Cümə , 26 Aprel 2024
Drone Cameras

Hərbi əməliyyatların aktivləşməsi QHT-lər qarşısında hansı yeni vəzifələr qoyur?

Cəsarət Hüseynzadə: “Hər bir QHT rəhbəri, hazırkı şəraitdə üzərinə düşən ictimai məsuliyyəti dərk etməlidir”“İnformasiya mühitinin formalaşması QHT nümayəndələrinin və ictimai fəalların üzərinə düşür”

İyulun 12-dən etibarən Ermənistanın Tovuz istiqamətində həyata keçirdiyi təxribat hərbi əməliyyatların yenidən aktivləşməsinə səbəb olub.

Təmas xəttində yaranmış yeni stuasiya QHT-lər qarşısında hansı yeni vəzifələr qoyur? İndiki məqamda QHT-lərin istər orduya dəstək, istər erməni yalanlarının ifşası, istərsə də digər məsələlərlə bağlı öz fəaliyyətində diqqət yetirməsi gərəkən hansı nüanslar var?

Moderator.az-a açıqlama verən  “QHT.az” saytının baş redaktoru, İnformasiya Təşəbbüslərinə Dəstək İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə məsələ ilə bağlı maraqlı məqamlara toxunub:

“Azərbaycanın müharibə şəraitində olduğunu nəzərə alsaq, vətəndaş cəmiyyəti təşkilatlarının formalaşması və fəaliyyətində  müharibənin öz izləri var. Mövcud şəraitlə bağlı təşkilatların böyük bir hissəsi vətənpərvərliyin təbliği, şəhid ailələrinin hüquqlarının müdafiəsi və onlara dəstək, milli maraqlarımızın müdafiəsi, Azərbaycan həqiqətlərinin beynəlxalq səviyyədə təbliği və bu kimi sahələrdə ixtisaslaşmışlar.  Bu gün QHT-lərin əksəriyyəti dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində qeyd etdiyimiz fəaliyyətləri həyata keçirməyə çalışırlar.

İyunun 12-də Azərbaycan-Ermənistan təmas xəttində aktiv hərbi əməliyyatların bərpa olunması ilə bağlı QHT-lərin həyata keçirəcəyi vəzifələr də gündəmə gəldi.

Xatırlayıram ki, QHT-lər bu məsələ ilə bağlı, 2016-ci ilin aprel döyüşlərində də aktiv fəaliyyət göstərdilər. Həmin vaxt QHT rəhbərləri yaralanan hərbi qulluqçulara dəstək məqsədləri ilə onları ziyarət də etdi. QHT nümayəndələri şəhidlərimizin dəfnində iştirak etdi, vətənpərvərliyin təbliği ilə bağlı müxtəlif tədbirlər təşkil etdilər.

Hazırda pandemiya şəraitini nəzərə alsaq, bəzi tədbirlərin təşkili və tədbirlərdə iştirak məqsədə müvafiq deyil. Buna baxmayaraq, QHT nümayəndələri  müxtəlif sahələrdə öz bacarıqları çərçivəsində fəaliyyət göstərməkdədir.

Mən deyərdim ki, ilk növbədə müasir dövrün tələblərini nəzərə alsaq, informasiya məkanında fəaliyyət əsas istiqamətlərdən biridir. Müharibə paralel aparılır. Hərbi və informasiya müharibəsi. Bu müharibədən qalib ayrılmaq üçün bir istiqamət digərini tamamlamalıdır.

Silahların açıldığı ilk dəqiqələrdən sosial şəbəkələrdə də fake profillər “danışmağa” başladı. Ortaya çıxan məlumatlardan aydın olur ki, düşmənin əlində xeyli sayda Azərbaycan dilində fəaliyyət göstərən bu tip profillər mövcuddur. QHT rəhbərləri və ictimai fəallar sosial səbəblərdə  bu fake məlumatların ifşasını hər zaman həyata keçirirlər.  Çox təəssüf ki, bu tip fake məlumatların yayılmasında sapı özümüzdən olan baltalar da iştirak edir. Bütün hallarda biz bu məlumatların ifşa olunmasında və cavablandırılmasında fəallıq göstəririk.

QHT sektorunun nümayəndələri, o cümlədən ixtisaslaşmış QHT-lər tərəfindən informasiyaların yayımlanması, sosial şəbəkələrdə hansı məlumatların  paylaşılmasının yolverilməzliyi və bu kimi digər məsələlər ilə bağlı maarifləndirci tədbirlər də həyata keçirdi.

