Batumi və Tbilisi gömrük-keçid məntəqələrində 20 gündən artıq saxlanılan Azərbaycan yük avtomobilləri ilə bağlı gərginlik nəhayət aradan qaldırıldı. Azərbaycanın Gürcüstandakı səfirliyinin müdaxiləsindən sonra Tbilisi rəsmiləri prosesin “çox qısa zamanda tam həll olunacağı” barədə öhdəlik verdilər və artıq praktiki addımlar atılmağa başlanıldı. Beləliklə, bütün yük avtomobilləri buraxılışa hazırlandı və keçidi təmin olundu.
Lakin bu, məsələnin yalnız texniki tərəfidir. Son günlər yaşanan situasiya Cənubi Qafqazda lojistik balansların necə həssas olduğunu bir daha göstərdi. Maraqlıdır ki, problem fonunda Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixeil Saakaşvili hökuməti kəskin tənqid edib. O, məsələni sırf gömrük proseduru kimi deyil, iki ölkə arasında strateji münasibətlərə zərbə kimi qiymətləndirib. Saakaşvili sosial şəbəkədə yazdığı bəyanatda bildirib:
“Tiflis artıq Azərbaycan üçün yükdaşıma ilə bağlı problem yaradıb. Azərbaycan mediası bunu haqlı olaraq Moskvanın sifarişi kimi dəyərləndirir. Ruslar Azərbaycanın Kiyevdəki səfirliyini bombalayır, burada isə görünür, öz marionetklərindən istifadə edərək problemlər yaradırlar. Azərbaycan jurnalistlərinin yazdıqları rəsmi Bakının haqlı narazılığının göstəricisidir”.
Sabiq prezidentin bu sözləri əslində bir reallığa işarə edir: Gürcüstan hökumətinin son illər artan Moskvayönlü xətti təkcə ölkədaxili proseslərə deyil, Tbilisinin regional tərəfdaşları ilə münasibətlərinə də təsir göstərir. Azərbaycan isə Gürcüstan üçün enerji, nəqliyyat və tranzit baxımından əvəzolunmaz tərəfdaşdır. Bu fonda yük daşımasına dair uzunmüddətli gecikmə təkcə iqtisadi deyil, siyasi səhv kimi görünür.
Hadisənin operativ həlli vəziyyəti yumşaltsa da, məsələ Gürcüstanın regional siyasətində yaranan istiqamət dəyişikliyi barədə yeni suallar doğurur. Bakı–Tbilisi xəttində soyuqluq yaratmaq isə ən çox Moskvanın maraqlarına uyğun gəlir və Saakaşvilinin dediyi kimi, belə hadisələr təsadüf təsiri bağışlamır.
İqtisadçı Natiq Cəfərli mövzu ilə bağlı Musavat.com-a danışıb:

“Cənubi Qafqazda kommunikasiyalarla bağlı bir neçə toplantı nəzərdə tutulub. Türkiyə ilə Azərbaycanın və Ermənistanla Azərbaycanın bununla bağlı danışıqları olacaq. Qazaxıstan, Gürcüstan və Azərbaycanın danışıqları nəzərdə tutulub. Gürcüstan Zəngəzur dəhlizinin açılmasından narahatdır. Qarabağ münaqişəsi zamanı iqtisadi baxımdan ən çox divident götürən ölkə Gürcüstan olub. Çünki kommunikasiyalar baxımdan təbii inhisarçıya çevrilmişdi. Kommunikasiyalar Türkiyədən keçməklə Gürcüstan üzərindən Azərbaycana və Orta Asiyaya doğru uzanırdı. Bu, Gürcüstana çox böyük dividentlər gətirirdi.
Təsəvvür edin ki, Gürcüstan ərazisinə daxil olan hər bir yük maşını dövlət büdcəsinə 360 lari rüsum ödəyir. Bu, kifayət qədər ciddi bir məbləğdir. Gürcüstan da narahatdır ki, yeni kommunikasiya xətlərinin açılmasından sonra onların tranzit gəlirlərinə böyük zərbə olacaq. Həm də təkcə tranzit gəlirləri deyil axı -Türkiyə -Gürcüstan sərhədindən Gürcüstan Azərbaycan sərhədinə qədər 550 km-ə yaxın məsafə var. Bu məsafə boyu sürücülərə qulluq edən restoranlar, hotellər, avtomobil təmiri məntəqələri- bir sözlə, 25-30 minlik iş qurulub. Alternativ yollar onlar üçün də təhlükə yaradır. Gürcüstan bundan narahatdır. Ona görə də danışıqlardan öncə yük maşınlarımızı sərhəddə saxlamaq kimi problemi yaratmaqla danışıqlarda müəyyən güzəştlər əldə etməyi düşünür.
Bu məsələdə Rusiyanın barmaq izinin olması haqda dəqiq bir söz deyə bilmərəm. Lakin iqtisadi maraqlar daha məntiqli görünür, Gürcüstan daha üstün mövqe və daha çox güzəşt əldə etmək istəyir. Gürcüstanın gözləntisi ondan ibarətdir ki, hətta Zəngəzur dəhlizi açılsa belə, Türkiyə, Qazaxıstan, Orta Asiya respublikaları bir öhdəlik götürsünlər ki, yüklərin bəlli bir hissəsi yenmə də Gürcüstan üzərindən keçsin. Gürcüstan Türkiyə və Azərbaycandan zəmanətlər istəyir. İqtisadi maraqlarını bu yolla təmin etməyə cəhd edir”.


Boyukmillet.com Biz yanmasaq vətən yanar
