Marneulidəki 69 saylı məntəqə qapadılıb
“Gürcü Arzusu” Partiyasından olan deputat, azərbaycanlı Rövşən İsgəndərovla bağlı istintaq araşdırması başladılıb.
Gürcüstanın Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, araşdırma Mülki Məcəllənin seçki ilə bağlı sənədlərin: seçki siyahıları, protokollar, bülletenlər, qeydiyyat jurnalları və nəzarət vərəqələrinin qəsdən saxtalaşdırılmasına aid 164³ maddəsinə əsasən başlayıb.
Buna səbəb Marneuli rayonunda yerləşən 69 saylı seçki məntəqəsində bülletenlərin qutuya doldurulmasını əks etdirən videogörüntü olub. Sosial şəbəkələrdə yayılan videodan görünür ki, komissiya üzvü, bələdiyyə deputatı Rövşən İsgəndərov hakim partiyanın xeyrinə olan, üzərində 41 rəqəmi işarələnmiş onlarla bülleteni seçki qutusuna atır.
“Neytral.ge” saytının yaydığı məlumata görə, yayılan saxtakarlıq faktından sonra 69 saylı seçki məntəqəsi bağlanıb.
Bundan əvvəl MSK sədri fövqəladə bəyanatla çıxış edərək, “belə halların nəticələri şübhə altına aldığını” bildirib.
Keçmiş ictimai müdafiəçi Nino Lomjaria bildirib ki, hadisəni lentə alan şəxs eyni ərazidə fiziki təzyiqə məruz qalıb.