Vəkili bildirib ki, Qarabağ qazisi həbsdə müalicəsini davam etdirə bilmir
Xətai Rayon Məhkəməsi “Gənc Qazilər” İctimai Birliyinin sədri Hacı Vəliyevin həbs müddətini uzadıb.
Bu barədə onun vəkili Aqil Layıc məlumat verib.
Bu gün, aprelin 18-də keçirilən prosesdə həbs müddətinin 2 ay uzadılması barədə qərar verilib.
Vəkili bildirib ki, Hacı Vəliyev həbsdə müalicəsini davam etdirə bilmir və ağrıkəsicilərlə təmin olunmur. Müdafiə tərəfi Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən onun Mərkəzi Müalicə Müəssisəsinə köçürülməsini istəyir.
Penitensiar Xidmət və ya başqa rəsmi qurumlardan məsələyə münasibət öyrənmək mümkün olmayıb.
Hacı Vəliyev barəsində aprelin 1-də Xətai rayon Məhkəməsində 22 gün müddətinə həbs-qətimkan tədbiri seçilib.
Onun Cinayət Məcəlləsinin 221.3-cü (Silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq…) və 186.1-ci (Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə – zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunduğu bildirilir. Həmin maddələrlə şəxsə 5 ilə qədər həbs cəzası verilə bilər.
“Hacı Vəliyev ona qarşı irəli sürülmüş ittihamları qəbul etmir. Günahsız olduğunu, yaralı gözü ilə bağlı problem yaşadığını bildirib”, – “Gənc Qazilər” İctimai Birliyinin açıqlamasında belə deyilirdi.
Hacı Vəliyev sosial şəbəkələrdə tənqid çıxışları ilə də tanınırdı. Onun bundan əvvəl də saxlanıb sərbəst buraxıldığı bildirilmişdi. O, xüsusilə İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə döyüşlərdə sağlamlığını itirmiş hərbçilərin və ya həlak olanların ailələrinin problemlərini ictimailəşdirib.
“Gənc Qazilər” İctimai Birliyi 2021-ci ildə “Qarabağ qaziləri” İctimai Birliyinin nəzdində yaradılıb.