İnformasiya  mühitinin formalaşması QHT  nümayəndələrinin və ictimai fəalların üzərinə düşür. Məsələn, Ermənistan tərəfi yalan məlumat yayır ki, onların itkiləri olmayıb. Azərbaycan Müdafiə Nazirliyi  də Ermənistanın hərbi məkanlarının darmadağın olması ilə bağlı çox vacib görüntülər yaydı. Bu tip məlumatların daha geniş auditoriya çatdırılması vacibdir.  Bu, ölkə vətəndaşlarının ordumuzun güclü olması haqqında olan fikirlərinin bir daha təsdiqi, həmçinin, erməni auditoriyasına real vəziyyəti ötürməyə imkan verir.  Sözsüz ki, bu yayımların müxtəlif dillərdə olması və müxtəlif həştəqlərdən istifadə edilməsi vacibdir.

Biz eyni zamanda orduya dəstək, vətənpərvərliyin təbliği və bu istiqamətdə lazım olan bütün məsələlər ilə bağlı  informasiya mühitinin formalaşmasına öz dəstəyimizi veririk.  Bu fəaliyyətlər zəncirvarı sürətdə  gedir və hədəflər düzgün müəyyən edilibsə, müsbət effekt verir.  Sözsüz ki, regionlarda və beynəlxalq səviyyədə bu istiqamətdə bu fəaliyyətlərin gücləndirilməsinə ehtiyac var.  Hesab edirəm ki, bununla bağlı plataformların yaradılması,  şəbəkələşmə vacib elementdir və bu istiqamətdə işlər daha da gücləndirlməlidir. 

Son günlər xaricdə yaşayan və eyni zamanda daxildə olan bəzi qruplar müxtəlif mövzularda müzakirə açmaqla, hətta müxtəlif rəsmlər paylaşmaqla əhali arasında çaşqınlıq yaratmaq, sosial təbəqələşmə aparmaq niyyətində də oldu. Lakin bu tip fəaliyyətlər də QHT nümayəndələri və ictimai fəallar tərəfindən də anında ifşa olunaraq, layiqli cavabları verildi.   

Hazırki durumda QHT-lərin üzərinə düşən əsas missiyalardan biri də Ermənistanın təxribatı ilə bağlı beynəlxalq  təşkilatlara etiraz məktubları göndərmək, diqqəti Ermənistanın beynəlxalq hüquq və normaları kobudcasına pozmasına cəlb etməkdir. Bununla bağlı artıq bir çox fərdi təşəbbüslər mövcuddur. Eyni zamanda QHT-lərin bununla bağlı birgə müraciətinin də olması istisna deyil.

Bir çox QHT rəhbərləri eyni zamanda mütəmadi olaraq, ölkə mətbuatında, televiziya kanallarında çıxış edərək, hazırki real vəziyyəti qiymətləndirməklə yanaşı  vətənpərvərliyin təbliği, milli birliyin vacibliyi ilə bağlı öz mövqelərini bölüşürlər.

Hesab edirəm ki, hər bir QHT rəhbəri, hazırkı şəraitdə üzərinə düşən ictimai məsuliyyəti dərk etməli, verdiyi açıqlamada, sosial şəbəkədə etdiyi paylaşımda diqqətli olmalıdır. Çünki hazırda bizim üzərimizə düşən əsas funksiyadan biri təbliğat və təşviqat işlərində fəal olmaq, yalan məlumatların ifşa edilməsi və həmin məlumatlara qarşı əsaslı arqumentlərin qoyulmasıdır.

Hər zaman vətəndaş cəmiyyəti alternativ fikirlərin, müzakirələrin və eyni zamanda tənqidi mövqelərin sərgiləndiyi əsas institutlardan biridir.  Bu institutun media və QHT qollarının müxtəlif  nümayəndələri  bəzən bir çox qurumları sərt tənqid edən şəxslərdir. Çox sevindirici haldır ki, ölkəmizdə fəaliyyət göstərən bu institut nümayəndələri bu çətin dövrdə üzərinə düşən əsas vəzifələri layiqincə yerinə yetirərək, bütün məsələlərdə birlik və həmrəylik nümayiş edirdilər”. 

Seymur ƏLİYEV

Check Also

Laçında keçirilən konfransda bərpa olunan enerji mənbələri sahəsində təşəbbüslər müzakirə olunub

Laçında “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumu çərçivəsində “Yaşıl infrastrukturun inkişafı təcrübəsi və …