“ABŞ başa düşüb ki, rəsmi Vaşinqton Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə danışıqlar prosesində daha fəal iştirak etməsə, Rusiya və İran hər zaman bu prosesə maneə törədəcək”.
Boyukmillet.com “The Wall Street Journal”a istinadən xəbər verir ki, bunu ABŞ-ın Hadson İnstitutunun Yaxın Şərqdə Sülh və Təhlükəsizlik Mərkəzinin direktoru Maykl Doran deyib.
Müəllif qeyd edir ki, ABŞ-dan başqa Rusiya Prezidenti Vladimir Putin də vasitəçi rolunu öz üzərinə götürüb. Məsələnin tam həll edilməsi və sülhün əldə olunması Qarabağda yerləşən Rusiya qüvvələrinə ehtiyacı aradan qaldırardı. Məhz həmin qüvvələr Putinin əsas alətlərindən biridir.
Maykl Doran bildirir ki, Ermənistan xüsusilə hərbi sahədə Rusiyadan çox asılıdır. “Rusiya hərbçiləri Ermənistanda azı üç mühüm mövqeyə nəzarət edirlər. Burada Rusiyanın hərbi bazası var, Rusiya hərbçiləri Ermənistanın sərhədlərinin əsas hissələrində patrul həyata keçirir və bu ölkənin hava məkanına tam nəzarət edir”, – məqalədə deyilir.
Öz növbəsində Azərbaycan Prezidenti İlham Əliyev Moskvanın nəzarətindən qurtulmağı bacarıb. Azərbaycan neft və qaz tədarük etdiyi Avropa ilə güclü iqtisadi əlaqələri gücləndirməklə yanaşı, həm də Türkiyə və İsrail ilə müdafiə sahəsində güclü əlaqələr qurub. Azərbaycanın Türkiyə və İsraillə üçtərəfli əməkdaşlığı rəsmi Tehranı xüsusilə narahat edir. Bunun səbəblərindən biri də rəsmi Bakının ölkə əhalisinin azı beşdə birini təşkil edən İran azərbaycanlılarına verdiyi dəstəkdən qaynaqlanır.
Nəticə etibarı ilə Tehran Türkiyə-İsrail-Azərbaycan əlaqələrini balanslaşdırmaq və sülh danışıqlarını pozmaq üçün Moskva və İrəvanla işləyir.
Ermənistanın xeyrinə Cənubi Qafqaz diplomatiyasına böyük güc sərf edən Fransa Prezidenti Emmanuel Makron buna dolayısı ilə kömək etmiş oldu. Böyük erməni icmasının yaşadığı Fransa Avropa Şurasının sədri Şarl Mişelə təzyiq edərək Aİ-nin vasitəçiliyi ilə aparılan sülh danışıqlarına qoşulmuş oldu. Bu, Avropanın vasitəçiliyinin rəsmi Bakının “gözündən düşməsinə” gətirib çıxardı.
Beləliklə, Blinken indi anlayır ki, Ermənistanı sülhə cəlb etmək və bununla da Rusiya-İran ittifaqı ilə əməkdaşlıq formalarını məhdudlaşdırmaq üçün yeganə əlverişli yol ABŞ-dan keçir.
“Əgər Ermənistan ağlını başına yığsa, ABŞ və müttəfiqləri Rusiya qoşunlarına arxalanmadan Qarabağ ermənilərinin rifahını təmin etmək üçün həm İrəvan, həm də Bakı ilə işləyə biləcək. Təəssüf ki, C.Bob Menendez və konqresmen Adam Şiff kimi ABŞ-dakı erməni icmasının bir çox nüfuzlu dostları İrəvanı bu istiqamətə sövq etməkdən imtina edirlər”, – M.Doran qeyd edir. O belə bir sual verir: “Demokratlar Partiyasından olan dostları Ermənistanı yolundan azdırmayacaq ki?” – və özü də cavab verir: “Gələcək göstərəcək”.