7-8 nəfərə isə xırda xuliqanlıq və polisə tabesizlik ittihamı ilə inzibati həbs verilib
İmişlidə Dövlət Yol Polisi (DYP) avtomobilinin törətdiyi, 3 uşağın ölümü, daha birinin yaralanması ilə nəticələnən qəzadan sonra yerli sakinlərin etirazları ilə əlaqədar 20 nəfərdən çox adam həbs olunub.
Bu barədə Meydan TV-yə İmişli Rayon Polis Şöbəsindəki mənbə məlumat verib.
Mənbənin sözlərinə görə, hadisənin baş verdiyi ilk gün – yanvarın 18-də saxlanılanların sayı 100 nəfərə yaxın olsa da, onların əksəriyyəti sonradan azad edilib:
“Videogörüntülərə baxılmışdı, o ərazidə kim vardısa, hamısını yığıb gətirmişdilər”.
Saxlanılanlardan 14 nəfər barəsində cinayət işi başlanıb.
Onlara qarşı Cinayət Məcəlləsinin 221.2.1 (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsilə ittiham irəli sürülüb.
Onların barəsində İmişli Rayon Məhkəməsinin qərarı ilə ilkin istintaq dövrü üçün 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Artıq istintaq təcridxanasına göndərildikləri bildirilir.
İmişlidəki etirazlara görə cinayət məsuliyyətinə cəlb olunan 14 nəfərin kimliyi də açıqlanıb:
Bəylər Bayramlı, Rasif Babayev, Anar Cabbarlı, Vüqar Usublu, Şamil Səfərov, Elman İbrahimov, Abbas Bağırov, Taleh Məmmədov, Raqib Tağıyev, Qoşqar Məmmədov, Sənan Əliyev, Elxan Əzimov, Ruslan Quliyev, Rahib Rzayev.
Mənbə bildirib ki, saxlanılan şəxslərdən daha 7-8 nəfərə isə xırda xuliqanlıq və polisə tabesizlik ittihamı ilə inzibati həbs verilib.
Meydan TV onlardan bir neçəsinin kimliyini öyrənib: Səmədov Amil Samir oğlu, Pənahzadə Elvin Mübariz oğlu, Rüstəmov Səlim Nəsir oğlu, Əhmədli Orxan Əhməd oğlu, Mirzəmmədov Eışad Adəm oğlu, Əsədov Elçin Qəşəm oğlu.
“Çoxu 20-25 yaşlı gənclərdir. Bəzilərinə 15 sutka, bəzilərinə də 1 ay inzibati həbs cəzası kəsilib”, – mənbə əlavə edib.