Almaniyada görkəmli psixoloqlar ailəsində doğulan yəhudi mənşəli jurnalist, ssenarist, yazıçı, filosof, müəllim, tərcüməçi, kino və incəsənət tənqidçisi Günther Anders (1902- 1992) Edmund Husserl və Martin Haydegger kimi filosoflarının tələbəsi olub.
Faşistlər hakimiyyətə gələndə mühacirətə gedib, darmadağın ediləndə qayıdıb və 1956-cı ildə onu müəllimləri kimi dünya çaplı qələm sahibləri sırasına çıxaran “İnsanın köhnəlməsi” kitabını nəşr etdirib.
Həmin kitabın şəbəkədə rus dilində yayılan və Azərbaycan kəsiminin marağını doğuran bir neçə sitatını diqqətinizə çatdırmaq istərdim. Tərcümə rus dilindəndir, alman dili bu işi görəcək səviyyədə deyil.
“İstənilən üsyanın qabağını almaq üçün zorakı tədbirlər gərək deyil. Hitler üsulları köhnəlib. Üsyan ideası insanların heç ağlına gəlməməsi üçün yetərincə güclü kollektiv şərtləndirmə yaratmaq bəs edər”, “İnsanın köhnəlməsi” əsərində belə qeyd edir.
Burada G.Anders “kollektiv şərtləndirmə” dedikdə nəyi nəzərdə tutur? İnternetdə belə bir qavram haqda heç nə tapmadım, axtarış yalnız “kollektiv məsuliyyət” və “sosial şərtləndirmə” anlayışlarını göstərdi.
Fəlsəfi biliklərim ali riyazi təhsili proqramı zamanı tədris edilən dərslər səviyyəsindədir, artıq deyil, amma bu iki tərif arasından “sosial şərtləndirmə”ni, konteksti nəzərə almaqla, müəllifin yazdığı “kollektiv şərtləndirmə” anlayışına daha yaxın olduğunu düşünürəm.
Siyasi-fəlsəfi anlayışları, tərifləri araşdıraraq yubanmamaq üçün hələlik Andersin “kollektiv şərtləndirmə”sini “sosial şərtləndirmə” kimi qəbul edək; yazının sonunda bununla bağlı fikrimi əsaslandırmağa çalışacağam.
Sosial şərtləndirmə nədir?
Sosial şərtləndirmə – insanların cəmiyyət və xüsusilə öz çevrəsində bəyənilən və dəstək edilən formada davranmağı və danışmağı öyrənməsi sosial proseslərinə aid proseslərdən biridir.
Şərtləndirmə kimi sosial prosesin təsiri böyükdür və adətən buraya din, ailə həyatı, çevrə, mənəvi dəyərlər, təhsil, iş, mədəniyyət və incəsənət, kütləvi mədəniyyət, musiqi, estrada, kino, ədəbiyyat, sport və b. belə amillər daxil olur. Bu o deməkdir ki, ucqar Azərbaycan kəndində patriarxal, inanclı ailədə böyüyən Leyla adlı yeniyetmə qız uşağı hicablı anası kimi davrananda ata-anası və qohumları tərəfindən bəyənilib dəstəklənərək bu yolda sabitqədəm olacaq.
Başqa tərəfdən, Leylanın yaxın qohumu – Bakıda ali musiqi təhsili alıb konsertmeyster işləyən, filarmoniyanın ateist solisti ilə ailə quran, şəhərin mərkəzində yaşayan, qadın azadlığı, cender və feminizm ideaları tərəfdarı olan bir xalası var.
Leylanın yaşıdı, xalası qızı Səbinə isə öz anası kimi davrananda ata-anası və ailənin dostları, Bülbül adına musiqi məktəbindəki emansipe rəfiqələri tərəfindən bəyəniləcək və dəstəklənəcək. Bir sözlə, sosial şərtləndirməyə biz insanın ailə adət-ənənəsinə uyğun tərbiyə alıb böyüməsi deyirik.
