Şənbə , 6 Dekabr 2025
Drone Cameras

Jurnalistin evi əlindən alına bilər

Müsavat Partiyası mətbuat xidmətinin rəhbəri, basta.info saytının rəhbəri Mustafa Hacıbəylinin mənzili əlindən alına bilər.

Mustafa Hacıbəyli Meydan TV-yə bildirib ki, 2008-ci ildə dostu onun evini girov qoyaraq “Yelo Bank”dan 33540  manat dəyərində ipoteka müqaviləsi bağlayıb.

Onun sözlərinə görə, həmin müqavilə üzrə götürülən 33540 manat əvəzinə banka 60 min manata yaxın pul ödənilib:

“Auditorlar Palatasının iş üzrə rəsmi rəyinə görə kredit artıqlaması ilə ödənilib. Bununla belə, devalvasiyadan sonra bank pulu dollarla tələb etməyə başladı. Ardınca da 2021-ci ildə Suraxanı Rayon Məhkəməsinə şikayət etdi. 2022-ci ildə məhkəmə bankın xeyrinə qərar qəbul etdi. Məhkəmə qərarından apellyasiya şikayəti vermişik. Apellyasiya məhkəməsi də təxminən üç ilə yaxındır ki, davam edir. Hər dəfə ekspertiza bizim xeyrimizə qərar verəndə, bankın nümayəndələri bu qərara qarşı çıxıblar və iş yenidən ekspertizaya göndərilib”.

Bu gün, sentyabrın 10-da Bakı Apellyasiya Məhkəməsində hakim Sabit Bəhramzadənin sədrliyi ilə keçirilən prosesdə isə bankın xeyrinə qərar qəbul edilib:

“Hakim Sabit Bəhramzadə qanunsuz, sifarişlə qərar qəbul etdi. O, auditorun rəyini yox, Ədliyyə Nazirliyi ekspertinin bankın xeyrinə olan rəyini əsas götürdü. Banka daha 37 min dollar ödəmək üçün evimin açıq hərraca çıxarılması barədə qərar verdi. Hətta ekspertin məhkəmədə öz səhvlərini etiraf etməsinə baxmayaraq qanunsuz qərar verildi. Elə bu məhkəmələrin sifarişli qərarları, saxta ekspert rəyləri sayəsində Azərbaycanda yüzlərlə siyasi məhbus var, onlarla jurnalist şərlənərək həbs edilib. Məhz belə qərarlara görə onlarla qazi intihar edib”. 

Mustafa Hacıbəyli deyib ki, məsələ ilə əlaqədar Ali Məhkəmə və Avropa Məhkəməsinə müraciət edəcək.

Check Also

BMT ukraynalı uşaqlarla bağlı qətnamə qəbul etdi: Azərbaycan səsvermədə iştirak etmədi

Dekabrın 3-də Birləşmiş Millətlər Təşkilatı (BMT) Rusiyadan zorla köçürülmüş və ya deportasiya edilmiş bütün ukraynalı …