Cümə axşamı , 26 Mart 2026
Drone Cameras

Hörmüz böhranı ərzaq təhlükəsizliyini təhdid edir

“Dünyanın ən vacib dəniz nəqliyyatı məntəqələrindən biri olan Hörmüz boğazından qlobal dəniz yolu ilə daşınan neftin təxminən dörddə biri, eləcə də xeyli miqdarda mayeləşdirilmiş təbii qaz və gübrə məhsulları tranzit edilir”.

Bu barədə BMT-nin “Hörmüz boğazında fasilələr: qlobal ticarət və inkişafa təsirləri” adlı hesabatında qeyd olunub.

Hesabatda bildirilir ki, bölgədə davam edən hərbi eskalasiya bu dar keçiddən keçən gəmiçilik axınlarını pozub. Nəticədə yaranan dalğalanma effekti regiondan kənara çıxaraq enerji bazarlarına, dəniz nəqliyyatına və qlobal təchizat zəncirlərinə təsir göstərir.

Beləliklə, İrana qarşı ABŞ və İsrailin həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində Hörmüz boğazından dəniz nəqliyyatı kəskin şəkildə azalıb. Adi günlərdə boğazdan gündə təxminən 130-140 gəmi tranziti baş verdiyi halda, martın ilk həftəsindən bəri cəmi 129 keçid qeydə alınıb ki, bu da 97 faiz azalma deməkdir.

Hesabatda vurğulanır ki, Hörmüz boğazı vasitəsilə daşınan enerji resurslarının həcmi son iki həftədə 45 faiz azalıb. Konteyner daşımalarının qiyməti isə fevral ayı ilə müqayisədə orta hesabla 3 dəfə artıb. Gəmilərin Ümid burnundan (Cənubi Afrika) keçərək yolu uzatması səbəbindən orta çatdırılma müddəti 12-15 gün artıb.

Hörmüz boğazındakı fasilələr qlobal kənd təsərrüfatı sektorunda da ikinci dərəcəli böhran yaradır. Enerji resurslarından əlavə, bu boğaz Körfəz regionundan ixrac olunan azot əsaslı gübrələr üçün əsas nəqliyyat yolu hesab olunur. Məlumata görə, Körfəz regionu hər il 16 milyon ton gübrə ixrac edir ki, bunun da əsas hissəsini (67 faizi) karbamid təşkil edir. Bu həcm qlobal karbamid ticarətinin 25 faizini təmin etdiyindən, 2026-cı ilin martında yaranan böhran gübrə qiymətlərinin 35 faiz artmasına səbəb olub.

BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) İqtisadi məsələlər bölməsinin rəhbəri Frida Yusif bildirib ki, əgər bu vəziyyət davam edərsə, 2026-2027-ci illər mövsümü üçün qlobal taxıl məhsuldarlığında 10-15 faiz azalma müşahidə oluna bilər.

F.Yusif qeyd edib ki, regional gübrə ixracının azalması son dərəcə ciddi nəticələrə səbəb ola bilər:

“Bu, artıq kənd təsərrüfatı istehsalına və məhsuldarlığa təzyiq göstərir və qlobal ərzaq qiymətlərinə təsir göstərə bilər. Hazırda yaz əkin mövsümüdür və ölkələr, fermerlər adətən növbəti məhsul üçün gübrə alırlar. Əgər kifayət qədər tədarük təmin olunmazsa və ya qiymətlər çox yüksək olarsa, məhsuldarlıq azala bilər.”

Frida Yusif vurğulayıb ki, dünyanın ən az inkişaf etmiş iqtisadiyyatları bu cür şokları udmaq baxımından ən zəif imkanlara malikdir və təsirləri daha kəskin hiss edəcəklər.

Onun sözlərinə görə, bu ölkələrdə yanacaq, ərzaq, gübrə və nəqliyyat xərclərinin artması qısa müddətdə dövlət maliyyəsinə və ev təsərrüfatlarının büdcəsinə ciddi təzyiq yarada bilər. Bu isə, xüsusilə idxaldan asılılığın yüksək olduğu regionlarda, qida istehsalının azalmasına və ərzaq təhlükəsizliyi risklərinin artmasına gətirib çıxara bilər.

Check Also

NATO Türkiyə hava məkanında İrandan atılan ballistik raketi vurub

İran tərəfindən atılan raketin parçaları Türkiyənin Qaziantep bölgəsinə düşüb. Boyukmillet.com “Haber Global”a istinadən xəbər verir …