2025-ci ildə Azərbaycanda insan hüquqlarının qorunması sahəsində geriləmə davam edib.
Beynəlxalq insan haqları təşkilatı “Human Rights Watch”un (HRW) fevralın 4-də açıqladığı hesabata görə, hakimiyyət müstəqil jurnalistikaya, siyasi müxalifətə və vətəndaş cəmiyyətinə qarşı sərt addımlar ataraq tənqidi səsləri susdurmağa çalışıb.
Hesabatda qeyd olunur ki, ölkə daxilində fəaliyyət göstərən müstəqil media qurumları ilə yanaşı, xaricdə yaşayan jurnalist və blogerlər də hədəfə alınıb. Onların bir qismi barəsində ağır cinayət maddələri ilə işlər açılıb, bəziləri isə qiyabi şəkildə uzunmüddətli həbs cəzalarına məhkum edilib. Təşkilat vurğulayır ki, bu proseslər vətəndaş cəmiyyətinin fəaliyyət imkanlarını kəskin şəkildə daraldıb.
Beynəlxalq qurumların fəaliyyəti dayandırılıb
“Human Rights Watch” bildirir ki, ötən il Azərbaycan hakimiyyəti Birləşmiş Millətlər Təşkilatı ilə əlaqəli bir neçə qurumun ölkədəki fəaliyyətinə son qoyub. Eyni zamanda, beynəlxalq media orqanlarının Azərbaycandakı nümayəndələrinin akkreditasiyası ləğv edilib. Rəsmi Bakı bu addımları ölkənin beynəlxalq rolu ilə əsaslandırsa da, təşkilat bu qərarların şəffaflıq və hesabatlılıq imkanlarını azaltdığını qeyd edir.
Media qurumları və jurnalistlər hədəfdə
Hesabata əsasən, müstəqil media qurumlarına qarşı təzyiqlər xüsusilə 2023-cü ilin sonlarından sonra sistemli xarakter alıb. MeydanTV, AbzasMedia və ToplumTV ilə əməkdaşlıq edən jurnalistlər müxtəlif dövrlərdə saxlanılıb və onlara əsasən iqtisadi xarakterli cinayət ittihamları irəli sürülüb. Bir neçə jurnalist uzunmüddətli həbs cəzaları alıb, digərləri isə istintaq müddətində azadlıqdan məhrum edilib.
Bununla yanaşı, bəzi beynəlxalq media qurumlarının yayımı dayandırılıb, yerli xəbər agentliklərindən biri isə maliyyə çətinliklərini əsas gətirərək fəaliyyətini dayandırıb.
Siyasi və ictimai fəallara qarşı cinayət işləri
Sənəddə qeyd olunur ki, siyasi fəallar, hüquq müdafiəçiləri və akademiklər də cinayət təqiblərindən kənarda qalmayıb. Müxtəlif ittihamlarla müxalifət nümayəndələri və tanınmış ictimai şəxslər uzunmüddətli həbs cəzalarına məhkum edilib. Təşkilat bu işlərin əksəriyyətində ədalətli məhkəmə araşdırması prinsiplərinin pozulduğunu bildirir.
Toplaşmaq azadlığı məhdudlaşdırılır
Hesabatda vurğulanır ki, dinc etiraz aksiyalarına icazə verilməməsi və aksiyalarda iştirak edən şəxslərin saxlanılması adi hala çevrilib. Bəzi hallarda polis aksiyalarda iştirak edənlərin şəxsi əşyalarını və elektron cihazlarını zorla götürüb.
İşgəncə iddiaları
“Human Rights Watch” saxlanma yerlərində işgəncə və pis rəftarla bağlı çoxsaylı iddiaların araşdırılmadan qaldığını bildirir. Fəalların və jurnalistlərin bir qismi polis zorakılığına məruz qaldıqlarını açıqlayıb. Təşkilat qeyd edir ki, bu iddialarla bağlı effektiv və müstəqil araşdırmalar aparılmayıb.
Qanunlar sərtləşdirilib
Hesabatda ötən il qəbul edilən qanunvericilik dəyişikliklərinə də diqqət çəkilir. Bu dəyişikliklər media orqanlarının fəaliyyətinə və qeyri-hökumət təşkilatlarının maliyyə imkanlarına əlavə məhdudiyyətlər gətirib. “Human Rights Watch” bu addımların hökumətin tənqidçiləri üzərində nəzarəti gücləndirdiyini vurğulayır.
Azərbaycan hakimiyyəti beynəlxalq hesabatlarda səsləndirilən tənqidləri qəbul etmir və ölkədə əsas insan haqlarının təmin olunduğunu bildirir. Bununla belə, “Human Rights Watch”la yanaşı, digər beynəlxalq təşkilatlar və Avropa institutları da dəfələrlə Azərbaycan hökumətini ifadə azadlığına və vətəndaş cəmiyyətinin fəaliyyətinə qoyulan məhdudiyyətləri aradan qaldırmağa çağırıb.
Boyukmillet.com Biz yanmasaq vətən yanar
