o maraqlı anı əbədiləşdirdikdən sonra növbəti görüş üçün yollandıq Almədətli kəndinə. Amma Alımədətliyə gedən yolda Quşqara kəndinin digər küçəsində kənd sakinlərin bir dəstəsi bizi saxlatdı. Kənd ağsaqqallarından biri söylədi ki, digər kəndlərdəki görüşlərinizin sorağını almışıq, sizi el oba adamı hesab edirik. Bizi görmədən, dinləmədən buraxmarıq. Arzumuz, istəyimiz çoxdu, amma ən vacib olanı odur ki, millət vəkilimizi tez-tez görək. Dövlətimizi də sevirik, ölkə başçımızı da, amma dövlətin bütün strukturunda işlək adamları görmək istəyirik. Diqqət, canlı təmas problemləri də tez həll edir, insanları da sevindirir. Çalışın xalqa daha yaxın olun.
Ağsaqqalların xeyir-duasını aldıqdan sonra yolumuzu Alımədətliyə doğru davam etdirdik. Elə kənd camaatı ilə salamlaşdığımız anda bir ağsaqqal cibindən deputatlığa namizəd Möhsüm Aslanovun şəklini şıxararaq dedi ki, mən sizi tanıyıram, bura da qatılmağımın səbəbi odur ki, elə burdakı kənd qardaşlarımla birlikdə sizi nəvəmin hazırda davam edən kiçik toy məclisinə dəvət edim. Biz sizə xeyir-dua verdiyimiz kimi, siz də bizim məclisimizi şərəfləndirəsiniz. Birlikdə balaca Yusifin şənliyinə qatılan Möhsüm Aslanov söz alaraq məclis sahiblərinə göz aydınlığı verdi. Dedi ki, elə mənim də oğlumun adı Yusifdir. Bu xeyirxah bir məqamdır ki, Tanrı bir çox şeyi bir yerdə qovuşdurub və burda da bir işarə var. Uşaqlarla bağlı gələcəyə hesablanmış dövlət proqramından söz açan deputatlığa namizəd Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın körpələrimizə olan böyük sevgisindən danışdı, kiçik bəyi təbrik elədi, sonra məclisin balaca iştirakçıları ilə xatirə şəkli çəkdirdi.
Növbəti görüşümüz Səmədli, Balçılı, Cümşüdlü, Qırıxlı, Yeni Qızılca və Xəqani kəndlərində oldu. Səmədlidə hüzr məclisinə baş çəkdiyimizdən təfərrüatı lazım bilmirik.
Bu dəfəki görüşlərin qəribəliyi ondaydı ki, elə bil hamı sözləşmişdi. Hara getdiksə, sakinlərin bir ifadəsini eşitdik: “Biz xalqa yaxın olan, xalqın dilindən anlayacaq millət vəkilini görmək istəyirik. Prezidentimizdən çox razıyıq. Amma 125 deputatın hamısının ondan örnək götürməsini istəyirik. Beş ildə bir dəfə gəlib qocanın əlindən, oğul-uşağın üzündən öpməyə ehtiyac yoxdu.Səmimiyyəti ayırd edə bilirik, bizə özümüzün bağrımıza basacağımız millət vəkilimiz lazımdır. O da ancaq verdiyi vədə əməlindən sonra mümkün olar”.
Balçıda bizi görüb toplaşanların da deməyə sözü az deyildi. Amma dik duruşları ilə hər şeyin yaxşı olacağını bilirik, dedilər. Sözünüzə düz olun, yetər. Tez-tez gəlin, üzünüzə tamarzı qoymayın bizi, söylədilər. Deputatlığa namizəd Möhsüm Aslanov sakinlərə bildirdi ki, mən cənab prezident İlham Əliyevin başlatdığı islahatlardan güc alıb bu seçkilərə qatılmışam. Onun yürütdüyü siyasətin bir parçası olmaq üçün sizlərin arasına çıxmışam. Əmin olun ki, seçilərəmsə, prezidentimin əsgəri kimi sizin xidmətçiniz olacam.
Cümşüdlü, Qırıxlı, Xəqani kəndlərinin sakinləri ilə rastlaşdığımız hər yerdə ayaq saxlayıb birər-birər hal-əhval tutub “sizi dinləməyə gəlmişik”, söylədi deputatlığa namizəd. Gəlin, görün, tanıyın və seçin. Gəlmişəm ki, indiyədək topladığım təcrübəni əməli işlərimlə sizlərə təqdim edim.Bütün görüşlərdə sakinlər deputatlığa namizədlərindən məmnunluq ifadə elədilər.
Sonuncu səmimi görüş Yeni Qızılca kəndində oldu. Yeni Qızılcalıların bu görüşə cani-dildən qatıldıqları hiss olunurdu. Kəndin ağsaqqalları, cavanları Möhsüm Aslanova xeyli suallar verdilər. Kəndlərdə insanların yaxşı təminatı üçün yeni iş yerlərinin açılmasını istədilər. Söylədilər ki, seçkilərdə hamılıqla iştirak edəcəyik, bizi inandıran namizədə səs verəcəyik. “Amma bu dəfə millət vəkilimizin yaxasını buraxan deyilik. Dövran dəyişib, dövlət başçımız elə əhalini də öz problemləri üçün fəal olmağa çağırıb. Sizi xəbərdar edirik, bu dəfə başqa zamanlardakı kimi olmayacaq. Özünüzü bu işə hazır hesab edirsinizsə, cəsarətiniz yetərlidirsə, buyurun”.
Deputatlığa namizəd də qeyd elədi ki, buyurun, yaxam sizin əlinizdə. “Mən Avropada, Ukraynada hansı proseslərin getdiyini öz gözlərimlə görmüş adamam. 20 ilə yaxın Ukraynada Azərbaycan Televiziyasının nümayəndəliyinin rəhbəri kimi çalışmışam. Dövlətimin kursunu və prezidentimin apardığı siyasəti yaxşı bilən adamam. Cəsarətim də var, enerjim də var, istəyim də. Seçin, sizə xidmət göstərək”.
Sonra kənd sakinləri gələcək üçün bu anı da əbədiləşdirmək üçün birlikdə şəkil çəkdirək dedilər və bu istəyi reallaşdırdılar. Möhsüm Aslanov kəndin ziyalılarına və gənclərinə Ulraynada və Moldovad Ulu Öndər haqqda çəkdiyi “İki Əsrin Fenomeni”filmlərinin diskini hədiyyə etdi.
Beləliklə, daha bir görüşümüz sona çatdı və qayıtdıq seçki qərargahımıza. Yolumuz davam edir.

Check Also

NAXÇIVAN DÖVLƏT BÜDCƏSİNİN TALANMASININ YOLLARINDAN BİRİ…

Mövcud qaydalara görə Azərbaycan Dövlət Tibb Universitetinin,Naxçıvan Dövlət Universiteti Tibb fakultəsinin məzunları həkim mütəxəssis kimi …