İspaniyada növbədənkənar parlament seçkilərində səsvermə başa çatıb.
Boyukmillet.com xəbər verir ki, seçki məntəqələri yerli vaxtla saat 09:00-da (Bakı vaxtı ilə 11:00-da) açılıb və saat 20:00-a qədər (Bakı vaxtı ilə 22:00) işləyib.
İstisna Kanar adalarındakı seçki məntəqələridir ki, burada seçki məntəqələri vaxt fərqinə görə bir saat gec bağlanacaq.
Saat 18:00-a (Bakı vaxtı ilə 20:00) olan məlumata görə, seçici fəallığı təxminən 53 % təşkil edib ki, bu da demək olar ki, 2019-cu il seçkiləri ilə müqayisədə 4 faiz bəndi aşağıdır. Səsvermədə nəticəsində Deputatlar Konqresinin (aşağı palata) 350 üzvü, həmçinin 208 senator seçiləcək. 37 milyondan çox ispan səsvermə hüququna malikdir, onlardan 2 milyona yaxını xaricdə yaşayır.
İspaniya Daxili İşlər Nazirliyinin məlumatına görə, ciddi insidentsiz keçən seçkilər günü 90 mindən çox hüquq-mühafizə orqanı asayişi təmin edib. Seçki məntəqələri bağlandıqdan dərhal sonra səslərin ilkin hesablanması başlanacaq.
Əvvəlcə seçkilərin bu ilin sonuna təyin edilməsi nəzərdə tutulsa da, may ayının sonunda Baş nazir Pedro Sançes növbədənkənar səsvermənin keçirilməsi qərarını açıqlayıb. Hökumət başçısı bu addımı lideri olduğu İspaniya Sosialist İşçi Partiyasının regional və bələdiyyə seçkilərində əldə etdiyi qeyri-qənaətbəxş sonuclarından sonra atıb.