Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Keçmiş prokurorun bütün mülklərinin müsadirə edilməsi tələb olundu — Şok siyahı

Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Boyukmillet.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə prokuror çıxış edib. 

O, Eldar Həsənovun 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 

Prokuror qeyd edib ki, Eldar Həsənova məxsus Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən baş evi və torpaq sahəsi,  Nəsimi rayonunda yerləşən mənzil, Nərimanov rayonunda yerləşən mağaza, Abşeron rayonu Novxanı qəsəbəsində yerləşən torpaq sahəsi, Xətai rayonunda yerləşən fərdi yaşayış evi, həmçinin Monteneqroda yerləşən mənzil müsadirə edilməlidir.

Daha sonra cinayət işi üzrə zərərçəkmiş qismində tanınan Xarici İşlər Nazirliyinin nümayəndəsi çıxış edib. Nümayəndə dəymiş ziyan kimi 18 milyon 500 min manatın ödənilməsini istəyib.

Digər zərərçəkmiş qismində tanınmış Maliyyə Nazirliyinin nümayəndəsi də dəymiş ziyanın tam ödənilməsini xahiş edib.

Daha sonra Eldar Həsənovun vəkilləri çıxışa hazırlaşmaq üçün vaxt istəyiblər.

İstintaq orqanı tərəfindən Eldar Həsənovun barəsində Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) 308-1.1 (Dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

Qeyd edək ki, Eldar Həsənov 1995-2000-ci illərdə Azərbaycanın baş prokuroru olub.

Check Also

İmran Əliyev səhhətindəki problemlərə görə aclığı dayandırıb

“Aclıq sağlıq durumunu daha da pisləşdirib” Həbsdə olan ictimai fəallardan “meclis.info” saytının rəhbəri, 7 aydır …