“Aclıq sağlıq durumunu daha da pisləşdirib”
Həbsdə olan ictimai fəallardan “meclis.info” saytının rəhbəri, 7 aydır həbsdə olan İmran Əliyevin 4 gün əvvəl başladığı aclığı noyabrın 21-də dayandırdığı bildirilir. Bu barədə Meydan TV-yə məlumat verən yaxınlarının sözlərinə görə, ictimai fəalın aclığı dayandırmasının səbəbi onun sağlamlığındakı problemlərdir.
Yaxınları bildirib ki, İmran Əliyevin səhhətində əvvəldən də problemlər vardı. Aclıq sağlıq durumunu daha da pisləşdirib.
İmran Əliyevin aclıq aksiyasına başlamasının əsas səbəbi noyabrın 18-də istintaq dövründə həbsdə saxlanma müddətinin növbəti dəfə uzadılması barədə qərar çıxarılması olmuşdu. O, həbsinin qanunsuz və əsassız olduğunu bildirib. İctimai fəalın sözlərinə görə, mötəbər sübut-dəlil olmadan, ehtimallarla onu 7 aydan çoxdur ki, həbsdə saxlayırlar.
“Həbs müddətimdə Kürdəxanıda gördüyüm, eşitdiyim hadisələr mənə hüququn aliliyinin necə cılızlaşdığı təsəvvürü yaradır. Məhkumlara maddələrin restoran menyusundakı qiymətlər kimi sadalanması, onların bunu adi bir hal kimi qarşılamaqları, hakimlərin hüququ piştaxta arxasındakı mal kimi satması fəlakətin həyəcan siqnalı və qırmızı həddə gəlib çatması anlamına gəlir”, – İmran Əliyev bildirib.
İmran Əliyev aprelin 18-də Türkiyəyə gedərkən Bakıda hava limanında saxlanılaraq, Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşlarına təhvil verilib. Həmin gün gecə saatlarında onun yaşadığı evdə axtarış aparılıb. Aprelin 19-da məhkəmədə onun haqqında həbs qərarı çıxarılanda İmran Əliyev bildirib ki, polislər tərəfindən işgəncəyə məruz qalıb, bədəninə elektrik cərəyanı verilib. Məhkəməyə gətiriləndə onun üzərində xəsarət izləri aşkar görünüb.
Öncə o, “AbzasMedia” ilə bağlı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham irəli sürülüb.
Daha sonra onun işi “AbzasMedia” ilə bağlı cinayət işindən ayrılıb. İctimai fəala qarşı Cinayət Məcəlləsinin 206.3.1 (qaçaqmalçılıq – təkrar törədildikdə) maddəsilə yeni ittiham irəli sürülüb.
İmran Əliyev beynəlxalq donor təşkilatlardan qrant kimi alınan vəsaitləri qaçaqmalçılıq yolu ilə ölkəyə gətirməkdə ittiham olunur. Onun özü isə bu ittihamı rədd edir, Milli Məclisin və deputatların fəaliyyətini araşdırdığına və bu istiqamətdə fəaliyyət göstərən “meclis.info” saytına rəhbərlik etdiyinə görə cəzalandırıldığını deyir.