Ekspert deyir ki, kifayət qədər dağıdıcılıq gücü olan belə bir silahı Rusiya Ermənistana etibar edə bilməzdi…
Baş prokuror Kamran Əliyevin “Turan” agentliyinə verdiyi müsahibədə erməni general Movses Akopyanın Azərbaycanla 44 günlük II Qarabağ savaşında “İsgəndər” raketlərindən istifadə etdikləri yönündə fikirlərinə bu cür cavab verib:
“Bizdə Ermənistan tərəfdən ”İsgəndər” raketlərindən istifadə olunmasına dair dəlil yoxdur. Biz bizim tərəfə atılmış bütün raket qalıqlarını təhlil etmişik, ölkənin müvafiq qurumları ilə birgə ekspertiza həyata keçirmişik. Düşünürəm ki, bu, Akopyan tərəfindən hansısa daxili siyasi məqsədlərlə deyilən bir yalan idi. “İsgəndər” raketləri yeni nəsil raketlərdir. Ermənistanda bu raketlər var, amma onların Ermənistan tərəfin operativ idarəetməsində olduğunu düşünmürəm. Bu, çox ciddi silahdır və hesab edirəm ki, bu raketlərin “idarəetmə pultu” Rusiya tərəfin əlindədir”.
Əslində təcavüzkar ölkənin “pultu”nun hər zaman Kremlin əlində olduğu vurğulanır və bu inamsızlığa səbəb kimi də tarix boyu ermənilərin onları himayə edənlərə xəyanət etdiklərini ən yaxşı Rusiyanın bildiyi önə çəkilir. Bu səbəbdən baş prokuror “İsgəndər”in pultu ilə bağlı dediklərində çox haqlıdır.
Emin Həsənli
Mövzu ilə əlaqədar Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli “Yeni Müsavat”a bunları dedi: “Biz bilirik ki, Ermənistan müstəqil dövlət deyil. Bu ölkə hər zaman Rusiya və erməni diasporasından asılı olub. Müxtəlif dönəmlərdə dünyada kim güclü olubsa, onun yanında bir maşa rolunu oynayıb. Ermənistan xarici siyasətində və dövlət idarəetməsində heç zaman müstəqil addımlar ata bilməyib. Bu ölkə müstəqil deyil və sadəcə, atributları var. Baş prokurorun dediyi kimi, təbii ki, Rusiya Ermənistanı nə qədər təsiri altında saxlamağa çalışsa da, bir çox məsələlərdə ona etibar etmir. Son dönəmlərdə Sorosun proyekti olan Paşinyanın Rusiyaya münasibəti göz önündədir. Rusiya yaxşı bilir ki, bu sürüşkənlər istənilən vaxt istənilən yerə sürüşə bilərlər”.
Əziz Əlibəyli
Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli: “Ermənistan hakimiyyəti bütün dövrlər ərzində xəyanətkar rolunu mahirliklə ifa etmiş dövlətdir. Bu, istər 1997-ci il parlament terrorunda, istərsə də Sərkisyanın Avropa İttifaqı ilə gizli imzalamağa cəhd etdiyi əməkdaşlıq sazişində belə idi. Paşinyan haqda isə ayrıca fəsil açmaq olar. Sorosun maliyyəsi ilə hakimiyyətə gələn adamın xarici siyasət xətti tamamilə aqressiv, destruktiv və normal qonşuluq prinsiplərinə zidd oldu. Müharibəyə qədərki sülhü pozmaq cəhləri, hədələri və nəhayət, 44 günlük müharibədəki performansları ilə bir daha iç üzlərini bütün dünyaya göstərmiş oldular. Cəbhə xəttində əsgərlərin səngər döyüşünü uduzaraq mülki əhalinin yaşadığı, cəbhədən on kilometrlərlə uzaq yaşayış sahələrini qadağan edilmiş silahlarla vurmaları da ağılsızlıq və dövlət terrorunun nümunəsi idi. O ki qaldı ”İsgəndər” raketinə. Kifayət qədər dağıdıcılıq gücü olan belə bir silahı Rusiya Ermənistana etibar edə bilməzdi, Rusiya İrəvanla hərbi müttəfiqlik barədə saziş imzalasa da, vassalını yaxşı tanıyır və Moskvanın niyyəti Azərbaycan və Türkiyədən ibarət güc mərkəzi yaratmaqdır. O baxımdan, biz dəfələrlə “İsgəndər”lərlə Mingəçevir SES və ya digər strateji obyektlərin vurulacağı barədə hədələr eşitsək də, bunun real icrasının həm şahidi olmadıq, həm də Rusiyanın erməni hakimiyyətinə dair baxışlarını da görmüş olduq”.
Cavanşir ABBASLI
“Yeni Müsavat”