Cümə , 26 Aprel 2024
Drone Cameras

Gültəkin Hacıbəyli seçkiyə niyə getmədi?

“Müəyyən fasiləyə ehtiyac var”

Milli Məclisin üzvü Gültəkin Hacıbəyli builki parlament seçkisinə qatılmadı. Bununla əlaqədar müxtəlif versiyalar ortaya çıxdı. Deputat olmaq istəməməsinin səbəblərini G.Hacıbəyli “Qafqazinfo”ya müsahibəsində açıqlayıb.

– Sizin kimi parlamentin ən parlaq, perspektivli və hakimiyyətə yaxın simalarından birinin seçkiyə qatılmaması cəmiyyətdə əks-səda doğurub. Səbəb nədir?

– On ildir fəal siyasətdəyəm. On ildir Azərbaycanı Avropa Şurası Parlament Assambleyasında təmsil edirəm. On ildir seçicilərimin xidmətindəyəm. Fəaliyyətim göz önündədir. Düşünürəm ki, müəyyən fasiləyə ehtiyac var. Başqa planlarım var. İlk öncə, ciddi şəkildə doktorluq dissertasiyamla məşğul olacağam. Elmi yaradıcılığımdakı boşluğu doldurmalıyam. Axı mən siyasətə elmi-pedaqoji fəaliyyətdən gəlmişəm.

– Siyasətdən tamam çəkilirsiniz?

– Əlbəttə, yox.

– Hər zaman dəstəklədiyiniz komanda ilə münasibətlərinizi bundan sonra necə qurmağı düşünürsünüz?

– Buna qədər olduğu kimi. Ən yüksək səviyyədə. Bu komandada təmsil olunanların əksəriyyəti Azərbaycanın ən ləyaqətli övladlarıdır. Bir də axı nə dəyişib ki? 27 yaşımdan mən bu komandanın fəal üzvlərindən biri olmuşam. Ulu öndərin atalıq qayğısını hər zaman üzərimdə hiss etmişəm. Əziz Prezidentimizin rəhbərliyi altında Azərbaycanın AŞPA-dakı ilk nümayəndə heyətində təmsil olunmaq şərəfinə nail olmuşam. Mənim üçün bu gün də heç nə dəyişməyib və dəyişməyəcək də. Mən əqidə və prinsip adamıyam.

– Mətbuatda sizinlə bağlı gedən yazılara cavab vermirsiniz. Bəlkə deyəcək sözünüz var?

– Mən bu uydurma və cəfəng yazıları ciddiyə almadığım üçün onlara cavab vermirəm. Bu yazıların müəlliflərini də, sifarişçilərini də öz vicdanları ilə baş-başa buraxıram. Allah günahlarını bağışlasın. Cəmiyyət kimin kim olduğunu gözəl bilir və hər kəsə layiq olduğu qiyməti verir.( Milli.Az )

Check Also

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar: “Kipr türklərinə qarşı böyük haqsızlıq edilir”

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Annan Planı Referendumunun 20-ci ildönümündə Kipr türk xalqına …