Çərşənbə axşamı , 3 Dekabr 2024
Drone Cameras

Hüquq müdafiəçisi Rüfət Səfərov saxlanılıb (Yenilənir)

Rüfət Səfərov saxlanıldıqdan sonra onun “Facebook” profilindən məlumat paylaşılıb və şərləndiyi bildirilib:

“Bu gün, axşam saatlarında, heç bir əsas olmadan, tamamilə cəfəng və uydurma ittihamla məni saxlayıblar. Bəri başdan bildirirəm ki, ittiham tamamilə şər və böhtandır, hüquq müdafiəçisi kimi fəaliyyətimlə bağlıdır. Hadisə barədə detalları vəkillərim açıqlayacaq”.

Statusda qeyd olunur ki, məlumat Səfərovun sözlərinə əsasən, profilinə nəzarət edən dostları tərəfindən yayılıb.


***

DİN saxlanılma səbəbi kimi bir nəfərlə onun arasında münaqişə olduğunu göstərib

“Müdafiə Xətti” insan haqları təşkilatının icraçı direktoru, hüquq müdafiəçisi Rüfət Səfərov saxlanılıb. Bu barədə Meydan TV-yə onun atası Eldar Sabiroğlu məlumat verib.

Atasının bildirdiyinə görə, Rüfət Səfərov dekabrın 3-də axşam saat 17.30 radələrində evə gələrkən yaşadığı binanın yaxınlığında saxlanılıb:

“Onu tutub aparanda qonşular görüb”.
Ailə üzvləri deyir ki, Rüfət Səfərova həbs olunacağı barədə dəfələrlə xəbərdarlıq olunmuşdu. Tələb olunurdu ki, insan haqlarının müdafiəsilə bağlı fəaliyyətini dayandırsın.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti hüquq nüdafiəçisinin saxlandığını təsdiqləyib. DİN-in Mətbuat Xidmətindən bildirilib ki, torpaq alqı-satqısı ilə əlaqədar Rüfət Səfərovla bir nəfər arasında münaqişə olub:

“Bununla bağlı araşdırma aparılır”.

Hüquq müdafiəçisinin hazırda Binəqədi rayonu, 5-ci polis bölməsində olduğu bildirilir.

Rüfət Səfərov 2016-cı ildə ölkədəki qanunsuzluqlara, insan haqlarının pozulmasına etiraz olaraq, Zərdab Rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən istefa verib. Bundan sonra Zərdab Rayon Prokurorluğunda yoxlama, onun yaşadığı kirayə mənzildə isə axtarış aparılıb.

Mənzildən onun kompüteri, telefonu götürülüb. Rüfət Səfərov rüşvət almaq ittihamı ilə həbs olunub. O, 2016-cı ilin sentyabrında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. Rüfət Səfərov 2019-cu ildə əfv fərmanı ilə azad olunub.

Check Also

“Şirvanşahların minilliyi” kitabının təqdimatı ANKARADA

Noyabrın 28-də Ankarada Türkiyə Milli Kitabxanasının binasında “Şirvanşahların minilliyi” (Şirvanşahlar`ın Bininci Yılı) kitabının təqdimat mərasimi …