Cümə , 22 Noyabr 2024
Drone Cameras

İƏT çərçivəsində qarşılıqlı əməkdaşlıq daha da güclənəcək

“Parlament diplomatiyası Azərbaycanın beynəlxalq əlaqələrinin inkişafında önəmli rol oynayır. Azərbaycan parlamentinin beynəlxalq əlaqələrinin genişlənməsi bu reallığı təsdiqləyir. Təsadüfi deyil ki, Milli Məclis indiyə qədər bir sıra nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edib. Mayın 17-də Bakıda Milli Məclisin inzibati binasında İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransının keçirilməsi də ölkəmizin beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirdiyi fəal siyasətin göstəricisidir”.

Bu fikirləri Modern.az-a Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, tədbirdə İƏT Parlament Assambleyasının Baş katibi, Türkiyə, Pakistan, İran, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstan parlamentinin rəhbər şəxslərinin başçılıq etdiyi nümayəndə heyətləri iştirak edib. Milli Məclisin sədri Sahibə Qafarova nümayəndə heyətlərinin rəhbərləri ilə görüşüb, qarşılıqlı münasibətlər haqqında müzakirələr aparılıb. Konfransda aktual məsələlər müzakirə olunub. 

Deputatın sözlərinə görə, Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvlərindən biridir. Bu təşkilatın əsas məqsədi üzv dövlətlərin sahib olduğu resurslardan istifadəni təmin etməklə İƏT-in dünya iqtisadiyyatında payını artırmaqdır. Bu da öz növbəsində, üzv dövlətlərin iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyası baxımından əhəmiyyətlidir. Azərbaycan üçün İƏT daim etibarlı tərəfdaş olub. Buna görə də, Azərbaycan bu əməkdaşlığa istər ticarət əlaqələrinin inkişaf etdirilməsi, istər daxili tələbatın ödənilməsi, istərsə də dünya iqtisadiyyatına inteqrasiyanın artırılması baxımından xüsusi əhəmiyyət verib və yüksək qiymətləndirib. İƏT Parlament Assambleyasının üzvləri olaraq qarşılıqlı əməkdaşlığın inkişafına parlamentlər müstəvisində  öz töhfələrimizi verməyə çalışırıq. 


Fatma Yıldırım qeyd edib ki, cari ildə Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olmasının 30 illiyi tamam olur. Təşkilata üzv olduqdan sonra ölkəmiz regionda iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsinə yönəlmiş müxtəlif təşəbbüslərdə konstruktiv şəkildə iştirak edib və regionun iqtisadi potensialından istifadə etmək üçün qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsində hər zaman  maraqlı olub. Regional və regionlararası təşəbbüslərdə fəal iştirak etməklə Azərbaycan daim bölgədə və onun hüdudlarından kənarda müxtəlif iqtisadi əməkdaşlıq və inteqrasiya səylərinə öz dəstəyini göstərir. Bu kontekstdə ölkəmizin İƏT çərçivəsində əməkdaşlıq fəaliyyətinə verdiyi əhəmiyyəti vurğulamaq istərdim. Düşünürəm ki, pandemiyadan sonrakı dövrdə İƏT çərçivəsində qarşılıqlı əməkdaşlıq daha da güclənəcək. Ticarət, nəqliyyat, enerji kənd təsərrüfatı, informasiya və kommunikasiya texnologiyaları və turizm bizim əməkdaşlığımızın əsas sahələridir və İƏT çərçivəsində bu məqsədlə həyata keçirilən istənilən təşəbbüslər və layihələr bu ideyaya xidmət edə bilər. 

“2020-ci ildə Azərbaycan 44 günlük Vətən müharibəsi nəticəsində öz ərazi bütövlüyünü bərpa edib.  Münaqişədən sonrakı dövrdə sülhün qorunması, reabilitasiya və yenidənqurma fəaliyyətləri və məcburi köçkünlərin geri qaytarılması Azərbaycan üçün mütləq prioritetdir. Ermənistan və Azərbaycan arasında 30 ildir davam edən silahlı münaqişəyə son qoyulması Cənubi Qafqazda həm üç region ölkəsi, həm də digər maraqlı tərəfdaşlarla səmərəli regional əməkdaşlıq üçün unikal imkan pəncərəsi yaradır. Üçtərəfli Bəyanata uyğun olaraq kommunikasiyaların yenidən canlandırılması regionumuzda davamlı sülh və sabitlik üçün şəraitin yaradılmasında müsbət rol oynayacaq və Ermənistan və Azərbaycan vasitəsilə ticarət və daşımaların əhəmiyyətli dərəcədə artmasına səbəb olacaqdır. həm bu ölkələrə, həm də tərəfdaşlarımıza fayda verir. Bu mənada ön plana çıxan təşəbbüs Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizində əlaqəni gücləndirmək potensialına malik Zəngəzur Dəhlizidir. Kommunikasiyaların bərpası bütün region üçün müsbət nəticədir və daha geniş İƏT coğrafiyasının əhəmiyyətini artıracaq. Ona görə də, İƏT-ə üzv dövlətlər Azərbaycanın bu yöndəki səylərini dəstəkləməlidir. Biz dinc, təhlükəsiz və firəvan Cənubi Qafqaz vizyonunun həyata keçirilməsində regionda və onun hüdudlarından kənarda bütün maraqlı tərəfdaşlarla əməkdaşlığa açıq qalırıq. İnanırıq ki, post-pandemiya dövründə İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlər regional əməkdaşlığın güclənməsində daha böyük rol oynayacaq. Və bu istiqamətdə parlamentlərimiz də öz töhfələrini verə bilər”,-deyə millət vəkili vurğulayıb.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …