Şənbə , 27 Aprel 2024
Drone Cameras

…kimisə Prezident harasa təyin edibsə, bu o demək deyil ki, həmin adamlar tənqid edilməməlidir…

Azər Həsrət imzası hər kəsə bəllidir. Onun maraqlı yazılarını, araşdırmalarını da oxumuşuq. Bu dəfə də doğruların yanında olaraq sosial şəbəkə hesabında bir yazı paylaşdı. Onu da yazdı ki, istəsəniz dərc edərsiz.

Azər Həsrət yazır:

Həmkarım Məhəmmədəli Qəriblini haradasa 20 ildən çoxdur ki, tanıyıram. Keyfiyyətli, tənqidi jurnalistika ilə məşğuldur. Üstəlik də çoxlarının demədiyi, deyə bilmədiyini çəkinmədən, etik çərçivədə deyir, yazır. Şəxsən mən belə jurnalistikanı və jurnalistləri təqdir edirəm. Həm də sabit siyasi mövqeyi, dövlətə bağlılığı diqqət çəkir. Yəni zərərli deyil, faydalı tənqidçidir.

İki gün öncə Məhəmmədəli MEDİA-nın Müşahidə Şurasının üzvləri ilə bağlı fikirlərini paylaşmışdı. Mən də bu müzakirədə iştirak etdim, hətta onu da qeyd elədim ki, Şura üzvlərinin 60 faizini (yəni 3 nəfərini) təqdir edirəm. Digər ikisi haqqında isə yüksək fikirdə deyiləm.

Belə yanaşmam səbəbsiz deyildi.

Açıq danışsaq, çox hörmətli Dağbəyi İsmayılov (Şuranın sədri), Vüqar Zifəroğlu və Şəfəq Akifqızı (üzvlər) şəxsən təqdir etdiyim jurnalistlərimizdəndir. Hər üçü həm peşəkarlıq, həm də yetərincə xidmətləri ilə fərqləniblər, fərqlənirlər.

Digər iki nəfər – deputat Sevil Mikayılova və Elçin Şıxlıya gəlincə, onlar haqqında eyni fikirləri deməyə çətinlik çəkirəm. Kimlərinsə istəyi üzərinə heç tanımadığı bir bölgədən deputat seçdirilmiş Sevil xanım nə deputat kimi, nə də jurnalist və ya ictimai fəal kimi fərqlənə bilməyib, bilməyəcək də. Hə, indi kimsə çıxıb deyəcək ki, daim efirdədir, bütün məsələlərlə bağlı fikir bildirir və s. Əlbəttə, elədir. Onu deputat edənlər həm də efirdə görünməsini təmin edirlər ki, seçimi doğru etdiklərini sübut edə bilsinlər. Şəxsən mənə də Az TV efiri yasaqlanmasaydı gecə-gündüz efirdə olardım və orada danışanların 90 faizindən daha yaxşı danışardım. Yəni birinə efiri yasaqlayıb başqalarını süni şəkildə Prezidentə təqdim etməklə keyfiyyət dəyişmir axı.

Elçin Şıxlıya gəlincə, şəxsinə hörmətim var, amma, məni bağışlayın, jurnalistika aləmində nə ilə fərqləndiyini hələ də tam anlaya bilmirəm. İndi kimsə çıxıb “Ayna-Zerkalo” qəzetini misal gətirəcək. Bəli, bir vaxtlar oxucusu olduğum o qəzet möhtəşəmdi. Amma unutmayaq ki, onun baş redaktoru jurnalistikamızın nəhənglərindən olan mərhum Rauf Talışinski idi. O da yadımızdadır ki, Rauf Talışinski həmin qəzetdən ayrılıb “Exo” qəzetini buraxmağa başlamışdı. Qısa müddətə “Exo” oxucu rəğbəti qazandı, amma “Ayna-Zerkalo” da paralel şəkildə üzü aşağı getdi.

Lap bunu da bir kənara qoyaq. Elçin Şıxlı Azərbaycan Jurnalistlər Birliyinin sədridir. Həm də yetərincə uzun illərdir. İndi mənə deyin görüm bu təşkilat ictimai rəydə varmı? Onun hansısa beynəlxalq platformalarda iştirakı haqqında nəsə bilirikmi? Yaxud da ölkədə media ilə bağlı baş verənlərə bu qurum nəsə reaksiya verirmi? Yəni nə ilə məşğuldur Elçin Şıxlının başçılıq etdiyi AJB?

O baxımdan düşünürəm ki, Məhəmmədəli Qəribli tənqidində haqlıdır və onu buna görə küncə sıxmağa çalışanlar ən azından səmimi deyillər. Həm də kimisə Prezident harasa təyin edibsə, bu o demək deyil ki, həmin adamlar tənqid edilməməlidir. Əksinə, onları daha çox tənqid etmək lazımdır ki, işlərində məsuliyyətli olsunlar. Daha durub tənqidçiləri hədəfə almaq lazım deyil…

Check Also

Avropa Parlamenti uyğurları dəstəkləyən qərar çıxarıb

Avropa Birliyinin Parlamenti aprelin 23-ü uyğurların məcburi əməyi nəticəsində istehsal olunan Çin məhsullarının bazara daxil …