Bazar ertəsi , 25 Noyabr 2024
Drone Cameras

Jurnalistlər Türkiyə səfirliyini ziyarət etdi – Zəlzələdə həyatını itirənlər ANILDI – VİDEO

Avropa.info xəbər portalının redaktoru Rəsul Mirhəşimlinin təşəbbüsü və təşkilatçılığı ilə bir qrup jurnalist bu gün Türkiyədə baş verən dəhşətli zəlzələdə həyatlarını itirənlərin xatirəsini yad etmək və qardaş ölkəyə dəstək ifadə etmək üçün Türkiyənin Bakıdakı səfirliyinin qarşısında toplaşıb.

Boyukmillet.com xəbər verir ki, qardaş ölkədə baş verən zəlzələ zamanı dünyasını dəyişən soydaşlarımızın xatirəsi ehtiramla yad edilib, ruhlarına dualar oxunub. Tədbir iştirakçıları təbii fəlakət zamanı xəsarət alanlara Allahdan şəfalar diləyib, dağıntılar altında qalanların tezliklə xilas olunmasını arzu ediblər.

Tədbirdə Rəsul Mirhəşimli, Aygün Muradxanlı, Ruslan Bəşirli, Xanoğlan Əhmədov, Ələsgər Süleymanov, Xəyalə Rəis, Pərvin Kazımoğlu, Elnarə Kərimova, Şahin Nəcəfov, Elnur Ənvəroğlu, Nərgiz Liftiyea və başqa media nümayəndələri iştirak ediblər.

Mərasimdə çıxış edən Rəsul Mirhəşmli bildirib ki, Türkiyədə baş verən təbii fəlakət Azərbaycan vətəndaşlarının da ürəyini sızladıb: “Türkiyə azərbaycanlılar üçün ikinci vətən anlayışını kəsb etmir, ilk növbədə dəyəri Azərbaycan qədər əziz olan öz Vətənimizdir. Elə bu səbəbdən zəlzələ zamanı baş verən acıları biz də öz canımızda hiss edirik. 

Azərbaycanlılar üçün Türkiyə sevgisi Çanaqqalada canlarını fəda edən 3 mindən artıq şəhidimizin sevgisidir. Türkiyə bizim üçün hər şəhərində, hər qarış torpağında Azərbaycan türkləri ilə Türkiyə türklərinin bərabər sevdasının əlamətlərini daşıyan yurd yerimizdir. Onun üçün Türkiyə bu gün kədərlidirsə, biz də kədərliyik. Allah bu təbii fəlakətin aradan qaldırılmasında Türkiyənin yardımçısı olsun, dünyasını dəyişənlərə rəhmət eləsin” 

Juranlist Aygün Muradxanlı baş verən təbii fəlakətlə bağlı bütün Türk xalqına başsağlığı verib və qeyd edib ki, bu acı hamımızın acısıdır: “Bu üç gündə ürəyimiz ordakı qardaş və bacılarımzladır. Azərbaycan da yatmır. Orada baş verənləri gözlərimizi yummadan izləyirik. 

Əminəm ki, Türkiyə bu çətinlikdən də güclənərə çıxacaq. Azərbaycan da bu çətin günlərini yaşayan Türkiyənin yanındadır. Çox arzu edirəm ki, dağıntılar altında qalan soydaşlarımız sağ-salamat xilas edilsin. Çox arzu edirik ki, Türkiyə bu acılardan qısa zamanda qurtulsun”.

Avropa.info xəbər portalının baş redaktoru Ruslan Bəşirli təbii fəlakət zamanı şəhid olan bacı-qardaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa diləyib: “Türkiyədə baş verən bu təbii fəlakət tarixin ən böyük faicələrindən biridir. Azərbaycan xalqının bu gün qardaş Türkiyə ilə bir yerdə olması dünyada görünməmiş hadisələrdən biridir. Allah qardaşlığımız var eləsin, daim etsin. Çətin günlər bizi bir-birimizə daha çox yaxınlaşdırır, daha çox birləşdirir. 

İnşəallah, Türkiyə dövləti tez bir zamanda bu bəlanı aradan qaldırıb, bu çətinlikdən güclənərək çıxacaq”. 

İlkxeber.org saytının baş redaktoru Xanoğlan Əhmədov qeyd edib ki, Azərbaycan xalqı Türkiyədə baş verən bu acı xəbərdən çox sarsılıb: “Qardaş Türkiyədə baş verən bu faciəli hadisə hər bir azərbaycanlının ürəyinə dərin bir yara açdı. Bu faciə zamanı dünyasını dəyişinlərin ailəsinə dərin hüznlə başsağlığı verir, həyatını itirənlərə Allahdan rəhmət diləyirəm. Yaralılarımıza şəfalar diləyirəm. Bu fəlakət zamanı Azərbaycan xalqı Türkiyə xalqı ilə bir yerdə oldu, bu acını birlikdə aradan qaldırmağa çalışdı. Tanrı Türkü qorusun!”

Çıxışlardan sonra jurnalistlər Türkiyənin Azərbaycandakı səfriliyinin binası önünə gül dəstələri düzüblər.

Check Also

Əhməd İsmayılov: Medianın yeni formalaşan trendləri özü ilə birlikdə texnoloji təhdidlərə də səbəb olur

Müasir dövrdə medianın yeni formalaşan trendləri özü ilə birlikdə pozitiv tendensiyalar formalaşdırmaqla yanaşı informasiya təhlükəsizliyi …