Samir Adıgözəlli: “Onsuz da əldən düşmüş Ermənistan daha səfil günlərini yaşaya bilər”
Azərbaycan Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının İstanbulda keçirilən VIII Zirvə görüşündə çıxışı zamanı bir daha Ermənistana xəbərdarlıq edib:
“Biz indi böyük bərpa işləri ilə məşğuluq. Eyni zamanda, ikinci Qarabağ savaşının nəticələri bölgə üçün yeni imkanlar açır.
O cümlədən hesab edirəm ki, nəqliyyat baxımından Zəngəzur koridorunun açılması bütün bölgə üçün yeni imkanlar açacaqdır. Ümid edirəm, öz işğalçılıq siyasətinə görə məğlub vəziyyətdə olan Ermənistan da gec-tez anlayacaq ki, heç bir ölkəyə ərazi iddiası onlara xeyir və şərəf gətirməyəcək. Ümid edirəm ki, yaxın gələcəkdə Ermənistanın həm Türkiyəyə, həm Azərbaycana ərazi iddialarına son qoyulacaq. Əks təqdirdə onlar daha da pis duruma düşə bilərlər. Zəngəzur koridoru isə həm Türk dünyasını, həm Avropanı, həm qonşularımızı birləşdirə biləcək bir layihədir və bu gün bu layihənin gerçəkləşməsi istiqamətində fəal işlər gedir”.
Göründüyü kimi, Prezident Ermənistanı konstruktivliyə dəvət edib və bu yolu tutmayacaqları halda onları da pis aqibətin gözlədiyini dilə gətirib. Daha pis durum deyəndə ölkə başçısı nəyi nəzərdə tutub?
Boyukmillet.com xəbər verir ki, İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Prezidentin bu xəbərdarlığını Ermənistan bütün aspektlər üzrə özünə şamil etməlidir: “Bilirsiniz ki, 44 günlük müharibənin nəticələrinə görə, Azərbaycan bölgədə yeni reallıqlar yaradıb. Bu reallıqlara görə, Ermənistan təslimçilik sənədinə imza atıb. Öz üzərinə öhdəliklər götürüb. Təəssüf ki, hələ də həmin öhdəliklərə tam əməl etmir. Ermənistandan sərhədləri tanımaq, qonşu ölkələrə olan ərazi iddialarından əl çəkmək tələb edilir. Azərbaycanla sülh sazişi imzalamaq üçün Ermənistan ölkəmizə heç bir ərazi iddiasının olmadığını bəyan etməlidir. Ancaq bunu etmir. Çünki separatçılara status məsələsini qaldırmaqda israrlıdır. Ermənistanın konstitusiyasında Türkiyəyə yönəlik açıq ərazi iddiaları yer alıb. Həmin ölkə bölgədə normal əməkdaşlıq imkanlarını əldə etmək üçün, sözügedən sənədinə də düzəliş etməlidir. Türkiyə prezidenti də Ermənistanla əməkdaşlığın mümkünlüyünə aid şərtlərini bəyan edərkən bu məqamlara toxunub. Ancaq biz görürük ki, Ermənistan təxribat yolunu tutur. Son günlər isə bu yöndə olan təxribatlarını daha da intensivləşdirib. Belə olarsa, Azərbaycan separatçıların gizləndiyi ərazilərdə antiterror əməliyyatlarına başlaya bilər. Bütün bunlar həm də Ermənistanı gələcək iqtisadi əməkdaşlıqlardan məhrum edir. Daha pis aqibət deyəndə Prezident bunları nəzərdə tutur. Onsuz da əldən düşmüş Ermənistan daha səfil günlərini yaşaya bilər. Yeni müharibə etməyə isə onun gücü qalmayıb. Hər hansı bir cəhdləri başlarına dəyən “dəmir yumruq”la yekunlaşa bilər. Bütün bunlardan Ermənistan rəhbərliyi ciddi nəticə çıxarmalıdır”.
Məhəmmədəli QƏRİBLİ