Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə növbəti ağacəkmə aksiyası keçirilib.
Boyukmillet.com xəbər verir ki, aksiyada Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirlikləri, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin, Dövlət İmtahan Mərkəzinin rəhbər şəxsləri və əməkdaşları iştirak ediblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə baş tutan aksiya çərçivəsində Müşfiqabad qəsəbəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.
Qeyd olunub ki, ağacəkmə tədbirlərinin keçirilməsində məqsəd yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, onun təbiətə, yaşıllıqlara qayğı ənənələrini davam etdirməkdir.
Bu kimi aksiyalar mütəmadi olaraq davam edəcək.