Ailəsi Fərid Səfərlinin Bakıda olduğunu deyir
İranda həbsdə saxlanılan Azərbaycan vətəndaşı, tələbə Fərid Səfərlinin azadlığa buraxıldığı və Bakıya təhvil verildiyi bildirilir.
Hazırda Azərbaycanda olan Fərid Səfərlinin yanvarın 18-də həbsxanadan çıxdığı deyilir.
Fərid Səfərlinin yaxınları məlumatı Meydan TV-yə təsdiqləyiblər.
Amma onlar detallı danışmaq isyəməyiblər.
Dövlət Təhlükəsizlik Xidməti də (DTX) Səfərlinin təhvil alındığını açıqlayıb.
DTX bildirib ki, Fərid Səfərli İrandan təhvil alınandan sonra müayinə edilərək ailəsinə təhvil verilib.
Fərid Səfərli nə zaman həbs olunub?
Azərbaycan vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Səfərli 2023-cü il fevralın 20-də İrana səfərə gedib, martın 4-dən ondan xəbər almaq mümkün olmayıb.
O, İrana səfərindən bir müddət əvvəl Almaniyanın Yena şəhərinə praktika üçün gəlmiş İran vətəndaşı olan bir qadınla tanış olub.
Bildirilir ki, həmin qadın praktikası başa çatdıqdan sonra İrana qayıdıb. Buna baxmayaraq, onlar arasında telefon əlaqəsi kəsilməyib.
Sonda qərarlaşıblar ki, İstanbulda görüşsünlər.
Fərid İstanbula gedib və bu zaman onun tanış olduğu qadının vizası düzəlməyib.
Bundan sonra Fərid İstanbuldan İrana səfər etməli olub.
Ailəsi uzun zaman Fərid Səfərlinin taleyindən məlumat ala bilməyib.
İyunun 1-də İranda casusluq ittihamı ilə həbs edildiyi məlum olub.
Sonradan ona qarşı irəli sürülmüş “casusluq” ittihamı “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub.
Məhkəmə Fərid Səfərli barəsində 2 il həbs hökmü çıxarıb.
Fərid Səfərli məhkəmədə ittihamı və hökmü qəbul etmədiyni bildirib.
Tehranın Apelyasiya Məhkəməsi Fərid Səfərli ilə bağlı hökmdən verilən apelyasiya şikayətini təmin etməyib.
Azərbaycan Baş Prokuroru Kamran Əliyev 2023-cü il sentyabrın 14-də Bakıda səfərdə olan İranın Baş prokuroru Mohammad Kazem Movahedi-Azadi ilə görüşündə Fərid Səfərli ilə bağlı cinayət işi ətrafında müzakirə aparıb.