Bəs niyə adət-ənənəyə “sosial şərtləndirmə” adı qoyuruq?
Elə adət-ənənə deyək də… İndi görəcəyimiz bir sıra səbəbə görə… ən üzdəki də odur ki, sosial şərtləndirmə adət-ənənədən daha geniş anlayışdır və adət-ənənəyə uyğun da ola bilər, zidd də ola bilər.
İki xalaqızı misalında Leyla ailəsinin, nəslinin və kəndinin adət-ənənəsinə uyğun yaşayır, xalası qızı Səbinə isə yox. Böyük ehtimalla, Səbinənin dünyagörüşü, davranışı, zövqü və geyimi Leyla və onun ailəsi tərəfindən bəyənilmir və əksinə. Belə münasibətin kökündə dayanan fərqli sosial, yaxud Günther Andersin dediyi kollektiv şərtləndirmədir. Bu mövzuya bir çox bədii əsər, hekayə, roman, pyes və film həsr olunub.
Ədəbi misal
Uzağa getməyək, ən yaxşı, hamının bildiyi misala baxaq, Azərbaycan ədəbiyyatının klassiki Cəfər Cabbarlının “Sevil” pyesindəki fərqli dəyərlərlə yaşayan qadın surətlərinə – Sevil, Gülüş və Edilya-Dilbərə baxaq. Pyesin sonunda Sevil Gülüşün cəhdləri, səyi və dəyişməkdə olan, artıq dəyişmiş mühitin, qadın çevrəsinin təsiri ilə, yəni kollektiv şərtləndirmə nəticəsində dəyişir…
Kino misalı
Kino nümunələrindən Stiven Siqalın baş rolda oynadığı, böyük sənət əsəri olmayan, amma böyük tamaşaçı auditoriyası qazanan “Under Siege” (1992) adlı macəra-savaş filmini götürək. Bu film türk dilinə “Kuşatma altında” adı ilə, rus dilinə “Корабль” və “Захват” adları altında dublyaj olunub.
İki əsas – müsbət və mənfi yaşıd qəhrəmanların döyüş yolları və taleləri oxşardır, ikisi də qiymətini ala bilməyib, rəhbərliyindən və toplumdan narazıdır, amma sosial şərtləndirmə və dəyərləri çox müxtəlif, daban-dabana ziddir.
Rəqibindən fərqli olaraq şərə yox, xeyrə inanan, inamını itirməyən, xeyri müdafiə edən Stiven Siqalın qəhrəmanı sonda qalib gəlir. Sosial, kollektiv şərtləndirmə nəticəsində iki əkiz qardaşdan biri oğru, biri prokuror olan hind filmlərini xatırlayın. Siyahını asanlıqla özünüz də davam edə bilərsiniz.
Rəssamlar evinin həyəti və köhnə məhəllə
İnsanın şəxsiyyəti, xarakteri və qabiliyyətlərinin formalaşmasında irsiyyətin, ailə tərbiyəsinin, yoxsa sosial amillərin daha çox rol oynaması daimi müzakirə mövzusudur. Sosial şərtləndirmə də bu müzakirələrin mərkəzində dayanır.
Bütövlükdə cəmiyyət və onun ayrı-ayrı qrupları insanların konkret sosial mühitdə davranışlarını müəyyən edən normalar yaradır. Məsələn, Bakı Dövlət Universitetində, Akademik Dram Teatrında, Səbayel Rayon Polis İdarəsində, Təzə Bazarda işləyən adamların və Bakının sökülən, get-gedə azalan köhnə məhəllələrinin birində yaşayan işsiz kişilərin davranışlarını tutuşduraq.
Başqa bir xırda misal. Bakının İnşaatçılar prospektindəki Rəssamlar Evində yaşayan yeniyetmə oğlan uşağı yayın istisində həyətə şortiklə çıxıb futbol oynayır və hamı olmasa da, çoxu buna normal baxır. Amma köhnə məhəllədə şortiklə küçəyə çıxan yeniyetmə oğlan böyük ehtimalla qınaq və lağ obyekti olacaq.
