“Yeni Azərbaycan Partiyasının bu təşəbbüsünü şəxsən dəstəkləyir və alqışlayıram”. Bunu Sherg.az-a açıqlamasında siyasi ekspert Azər Həsrət deyib.
Analitik bildirib ki, cənab Prezidentin ötən ilin aprel seçkisindən sonra səsləndirdiyi fikirlərdən çıxış edərək deyirdik ki, ölkədə çevik islahatlar aparılmasına, parlamentin yenidən təşkil olunmasına ciddi ehtiyac var:
“Həqiqətən, indiki Milli Məclisin tərkibi dövlət başçısının islahatları ilə ayaqlaşa bilmir. Az sayda deputatları çıxmaq şərti ilə yerdə qalanların böyük əksəriyyəti islahat ab-havasından kənar adamlardır. Əksəriyyəti müasir zamana uyğun adamlar deyil. Düzdür, aralarında hörmətli insanlar da var, amma indiki proseslər çeviklik tələb edir. YAP-ı bu qərardan dolayı sadəcə olaraq təbrik etmək olar. Hakim partiya bu təşəbbüsü irəli sürməklə cənab Prezidentin islahatlar kursuna ürəkdən dəstək verdiyini isbatladı. Göstərdilər ki, onlar Prezidentin islahatlar kursunu əngəlləmir, əksinə hətta parlamentdəki yerlərindən belə imtina etməklə ölkə başçısına dəstək verirlər. Bu, çox sevindirici haldır”.
Azər Həsrət: “YAP-ın qərarı Prezidentin bu vaxta qədər həyata keçirdiyi islahatların növbəti mərhələyə adlamasına imkan yaradacaq”
A.Həsrət vurğulayıb ki, bundan sonra ölkədə böyük siyasi proses başlayacaq:
“YAP-ın qərarı Prezidentin bu vaxta qədər həyata keçirdiyi islahatların növbəti mərhələyə adlamasına imkan yaradacaq. Burada xalqın dəstəyi və mövqeyi çox önəmlidir. Cənab Prezident də məhz bu dəstəyə arxalanaraq, islahalatları həyata keçirir. Deməli, Yeni Azərbaycan Partiyası ümumxalq partiyası olaraq, ölkənin ən böyük siyasi təşkilatı olaraq proseslərdən kənarda deyil. Bu təşəbbüsü irəli sürməklə də Prezidentin islahatlar siyasətinə nə qədər sadiq olduqlarını göstərmiş oldu”.