Çərşənbə axşamı , 11 Fevral 2025
Drone Cameras

Jurnalistlərin Müdafiə Komitəsi Şahnaz Bəylərqızının həbsini pisləyib

CJP-nin illik həbs siyahısına görə, Azərbaycan 2024-cü ildə dünyada jurnalistləri ən çox həbs edən 10 ölkədən biridir

Jurnalistlərin Müdafiə Komitəsi (“Committee to Protect Journalists”, CPJ) “ToplumTV”-nin aparıcısı Şahnaz Bəylərqızının həbsini pisləyib.

Komitə yaydığı bəyanatda həmçinin Azərbaycanda həbsdə olan jurnalistlərin dərhal azad edilməsinə çağırıb.

“Azərbaycan hakimiyyəti müstəqil səsləri susdurmaq üçün Qərdən maliyyələşmə ilə bağlı iddialardan sui-istifadə edir. Şahnaz Bəylərqızının səhhətində kəskin problemlər var və onun haqsız yerə dəmir barmaqlıqlar arxasında keçirdiyi hər günü həyatına ciddi təhlükədir. Azərbaycan hakimiyyəti onu bütün digər haqsız yerə həbs edilmiş jurnalistlərlə birlikdə dərhal azad etməlidir”, – CPJ-nin Avropa və Mərkəzi Asiya proqram koordinatoru Gülnoza Səid bildirib.

CPJ qeyd edib ki, Şahnaz Bəylərqızı peşə fəaliyyətinə görə Azərbaycanda həbsdə olan azı 23 jurnalist və media işçisindən biridir.

“Əksəriyyət 2023-cü ilin sonundan fərqli fikirlərə qarşı geniş təzyiq və Azərbaycanla Qərb arasında münasibətlərin azalması fonunda Qərbdən maliyyə aldığı iddiası ilə həbs edilib”, – bəyanatda deyilir.

CJP-nin illik həbs siyahısına görə, Azərbaycan 2024-cü ildə dünyada jurnalistləri ən çox həbs edən 10 ölkədən biridir.

CPJ Azərbaycan Daxili İşlər Nazirliyinə göndərdiyi sorğusuna cavab ala bilmədiyini vurğulayıb.

2025-ci il fevralın 5-də jurnalist Şahnaz Bəylərqızı (Hüseynova) “Toplum TV işi”ndəki ittihamlar üzrə şübhəli şəxs qismində saxlanılıb. Fevralın 6-da Xətai Rayon Məhkəməsinin qərarı ilə jurnalist barəsində 3 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Vəkil bildirib ki, ciddi sağlamlıq problemlərilə əlaqədar Bəylərqızı tibbi müşahidəyə götürülüb.

2023-cü ilin noyabrından bu yana Azərbaycanda 30-dan artıq jurnalist həbs olunub.
Onların arasında “Meydan TV”, “AbzasMedia”, “Toplum TV”, Kanal 13”, “meclis.info” kimi tənqidçi media orqanlarının rəhbərləri və çoxsaylı əməkdaşları var.

Jurnalistlərə qarşı qaçaqmalçılıq ittihamı irəli sürülüb. Lakin onlar bu ittihamı rədd edir, jurnalist fəaliyyətlərinə, korrupsiya araşdırmalarına görə həbs olunduqlarını bildirirlər.

Check Also

Ramil Usubovun qardaşı oğlu kriptovalyuta işinə yatırdığı 1 milyonu hardan alıb?

Zeynal Usubov məhkəmədə deyib ki, pulu dostundan alıb Nərimanov rayon prokurorunun müavini Zeynal Usubov kriptovalyuta …