Bazar , 24 Noyabr 2024
Drone Cameras

İctimai iştirakçılıqla bağlı məsələlərə yenidən baxılmalıdır- MÜSAHİBƏ

Samir Adıgözəlli: “Bəziləri üçün İctimai Şuraya  üzv olmaq ayrıca bir status, imkan kimi başa düşülür”

Artıq xeyli müddətdir ki, Azərbaycanda müxtəlif nazirlik və komitələrdə İctimai Şuraların yaradılmasına start verilib. Bu günə qədər əksər dövlət qurumlarında, eləcə də yerli icra hakimiyyətlərində həmin şuralar yaradılaraq fəaliyyətə başlayıb. Ancaq maraqlısı odur ki, bir sıra İctimai Şuraların fəaliyyəti gözə çarpmır və ortada real iş yoxdur. Bəs, belə olan halda fəaliyyətsiz İctimai Şuraların yaradılmasına nə zərurət var? Bu və ya digər suallarla İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlliyə müraciət etdik. “OLAYLAR”-a verdiyi müsahibədə İSBAM sədri İctimai Şuraların fəaliyyətsizliyindən danışaraq bildirib ki,  ictimai iştirakçılıqla bağlı məsələlərə yenidən baxılmalıdır.

Boyukmillet.com müsahibəni sizlərə təqdim edir:

-Samir bəy, son vaxtlar müşahidə etdiyimiz bir tendensiya var, mütləq əksəriyyət dövlət qurumlarında İctimai Şuralar yaradılıb. Az qala bağçalarda da İctimai Şura təsis edilsin. Sizcə bu bir növ statistika, görüntü xarakteri daşımırmı?

-Təəssüflər olsun ki, İctimai Şuraların yaradılması prosesində müşahidə etdiyimiz hallar görüntü xarakteri yaratmaqla yanaşı, şuraların təşkili işi də ürəkaçan deyil. Nədənsə bizim ölkədə istər hər hansı bir qanunun icrası, onun həyata keçirilməsi, istərsə də hansısa bir əhəmiyyətli çağırışla bağlı atılan addımlar bir çox hallarda formal xarakter daşıyır. Biri digərindən arxada qalmasın, yaxud yuxarılara görüntü olsun deyə qərarlar qəbul edilir, addımlar atılır. Mənim üçün müxtəıif dövlət qurumlarında yaradılan İctimai Şuralar vəsiqə təqdimatı, fəxri fərman bağışlamaq  və biabırçı seçki şousu ilə yadda qalıb.

-Ümumiyyətlə, Azərbaycanda İctimai Şuraların fəaliyyəti üçün münbit zəmin, normal mühit varmı?

-İctimai Şuralar deyilən institutların formalaşdırılması üçün 2014-cü ildə “ictimai iştirakçılıq haqqında” qanun qüvvəyə mindi. Ötən illər ərzində vətəndaş cəmiyyətinin təkidlərinə rəğmən, bir çox Mərkəzi İcra Hakimiyyəti orqanları İctimai Şuraların formalaşdırılması prosesindən yayındılar. İctimai Şuraların fəaliyyəti üçün əsas münbit zəmin cənab prezident İlham Əliyevin cəmiyyətə çağırışlarıdır.Dövlət başçısının bu çağırışlarından sonra mərkəzi  və yerli icra hakimiyyətləri  orqanları yanında İctimai Şuraların formalaşdırılması prosesi kütləvi xarakter aldı. Təəssüflər olsun ki, bir çox qurumlar bu prosesdən öz mənafeləri üçün  faydalandılar. Əgər hər hansısa nazirliyin öz maraqları istiqamətində İctimai Şura formalaşırsa, burda normal hansısa ictimai nəzarətdən söhbət gedə bilməz.

-Cənab prezident dəfələrlə ictimai nəzarətin olmasının vacibliyini bildirib və bu baxımdan İctimai Şuraların yaradılması müsbət addım kimi sayıla bilər. Bəs fəaliyyət necə, doğurdanda onların fəaliyyəti varmı, yoxsa quruca addan ibarətdir?

-İctimai nəzarətçilik funksiyalarının vacibliyini qeyd edən cənab prezident nəinki vətəndaş cəmiyyətini, medianı, bütün xalqı bu prosesdə fəal olmağa çağırır. Qanun qəbul olunub, prezident bütün lazımı idea və fikirlərini dəfələrlə bildirib, İctimai Şuralar da yaradılıb. Lakin acınacaqlı vəziyyətdir ki, heç bir real fəaliyyət ortalıqda yoxdur. Cənab prezidentin ölkənin televiziya kanallarına verdiyi müsahibədə  qeyd etdiyi fikirlər ictimai nəzarətçiliklə bağlı  ciddi vəziyyəti ortaya qoymuşdur. Yəni nəticə yoxdur.

