Müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq qərarı ilə təsdiq edilmiş nazirliyin Kommunikasiya Strategiyası çərçivəsində müxtəlif informasiya agentliklərinin hərbi vətənpərvərlik mövzusunda yazılar hazırlayan bir qrup media nümayəndəsi ilə görüş keçirilib.
Boyukmillet.com xəbər verir ki, Medianın İnkişafı Agentliyinin dəstəyi ilə keçirilən görüşdə jurnalistlərlə qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsi, hərbi mövzuda yazıların məzmunu və hərbi sirr hesab olunan informasiyanın yayılmasının qarşısının alınması ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin nümayəndələri tərəfindən jurnalistlərə hərbi və dövlət sirlərinin qorunması və digər mövzularda brifinqlər təqdim olunub.
Sonda media subyektləri ilə mövcud əməkdaşlığa və perspektivdə duran məsələlərə dair təkliflər dinlənilib.
Qeyd edək ki, görüşdə “Report” İnformasiya Agentliyinin redaktoru İsmayıl Nəsibli də iştirak edib.