Burada belə bir maraqlı və düşündürücü məqamda var – toplum, cəmiyyət bir insanı, bir fərdi formalaşdırsa da, cəmiyyəti fərdlər yaradır, təsir edir, eyni zamanda cəmiyyət təkrar-təkrar fərdlərə təsir edib formalaşdırır və bu qarşılıqlı təsir prosesi həmişə davam edir…
Qayıdaq Günter Andersin əsərinə. O, “İnsanın köhnəlməsi” əsərində yazır:
”İdeal halda insanları dünyaya gəldiyi məqamdan formalaşdırmaq, anadangəlmə bioloji bacarıqlarını məhdudlaşdırmaq gərəkdir. Daha sonra insanları istədiyimiz duruma gətirmək üçün təhsil səviyyəsini kəskin aşağı salıb, onu yalnız peşə bacarıqlarının öyrənilməsi ilə məhdudlaşdırarıq. Təhsilsiz insanın dünyagörüşü məhduddur, düşüncəsi isə əlindəki konkret ortabab işlərə nə qədər çox yönəlsə, üsyan etməyə bir o qədər qadir olmayacaq. Elmi daha da elit və əlçatmaz edərək, insanlarla elm arasında uçurum yaratmaq lazımdır. Qıcıqlandırıcı, təxribat xarakterli məlumat topluma çatmamalı, qarşısı vaxtında alınmalıdır”.
Günter Anders yazır ki, başlıca məsələ və məqsəd fəlsəfəsiz keçinmək, yəni ağıllı və dərin mətləblərə baş vurmamaq, insan kütləsi ilə ən sadə, hətta bəsit səviyyədə danışmaq və ünsiyyət qurmaqdır.
Əvvəla, bu dili hamı – ağıllı da, ağılsız da, savadlı da, savadsız da anlayır, bir növ reklam dili kimidir.
İkincisi, məqsəd savadsız, dar düşüncəli kütlə yaradıb ələ almaq və idarə eləməkdirsə, belə kütlə ilə onun dilində danışmaq lazımdır. Mürəkkəb, qəliz “fəlsəfi”, yaxud siyasi mətləblər təhsil səviyyəsi yetərincə aşağı salınan, yalnız peşə savadı və bacarığı olan adamın nəyinə lazım? Doğrudan da, “siyasətə qarışmayanlar” ordusunun yaranıb çoxalmasının səbəblərindən biri bu deyimi?
“Burada da birbaşa zor və məcburiyyətdən yox, inandırmadan, yönəltmədən faydalanmalı, həmişə emosiya və ya instinktləri oxşayan əyləncəli proqramları televiziyada kütləvi yayımlamalıyıq. İnsan ruhunu faydasız və kokette, naz-qəmzəli mətləblərlə məşğul edərik. İnsanın başını arasıkəsilməz boşboğazlıq və musiqi ilə qatmaq düşünməsinə yaxşı maneədir. Seksuallığı insan maraqlarının ön sırasına qoyacağıq, ondan yaxşı sosial trankvilizator – sakitləşdirici yoxdur. Həyatın bütün ciddi məqamlarını, bütün ülvi dəyərlərini lağa qoyub kənarlaşdırmaq, həmişə dayaz düşüncə, yüngül fikir yaratmaq üçün bütün cəhdlər ediləcək; belə ki, reklamın eyforiyası insan xoşbəxtliyinin etalonu olacaq”, – “İnsanın köhnəlməsi”.
Nəticəyə gələk. Darmadağın edilmiş və artıq arxada – 1933-45-ci illərdə qalmış faşist rejiminin siyasətini təhlil edərək Günter Anders gələcək üçün yuxarıdakı sitatlarında verdiyim acı proqnozu verir… Və sonrakı tarixə nəzər salsaq, belə bir təəssürat yaranır ki, İkinci Dünya müharibəsindən sonra bütün totalitar-avtoritar rejimlər bu üsullardan faydalanıb və faydalanır. Çoxsaylı misalları özünüz çəkə bilərsiniz, dəyərli oxucular.
