Çərşənbə , 5 Fevral 2025
Drone Cameras

Jurnalist Şəmşad Ağanın “Meydan TV işi” ilə bağlı saxlanıldığı bildirilir

Onun da CM-in qaçaqmalçılıq maddəsi ilə şübhəli şəxs qismində saxlanıldığı deyilir

Fevralın 4-dən 5-nə keçən gecə arqument.az saytının baş redaktoru, jurnalist Şəmşad Ağayev (Ağa) saxlanılıb.

Qardaşı Şahid Ağayevin bildirdiyinə görə, gecə saat 2 radələrində müstəntiq və 7-8 nəfər maskalı polis əməkdaşı onun Bakı şəhərində yaşadığı evdə axtarış aparıblar:

“Polislər evimizə girdilər, hər yeri axtardılar. Şəmşadın köhnə telefonunu, mənim telefonumu, yaddaş kartlarını, bir neçə köhnə diski, komputeri, modemi, jurnalist vəsiqələrini götürdülər. Daha sonra protokol tərtib etdilər. Şəmşad yalnız dedi ki, onu tutublar” – qardaşı belə deyib.

Vəkil Şəhla Hümbətova bildirib ki, Şəmşad Ağa “Meydan TV işi” üzrə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq — qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə şübhəli şəxs qismində saxlanılıb.

Ötən il iyulun 5-də jurnalist Şəmşad Ağa Bakı Şəhər Baş Polis İdarəsində “Toplum TV işi” üzrə şahid qismində dindirilib. İstintaq orqanı şifahi şəkildə onun ölkədən çıxışına qadağa qoyulduğunu bildirib.

2024-cü il dekabrın 6-da Meydan TV-nin əməkdaşları Ramin Deko (Cəbrayılzadə), Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Natiq Cavadlı saxlanılıblar. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə ilə onların barəsində istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Meydan TV əməkdaşları ilə yanaşı, eyni gündə vətəndaş cəmiyyətinin üzvü Ülvi Tahirov da saxlanılıb. Eyni ittihamla onun da barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Ülvi Tahirovun Meydan TV-yə aidiyyəti yoxdur.

Check Also

Müsavat yeni seçkilərin keçirilməsini tələb edir

REAL 5 üzvünün seçilməsini kiçik uğur sayır, AXCP seçkini “lağa qoyur” Müsavat Partiyası Mərkəzi Seçki …