Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Həm polisi ləkələyirlər, həm Azərbaycanın ən iri şirkəti olan SOCAR-ı, həm də Qarabağ əlillərinin adından siyasi manipulyasiya edirlər.

Azərbaycan qanunlarla idarə olunan dövlətdir. Bunu, birmənalı olaraq, tərəddüd etmədən söyləmək mümkündür. Nəzəri cəhətdən götürdükdə burada qeyri-adi nəsə yoxdur. Çünki hər bir dövlət qanunla idarə edilməlidir. Ancaq praktik cəhətdən bəzən görürük ki, bəzi dövlətlərdə qanunların aliliyi tam təmin olunmur. Bu o deməkdir ki, qanunlara hörmətlə yanaşıldığı ölkədə hər kəs qanunun aliliyinə hörmət etməlidir. Yəni kiminsə vətən qarşısında hansısa xidməti ona əsas vermir ki, qanunun aliliyinə hörmətsiz yanaşsın.

Azərbaycanda canlarını vətən uğrunda müharibədə fəda etmiş şəhidlərimiz var. Onların ailələrinə həm dövlət, həm də cəmiyyətin böyük hörməti var. Eyni zamanda, dövlət tərəfindən bu tip ailələr güzəştlər və başqa qayğılarla əhatə edilir. Belə qayğı ilə əhatə olunanlardan digər təbəqə müharibə əlilləridir. Dövlət onları ev, avtomobillə təmin edir, tez-tez təqaüdlərini artırır. Ancaq bəzən görürsən ki, müəyyən işbazlar həmin müharibə əlillərindən öz məqsədləri üçün istifadə etməyə çalışırlar. Məsələn, hansısa ticarət obyektini əlilin adın rəsmiləşdirir və qazancından çox cüzi bir hissəni ona verir ki, müəyyən dövlət qurumları gələndə onların qabağına çıxsın.

Əlillərlə bağlı yaranan son hadisədə biz bunun bir daha şahidi olduq. Sosial şəbəkələrdə yayılan videodan görünür ki, müharibə əlilləri ilə SOCAR əməkdaşları arasında insident yaşanıb. Sonra məlum oldu ki, kimsə qanunla qadağan edilmiş yerdə ev tikmək istəyib, ərazi SOCAR-ın olduğu üçün qurum bunun qarşısını almaq istəyib və orada müqavimətlə  üzləşib. Kadrlardan aydın görünür ki, döyülən SOCAR əməkdaşlarıdır, ancaq sosial şəbəkələrdə bəzi radikal dairələr bunu “polis əlilləri döydü” kimi təqdim edirlər. Yayılan rəsmi bəyantlardan aydın olur ki, sən demə, tikilən evin də əlillərə aidiyyəti olmayıb. Sadəcə, kimlərsə öz qanunsuz fəaliyyətini Qarabağ əlillərinin dəstəyilə reallaşdırmaq istəyib. SOCAR-a qarşı qara piar aparanlar bilməlidirlər ki, Azərbaycan büdcəsinin əhəmiyyətli hissəsinin formalaşmasında həmin qurumun böyük rolu var. Büdcədən də bizim hamımız maliyyələşib, əməkhaqqı, təqaüd alırıqsa, niyə öz milli brendimizin adını ləkələməkdə maraqlı olmalıyıq? Ümumiyyətlə, kimlərinsə öz şəxsi mənfəətləri naminə Qarabağ əlillərindən istifadə etməsi, cəmiyyətdə qarşıdurma yaratması nə dərəcədə doğrudur?

İctimai-Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri Samir Adıgözəlli “Bakı-Xəbər”ə bildirdi ki, baş vermiş hadisədən çox narahatdır: “Bilirsiniz ki, bəzi radikal dairələr ölkədəki vəziyyəti gərginləşdirmək üçün fürsət axtarırlar. Qarabağ əlilləri ilə bağlı baş verən hadisə sanki onların əlinə bir “yağlı tikə” kimi keçib. Həm polisi ləkələyirlər, həm Azərbaycanın ən iri şirkəti olan SOCAR-ı, həm də Qarabağ əlillərinin adından siyasi manipulyasiya edirlər. Videoları mən də izlədim. Kimsə əlili döyməməlidir, bu aydındır. Ümumiyyətlə, əlil olmayan adamın da döyülməsi cinayətdir. Ancaq məsələnin başqa bir tərəfi  də var. Kimsə də vətən qarşısındakı xidmətindən istifadə edərək başqalarının hüququnu pozmamalı, qanunsuzluğun həyata keçməsinə çalışmamalıdır. Kadrlardan görürük ki, SOCAR əməkdaşları yalnız özlərini qoruyurlar. Bu nəticədir. Gəlin səbəbi axtaraq. Vəziyyət həmin həddə niyə çatıb? Məlum olur ki, kimsə qanunsuz ərazidə ev tikmək üçün əlillərdən istifadə edir. Amma ortaya başqa sual da çıxır: ərazidə ev tikmək qadağandırsa, onda ətrafdakı evlər necə tikilib? Yəni bu istiqamətdə kompleks araşdırma aparılmalıdır. Davanın yaranmasına səbəb olan bütün faktorlar dərindən araşdırılmalıdır. Mən başa düşürəm ki, həmin əlillər həssas insanlardır. Onlara diqqət olmalıdır. Ancaq gərək heç kim onlardan öz oyunları üçün istifadə etməsin.  Məsələn, əlillərin maşın idarə etməsi ilə də bağlı ciddi narazılıqlar var. Onlara dövlət tərəfindən verilən avtomobillərə nömrə vurmurlar. Kiminsə avtomobili ilə toqquşanda görürsən ki, sığortaları yoxdur, maşını da düzəltməkdən imtina edirlər. Belə hallar həddən artıqdır. Onlara rəhbərlik edən təşkilatlar bu məsələlərlə bağlı ciddi maariflənmə aparmalıdırlar”.

Məhəmmədəli QƏRİBLİ

Check Also

İmran Əliyev səhhətindəki problemlərə görə aclığı dayandırıb

“Aclıq sağlıq durumunu daha da pisləşdirib” Həbsdə olan ictimai fəallardan “meclis.info” saytının rəhbəri, 7 aydır …