Ədəbi misal
Maraqlıdır ki, Viktor Hüqo Günther Andersin kitabından 100 il öncə qələmə aldığı “Gülən Adam” tarixi romanında sanki Andersin təsvir etdiyi durumu və ovqatı əks etdirb.
Romanda Hüqo XVII əsr İngilis İnqilabını, İngiltərənin respublika dövrünü, 20 illik parlament idarəçiliyindən sonra yenidən monarxiaya qayıdışını – Restavrasia dövrünü göstərərək ingilis cəmiyyətinin ovqatını belə təsvir etmişdi:
“Hamı siyasi ağılsızlıqdan ayılmışdı, indi hamı …respublika və o heyrətamiz vaxtda dillərdən düşməyən Hüquq, Azadlıq, Tərəqqi kimi gurultulu sözlərə lağ edirdi; indi onların pafosuna gülürdülər. Ölkəni vətəndaşlar idarə edə bilərmi? Bu ağla sığarmı? İdarəetmə məsələlərini səsvermə yoluyla həll etmək ağzıküləyə düşüb getməyə bənzəyir. Mən əylənmək istəyirəm, dövləti idarə eləmək yox. Səs verməkdən bezmişəm, rəqs etmək istəmişəm”.
“Sürü kimi idarə eləmək”
“Beləliklə, kollektiv şərtləndirmə elə bir inteqrasiaya gətirəcək ki, adamın yeganə qorxusu sistemdən xaric edilmək və beləliklə də xoşbəxtlik üçün zəruri şəraitə çatmağın mümkünsüzlüyü olacaq. Bizim yeganə vəzifəmiz isə bu qorxunu körükləməkdən ibarətdir”, – sitat “İnsanın köhnəlməsi” əsərindəndir.
Qurulan ağıllı, hiyləgər və məkrli sxemə diqqət yetirək – əvvəldə deyildiyi kimi, istənilən üsyanı yatırmaq üçün zorakı tədbirlər artıq gərək olmayacaq. Etiraz, illah da, üsyan ideası daha insanın ağlına da gəlmir, çünki sosial şərtləndirmə nəticəsində xoşbəxtlik hesab etdiyini itirməkdən qorxur. Belə adamın yeganə qorxusu sistemdən xaric edilmək olur…
“Bu şəkildə formalaşmış insan kütlələrinə layiq olduqları kimi, yəni inək kimi davranmaq və onları bir sürü kimi idarə eləmək lazımdır. İnsanın düşüncəsini yatırtmağa yönəlik hər şey ictimai xeyir sayılmalı, düşüncəni oyandıra biləcək hər şeyə isə lağ etmək, onları dəyərsizləşdirmək, əzmək, onlarla mübarizə aparmaq lazımdır. Sistemi sual altına qoyan hər hansı bir doktrina təxribatçı və terrorçu adlandırılmalı və onun dəstəkləyənlərlə terrorçu kimi davranılmalıdır”, – “İnsanın köhnəlməsi”.
P.S. Bu məqalənin əvvəlində “sosial şərtləndirmə” anlayışı üzərində yetərincə gəzişdik. İndi də vət etdiyim kimi “kollektiv məsuliyyət” anlayışı haqqında bir-iki kəlmə: kollektiv məsuliyyət, hər hansı qrupun, məsələn, ailə, nəsil, əmək kollektivi, hərbi hissə, orta məktəbdə sinif və ya ali məktəbdə qrup, bir kəndin ya şəhərin bir ya bir neçə sakininin, qrup üzvünün əməlinə görə bütün qrupun məsuliyyət daşıdığını nəzərdə tutan anlayışdır. Məqalədə yazılanlardan göründüyü kimi, bu tamam başqa, bizim mətləbə dəxli olmayan anlayışdır.
Çingiz Sultansoy