Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Hürriyət: “Türkiyədə prezident seçkiləri ilk turda Ərdoğanın qələbəsi ilə başa çatacaq”

Türkiyədə prezident seçkiləri ilk turda hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın qələbəsi ilə başa çatacaq, seçkilərdə seçicilərin 90%-dən çoxu iştirak edəcək.

Boyukmillet.com xəbər verir ki, bu barədə çərşənbə axşamı “Hürriyət” qəzeti son keçirilən, lakin MSK-nın qadağası səbəbindən dərc olunmayan sorğunun məlumatlarına istinadən yazıb.

“Prezident seçkiləri yekun mərhələyə qədəm qoyarkən Ərdoğan və Kılıçdaroğluna səsvermədə maraqlı hadisələr yaşanır. Qadağaya görə, sorğunun nəticələri açıqlanmır… Amma sorğular aparılır. Son dərc olunmamış sorğularda ön plana aşağıdakılar çıxır: – seçkilərdə rekord sayda seçici iştirak edəcək, seçkilər ilk turda bitəcək, Ərdoğan birinci turda seçkiləri qazanacaq, Kılıçdaroğlu səs toplamaqda davam edir”, – qəzet yazıb.

Amma sorğuların kimin tərəfindən keçirildiyi, namizədlərə verilən dəstəyin dəqiq səviyyələri barədə heç bir məlumat yoxdur.

Nəşr sorğulara istinad edərək yazıb ki, Türkiyədə seçici fəallığı 85%-dən aşağı düşməyəcək və bu, Qərb ölkələrindəki seçkilərdən xeyli yüksəkdir. “Bu seçkidə seçici fəallığının 90%-i ötəcəyi gözlənilir”, – qəzetdə qeyd olunub.

Xatırladaq ki, Türkiyədə prezident və parlament seçkiləri mayın 14-nə təyin edilib. Rəcəb Tayyib Ərdoğanın əsas rəqibi Kamal Kılıçdaroğludur. Seçkilərdə həmçinin “Memleket” Partiyasının lideri Məhərrəm İncə və Ata ittifaqının namizədi Sinan Oğan da iştirak edir. Namizədlərdən heç biri 50 faiz səs qazana bilməsə, prezident seçkilərinin ikinci turu mayın 28-də keçirilməlidir.

Check Also

İranda hicaba etiraz edərək soyunan tələbənin sərbəst buraxıldığı bildirilir

Ədliyyə rəsmisi onun ailəsinə təhvil verildiyini açıqlayıb Tehran Azad Universitetinin həyətində məcburi hicab qaydalarına etiraz …