Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Azərbaycanın Pakistandakı Səfirliyi tədbirlər keçirib.
Səfirlikdən verilən məlumata görə, diplomatik nümayəndəliyin kollektivi ümummilli lider Heydər Əliyevin Səfirlikdəki büstü önünə tər çiçəklər qoyub, xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Səfirlikdə keçirilən tədbirdə Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri barədə danışıb.
Səfir Heydər Əliyevin müstəqilliyin bərpasında, gücləndirilməsində və dövlətçiliyin qorunub-saxlanmasında, imperiyanın təzyiqlərinə baxmayaraq milli ruhun, milli şuurun və özünüdərkin dirçəldilməsində, müstəqil Azərbaycanın beynəlxalq aləmdə özünün layiqli yerini tutmasında dahi şəxsiyyət Heydər Əliyevin müstəsna rolunu və xalqımız qarşısındakı unudulmaz xidmətlərini diqqətə çatdırıb. Səfir ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu müdrik siyasi xəttin Azərbaycan Respublikasının Prezidenti tərəfindən uğurla davam etdirilməsi, Azərbaycanın milli maraqları və mənafeyinin qətiyyətlə qorunması, beynəlxalq aləmdə mövqelərinin daha da möhkəmlənməsi nəticəsində Azərbaycanın erməni işğalında olan torpaqlarının da azad olunduğunu, regionda sabitliyin bərpa olunduğunu və Azərbaycanın gündən-günə daha da qüdrətləndiyini bildirib.
Azərbaycan-Pakistan münasibətlərinin möhkəmlənməsinə ulu öndərin verdiyi tövhənin də hər an xatırlandığını, Pakistan İslam Respublikası ilə də əlaqələrimizin yüksələn xətlə inkişaf etdiyini və strateji tərəfdaşlıq səviyyəsinədək yüksəldiyini diqqətə çatdırıb. Səfir ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin Azərbaycan xalqının yaddaşında daim yaşayacağını vurğulayıb.
Azərbaycanın Pakistandakı Səfirliyinin kollektivi həmçinin, İslamabad şəhərində yerləşən, bir çox dünya liderlərinin, o cümlədən, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ağac əkdiyi Şəkərpariyan Parkına da baş çəkib, əkilən ağaclara qulluq göstərib, ətrafında təmizlik işləri aparıb və ağaclara su veriblər.