Bütün çətinliklərə, nöqsan və çatışmazlıqlara rəğmən Azərbaycan təhsilində islahatlar, inkişaf və yeni nailiyyətlər aşıq şəkildə hiss olunmaqdadır. Təhsilimiz Avropa və dünya təhsil sisteminə inteqrasiya olunur.
Ali məktəblərimiz boloniya sisteminə qoşulur, orta ümumtəhsil məktəblərimiz müxtəlif ölkələrin məktəbləri ilə ortaq layihələr həyata keçirir, təcrübə mübadiləsi aparır, gənclərimiz dünyanın bir çox nüfuzlu universitetlərində təhsil alır, müxtəlif beynəlxalq layihələrin icrasında iştirak edir və özləri də layihələr hazırlayıb həyata keçirirlər.
Layihə əsaslı öyrənmə , rəqəmsal bacarıqların inkişaf etdirilməsi bu gün təhsilimizin prioritet istiqamətlərindən biridir. Çünki, layihə əsaslı öyrənmə şagirdlər üçün XXI əsr bacarıqlarını formalaşdırmaqda bir çox imkanlar yaradır. Bu mənada “etwinning plus” layihəsi əsl təhsil platforması sayıla bilər.
eTwinning İnformasiya və Kommunikasiya Texnologiyalarından (İKT) istifadə etməklə məktəblər üçün dəstək, alətlər və xidmətlər təqdim etməklə Avropada məktəblərarası əməkdaşlığı təşviq edir. eTwinning həmçinin müəllimlər üçün onlayn Peşəkar İnkişafı davam etdirmək üçün pulsuz imkanlar da təklif edir.
2021-ci lin iyul ayında Təhsil Nazirliyinin təşkilatçılığı ilə Kəlbəcər müəllimləri üçün təşkil edilmiş eTwinning təlimləri müəllimləri bu barədə məlumatlandırmaq və layihə əsaslı öyrənməyə təşviq etmək məqsədi daşıyırdı. Təlimlərin sonuncu günü ideyası və layihə planı Kəlbəcər rayon 109 nömrəli tam orta məktəbin müəllimi Şikar Baxışov tərəfindən hazırlanan və eTwinning səfiri, Sumqayıt Təfəkkür Liseyinin müəllimi Aliyə Ağayeva tərəfindən dəstəklənən “Kəlbəcərə qayıdış” adlı eTwinning layihəsi böyük marağa səbəb oldu. Çünki, bu layihə 28 illik işğala məruz qalmış Kəlbəcərin işğaldan azad edilməsinin ildönümü ərəfəsinə təsadüf edirdi.
Layhədə Kəlbəcərin tarixi keçmişini araşdırmaq, Kəlbəcərin təbiəti, təbii ehtiyatları, mədəniyyəti, şairləri və ziyalıları haqqında məlumat toplamaq, bu barədə şagirdləri məlumatlandırmaq, onları web2.0 alətləri ilə tanış etmək, İKT bacarıqlarını inkişaf etdirmək, komanda şəklində işləmək, tədqiqat aparma və informasiyanı təqdim etmə kimi vərdişlərin formalaşdırılması məsələləri nəzərdə tutulmuşdur.
Layihəyə qoşulan müəllimlərdən Aliyə Ağayeva (Sumqayıt), Şikar Baxışov(Kəlbəcər), Nigar Şükürova(Bərdə), Makbule Coşkun (Türkiyə), Nəzakət Məmmədova (Bakı), Röya Məmmədova (Netçala), Şəlalə Məmmədli (Kəlbəcər), Şirincan Məmmədli (Bakı), Şəlalə Abdullayeva (Kəlbəcər), Ülkər Tahirova (Bakı), Fatma Mirzəyeva (Qobustan) və digərləri də xüsusi fəallıq göstərərək layihə çərçivəsində nəzərdə tutulan işlərin yerinə yetirilməsində böyük əmək sərf etmişlər. 2021-ci ilin sentyabrından icrasına başlanılan layihədə işlər artıq yekunlaşıb. Bu müddət ərzində layihədə iştirak edən şagirdlər müəllimlərin köməyi və nəzarəti altında müxtəlif web2.0 alətlərindən istifadə edərək layihənin logosunu hazırlamış, Kəlbəcərin tarixi, coğrafiyası, təbii sərvətləri, mədəniyyəti, şairləri və ziyalıları haqqında çoxlu təqdimatlar, videoroliklər hazırlamışlar.
Hazırlanmış materiallar layhənin “twinspase”ində, “youtube”də, facebook və blog səhifəsində paylaşılmışdır.Eyni zamanda layihə işləri zamanı Kəlbəcər haqqında bir çox tarixi həqiqətlər də sosial media səhifələrində işıqlandırılmışdır. Layihə planına uyğun olaraq 2021-ci ilin noyabrında Kəlbəcərin işğaldan azad edilməsinin birinci ildönümü münasibətilə onlayn görüş keçirlmişdir.
Görüşdə layihə iştirakçıları ilə yanaşı qazilərin, Kəlbəcəli sənət adamlarının və digər ictimaiyyət nümayəndələrinin də iştirak etməsi görüşün yaddaqalan olması ilə nəticələnmişdir. “Kəlbəcərə qayıdış” adlı etwinning layihəsinin iştirakçıları yaxın gələcəkdə öz fəaliyyətlərini Kəlbəcərdə davam etdirməyi düşünürlər. Layihə iştirakçılarına uğurlar arzulayır və Kəlbəcərli günlərimizə tezliklə qovuşacağımızı səbrsizliklə gözləyirik.