“Biz heç bir halda hücum mövqeyində deyilik, oradakı haqlarımızı müdafiə edirik”.
Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Ege və Aralıq dənizindəki vəziyyət barədə danışarkən deyib.
O, Türkiyənin bütün addımlarının məntiqli və soyuqqanlı olduğunu nəzərə çatdırıb: “Biz belə davranarkən Yunanıstan təxribatçı hərəkətlər edir. Yunanıstan rəsmiləri sanki Türkiyənin Yunanıstana qarşı bir həmləsi var imiş kimi ifadələr işlədirlər, Türkiyənin işğalçı olması barədə rəy formalaşdırmağa çalışırlar. Ancaq əslində tarix də, indi baş verənlər də təcavüzkarın kim olduğunu aydın şəkildə göstərir”.
H.Akar Yunanıstan rəsmilərinin fikirlərinə sərt reaksiya verib: “Yunanıstan rəsmiləri tarixə, hüquqa və gündəlik həyata zidd olan fikirlər ortaya atırlar. Onlar insan haqlarından danışırlar. Ancaq Yunanıstan sahil mühafizəçilərinin müdafiəsiz mülki şəxslərin qayıqlarını dənizin ortasında batırmağa çalışmaları, atəş açmaları insanlıq əleyhinə böyük cinayət və vicdansızlıqdır. Belə bir mühitdə hadisələrin Türkiyəyə qarşı yönəldilməsi başa düşülən olsa da, bu, əxlaqi, hüquqi və real məsələ deyil. Bu, sırf ikiüzlülük və riyakarlıqdır”.
Qeyd edək ki, noyabrın 22-də H.Akar Türkiyə ordusunun rəhbərliyi ilə viodeokonfrans formatında müşavirə keçirib. Toplantıda Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər, Quru Qoşunlarının komandanı, ordu generalı Musa Avsever, Hərbi Dəniz Qüvvələrinin komandanı, admiral Adnan Özbal, Hərbi Hava Qüvvələrinin komandanı, ordu generalı Hasan Küçükakyüz və milli müdafiə naziri müavini Yunus Emre Karaosmanoğlu iştirak edib.
İclasda komandanlarla yanaşı, ölkə daxilindəki və xaricdəki birlik komandirləri davam edən fəaliyyətlər barədə məlumat veriblər. Müdafiə və təhlükəsizlik mövzuları kontekstində Aralıq dənizindəki proseslər, terrorçuluq və koronavirusla mübarizə gündəmə gətirilib.