Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqayinin Azərbaycanda həbsdə olan İran vətəndaşları ilə bağlı iddialarına dair şərh verib.
“İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqayinin guya Azərbaycanda İran əsilli məhbuslarla pis rəftar edilməsi ilə bağlı iddialarının heç bir əsası yoxdur”- bəyanatda belə deyilir.
Onun sözlərinə görə, “Konsulluq əlaqələri haqqında” Vyana Konvensiyasının müddəalarına uyğun olaraq, ölkəmizdə saxlanılan və həbs edilən bütün İran İslam Respublikası vətəndaşları haqqında məlumatlar İran tərəfinə rəsmi qaydada təqdim edilib.
“Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin penitensiar müəssisələrində saxlanılan, İran İslam Respublikasının vətəndaşı olan məhkum və həbs edilmiş şəxslərin hüquqları, qanuni mənafeləri və şəxsi təhlükəsizlikləri qorunur, onlar zəruri maddi-məişət şəraiti ilə təmin olunurlar”.
Ayxan Hacızadə bildirib ki, 2025-ci ildə İran İslam Respublikasının Səfirliyinin əməkdaşları ilə penitensiar müəssisələrində cəza çəkən 37 nəfər İran İslam Respublikasının vətəndaşları arasında konsul görüşünün keçirilməsi üçün şərait yaradılıb. O, son əfv siyahısında 5 nəfər İran vətəndaşı əfv olunduğunu da xatırladıb.
“Bu tədbirlərə baxmayaraq, İran İslam Respublikasında saxlanılan və həbs edilən əksər vətəndaşlarımız barədə məlumatlar Azərbaycan Respublikasının İran İslam Respublikasındakı diplomatik missiyalarına təqdim edilmir, vətəndaşlarımıza əksər hallarda İran İslam Respublikasındakı Azərbaycan Respublikasının diplomatik missiyaları və ailə üzvləri ilə görüşməyə və telefon əlaqəsi qurmağa icazə verilmir”.
Ayxan Hacızadə bildirib ki, Azərbaycan Respublikası vətəndaşlarının işləri ilə bağlı İran İslam Respublikasında keçirilən məhkəmə iclasları, həmin iclaslar zamanı qəbul edilən qərarlar barədə Azərbaycan tərəfinə məlumat verilmir.
“Ölkəmiz hər zaman bu kimi məsələlərin siyasiləşdirilmədən, ikitərəfli müstəvidə, diplomatik kanallarla müzakirəsinin tərəfdarı olub”, – bəyanatda belə deyilir.
İran Azərbaycan Respublikasına etiraz notası verib.
Bunu İran İslam Respublikası Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmail Bəqayi media mənsubları ilə keçirdiyi həftəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.
2023-cü ilin yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edildikdən sonra səfirliyin fəaliyyəti dayandırılmışdı.
Ardınca Azərbaycanda bir çox həbslər oldu. Saxlanılanlar ən müxtəlif ittihamlarla (ən çox da narkotik maddələrin qanunsuz dövriyyəsi) üzləşsələr də, hökumətə yaxın media orqanlarında onlar “İran casusu” kimi təqdim ediliblər.
2024-cü il iyulun 15-də Azərbaycanın İrandakı səfirliyi yeni ünvanda bərpa edilib.
2025-ci il aprelin 28-də İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana ilk rəsmi səfəri çərçivəsində tərəflər əməkdaşlıqla bağlı bir çox sənədlər imzalayıb.
Prezidentlərin mətbuata bəyanatlarında vurğulanıb ki, tərəflər beynəlxalq təşkilatların nəzdində də birgə əməkdaşlığa üstünlük verirlər.
İranın Xarici İşlər Nazirliyinin sözçüsü bunu Azərbaycan Respublikasında həbsdə olan İran vətəndaşlarına qarşı edilən rəftara cavab olaraq bildirib:
“Bu, vacib bir məsələdir. Azərbaycan Respublikasının həbsxanalarında saxlanılan vətəndaşlarımıza qarşı pis rəftar edilməsi ilə bağlı məlumatlar almışıq. Biz etiraz və narahatlığımızı əks etdirən çoxsaylı rəsmi notaları Bakıya göndərmişik. İnsan hüquqları üzrə öhdəliklərlə uyğun münasibət sərgilənməsi bizim haqqımız olan bir gözləntidir. Bu mövzuya dair Konsulluq Hüquqları Konvensiyası tam şəkildə aydındır. Bizim Azərbaycanla məhkumların qarşılıqlı təhvil verilməsi üzrə razılaşmamız var və bu məsələ Xarici İşlər Nazirliyinin gündəmindədir”, – Bəqayi belə deyib.


Boyukmillet.com Biz yanmasaq vətən yanar