-Ancaq bəzi dövlət qurumları hələ də İctimai Şuraların yaradılmasını ləngidir, bunu etmək istəmir. Sizcə burada məqsəd nədir?

-Bəzi dövlət qurumlarının İctimai  Şuraların yaradılmasının ləngitməsinin bir məqsədi ola bilər. Onlar ” öz qanunları”  ilə işləmək istəyirlər. Prezidentin şəffaf fəaliyyət prinsipləri onların maraqlarına uyğun deyil. Yəqin ki, onlar da öz maraqlarına uyğun heyət topladıqdan sonra öz İctimai Şuralarını yaradacaqlar.

-İctimai Şuraların tərkibində də bir qeyri-müəyyənlik müşahidə edilir. Elə QHT rəhbəri var ki, onlarla nazirliyin İctimai Şurasında təmsil olunur, yaxud misal olaraq ixtisasca iqtisadçı gedib Mədəniyyət Nazirliyinin İctimai Şurasında təmsil olunur. Bu nə dərəcədə normal bir haldır?

-Bəzi məmurların beş vəzifə tutduğu kimi bəzi QHT rəhbərlərinin də bir neçə İctimai Şurada təmsil olunması da cəmiyyətimizin, ölkəmizin acı həqiqətləridir. Bəziləri üçün İctimai Şuraya  üzv olmaq ayrıca bir status, imkan kimi başa düşülür. İctimai Şura üzvlüyünə bir çoxu bu və ya digər dövlət qurumundan nəsə qoparmaq təffəkürü ilə baxırlar. Hətta bəzi qeyri leqal yaradılmış ictimai nəzarət adında qurumların regionlarda  qeyri-qanunu fəaliyyətlərinə də rast gəlirik.

İctimai Şura üzvlüyünə təmsilçilik həm həmin təşkilatın, həm də təmsil olunan şəxsin təcrübəsinə, fəaliyyət göstərdiyi istiqamətlərə görə müəyyənləşməlidir. Lakin formalaşmış İctimai Şuraların əksəriyyətində ictimai iştirakçılıqla bağlı tələblərə cavab verəcək hallar çox aşağıdır. Belə hesab edirəm ki, ictimai iştirakçılıqla bağlı məsələlərə yenidən baxılmalıdır. Bu səviyyədə İctimai Şuraların formalaşması heç bir effektiv fəaliyyət vəd etmir. Əksinə, gələcəkdə ciddi problemlər meydana gətirə bilər. Mən Rayon İcra Hakimiyyəti yanında İctimai Şura tanıyıram ki, aylıq olaraq icra başçısından hesab alaraq ona qarşı sosial şəbəkələrdə, mediada tənqidi materiallarının qarşısını almaqla məşğuldur.

İctimaiyyət mühüm dövlət orqanlarında fəaliyyət göstərən İctimai Şuraların  tərkibində müstəqil və təcrübəli şəxslərin təmsil olunmasını istəyir.  Təbii ki, belə halları cəmiyyət də hörmətlə qarşılayır.

-Maraqlıdır, İSBAM nə üçün İctimai Şuralarda təmsil olunmur?

-Açığı bildirmək istəyirəm ki, bizim mərkəz olaraq hanısa boş fəaliyyətlə məşğul olub, görüntü yaratmağa vaxtımız yoxdur. Mərkəzimizdə müxtəlif sahələr üzrə təcrübəli üzvlərimiz var. Onların İctimai Şuralarda təmsil olunub müxtəlif təkliflərlə çıxış etmək, bununla da dövlətin apardığı siyasətə, ölkəmizin inkişafına yararlı fəaliyyətə dəstək olmağı biz də arzu edirik. Lakin  hansısa dövlət qurumu yanında İctimai Şurada təmsil olunub bəzi lal deputatlar kimi əl qaldırmağı düşünmürük.

İctimai Şuralarda azda olsa təcrübəli, dəyərli həmkarlarımız var. Onlar da bu vəziyyətdə ayrı-ayrı vaxtlarda narazılıqlarını ifadə edirlər. Əslində biz İSBAM olaraq cəmiyyətdə mərkəzi və yerli icra qurumlarında mənfi hallarla bağlı daimi ictimai fəalığımızı göstərməkdəyik. İctimai iştirakçılıqla bağlı İctimai Şuraların formalaşması istiqamətində  real vəziyyət  bizi qane edərsə, bundan sonra hansısa İctimai Şuraların tərkibində iştirak edərik.

Süleyman

Check Also

Deputatlığa namizəd ETİRAZ ETDİ: İcra orqanları camaatı görüşlərə gəlməyə qoymur

Artıq parlament seçkilərinə sayılı günlər qalıb. Bir çox namizədlər isə avqustun 9-dan təbliğat-təşviqat kampaniyası çərçivəsində …