Bazar ertəsi , 25 Noyabr 2024
Drone Cameras

İraqdan Azərbaycana gətirilən uşaqların 21-i xəstəxanaya yerləşdirilib

İraqdan ölkəmizə repatriasiya olunmuş 38 uşaqdan 17-si Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin, 21 nəfəri Səhiyyə Nazirliyinin müəssisələrinə yerləşdirilib.

Bu barədə  nazirlikdən məlumat verilib.

Bildirilib ki, bundan əvvəl tərkibində Agentliyin nümayəndəsi də olan İşçi Qrupu Bağdad şəhərinə (İraq) ezam edilib. Orada cəzaçəkmə müəssisələri və uşaq evlərində saxlanılan, Azərbaycan vətəndaşları olan həmin uşaqların ilkin tibbi və psixoloji müayinəsi həyata keçirilib, onlara zəruri yardım göstərilib.

Qeyd olunub ki, ölkəmizə gətirildikdən sonra uşaqların hər birinə psixoloq, sosial isçi təyin olunub. Onlarla bağlı fərdi plan əsasında, həmçinin aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq şəraitində reabilitasiya və reinteqrasiya proqramının icrasına başlanıb.

Sosial tərəfdaşların dəstəyi ilə qış paltarları ilə təmin edilikdən sonra uşaqların ailələrinə, yaxın qohumlarına verilməsinə başlanacaq. Sonrakı mərhələdə də onlara sosial-psixoloji dəstək davam edəcək, yerləşdikləri ailələrlə psixososial reabilitasiya işi aparılacaq.

Azərbaycan Hökuməti tərəfindən bu vaxtadək İraqdan və Suriyadan repatriasiya olunmuş digər şəxslərlə, onların yaşadıqları ailələrlə bağlı da Sosial Xidmətlər Agentliyi ehtiyaclarına uyğun sosial-psixoloji reabilitasiya proqramı tərtib edilməklə sosial işlər aparıb. Həmin şəxslər psixoloji konsultasiyalara, maarifləndirici tədbirlərə, asudə vaxtlarının mənalı keçmələri üçün müxtəlif dərnəklərə cəlb ediliblər.

Hazırda da onlarla sosial işlər davam etdirilir.

Check Also

Əhaliyə ödənişlər DSMF-nin ümumi xərclərinin 97 faizə yaxın hissəsini təşkil edəcək

Dövlət Sosial Müdafiə Fondunun gələn ilə proqnozlaşdırılan ümumi xərclərinin 96,52%-ni və ya 7 milyard 408 …