Bazar , 19 May 2024
Drone Cameras

Köçkünlərə pulsuz mənzil verilməsində cinayət edənlərin işi araşdırılacaq – məsələ Prezident məruzəsinə düşdü…

Prezident İlham Əliyev mayın 13-də Azər Qocayevi Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib ki, sosial ədalət prinsipləri üstünlük təşkil etməlidir:

“Ədalət hər bir sağlam cəmiyyətdə aparıcı ideya, aparıcı tezis olmalıdır. Çünki ədalətsizlik insanları incidir, ədalətsizlik insanlarda inamı qırır. Ədalətsizlik nəticə etibarilə böyük problemlərə gətirib çıxarır. Ona görə hər bir sahədə ədalət prinsipi bərqərar olmalıdır. Məsələn, bu il köçkünlərə 8 minə yaxın mənzil veriləcək. Bu mənzillərin verilməsində tam şəffaflıq olmalıdır. Həm Dövlətqaçqınkom və eyni zamanda, yerli icra orqanları burada birgə işləməlidirlər. Köçkünlərin dəqiq uçotu aparılmalıdır. Əfsuslar olsun ki, əvvəlki illərdə bu uçot lazımi səviyyədə aparılmırdı. Belə məlumatlar var ki, bəzən qəsdən aparılmırdı. Çünki dəqiq uçotun olmaması müxtəlif manipulyasiyalara yol açırdı. İndi biz araşdırma, təftiş aparırıq, görürük ki, köçkünlər üçün tikilmiş evlərdə bəzi hallarda heç köçkün statusuna aid olmayan insanlar yaşayır. İndi biz bəzi ictimai binaları boşaldırıq, köçkünləri yeni mənzillərə köçürürük, sonra da görürük ki, – məsələn, bu yaxınlarda mənə məlumat verildi, – bir binada yaşayanların 20 faizi heç köçkün deyildi. Necə gəliblər oraya? Kim onları yerləşdirib? Kim onları qeydiyyata alıb? Dövlət orqanları. Nəyinsə müqabilində bunu ediblər. Yoxsa necə ola bilər ki, köçkünlər üçün nəzərdə tutulan binada başqa insanlar yaşayır? Belə hallar var. Mənzillərin bölgüsündə mənfi hallar kifayət qədər çox idi. Mənə verilən məlumata görə, bəzi hallarda köçkünlərdən pul alırdılar. Halbuki, dövlət onları pulsuz mənzillərlə təmin edir. Bu faktlar da araşdırılır. Ona görə, ilk növbədə, dəqiq uçot aparılmalıdır. Dövlətqaçqınkoma bu məsələ ilə bağlı göstərişlər verilib. Aidiyyəti yerli icra orqanlarının rəhbərliyi bu məsələdə çox diqqətli olmalıdır və bu işlər birgə tənzimlənməlidir”.

Göründüyü kimi, ölkə başçısı məcburi köçkünlərə paylanılan evlərlə də bağlı ciddi pozuntulara yol verildiyini, hətta vəziyyətin bundan da acınacaqlı olduğunu bildirib. Belə ciddi faktlar Prezidentin əlindədrirsə, həmin sahədə də ciddi antikorrupsiya tədbirlərinin görüləcəyini təxmin etmək olarmı?

  • Elşən Əliyev: “Ölkə başçısının səsləndirdiyi fikirlər həmin qurumda da hüquqi araşdırmaların aparılmasını zəruri edir”

İqtisadçı Elşən Əliyev qəzetimizə açıqlamasında bildirdi ki, erməni təcavüzü nəticəsində öz tarixi torpaqlarından didərgin düşmüş soydaşlarımız respublika ərazisinin müxtəlif yerlərində  müvəqqəti məskunlaşıblar:“Yadınızdadırsa, əvvəllər Azərbaycanın böyük ərazilərində çadır şəhərcikləri salınmışdı. Dövlətimizin iqtisadi rifahı artdıqca, həmin çadırlarda yaşayan əhali yeni tikilən və pulsuz paylanan evlərə köçürüldü. Bəllidir ki, proses hələ tam yekunlaşmayıb. Müxtəlif sanatoriya və pansionatlarda, tikintisi yarımçıq qalmış binalarda, uşaq bağçalarında və yataqxanalarda müvəqqəti məskunlaşanlar da var. Belə obyektlərin cari təmiri üçün dövlət büdcəsindən müvafiq maliyyə vəsaiti ayrılır. Yəni dövlət əlindən gələni edir ki, bu həssas təbəqənin vəziyyəti yaxşı olsun. Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı kompleks tədbirlərin görülməsinə mərhum Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə başlanılıb. Məlum olduğu kimi, ulu öndərin neft strategiyasının uğurla həyata keçirilməsi nəticəsində ölkəmizin əldə etdiyi gəlir, ilk növbədə, məhz qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəldilərək çadır düşərgələrinin ləğvinə başlanılıb. Bu istiqamətdə tədbirlər Prezident İlham Əliyev tərəfindən davam etdirilib, çadır düşərgələrinin ləğvi başa çatdırılıb, məcburi köçkünlər müasir tipli yeni qəsəbələrə köçürülüb, onlara məşğulluq və təsərrüfatçılıq imkanları yaradılıb. Ancaq biz təəssüf hissi ilə qeyd etməliyik ki, dövlətimizin bu siyasətinə də kölgə salanlar var. Ölkə başçısı məcburi köçkünlərə verilən evlərlə bağlı ortaya konkret faktlar qoydu ki, əlaqədar qurumlar hansı saxtakarlıqları ediblər. Təsəvvür edirsinizmi, ölkə başçısı deyir ki, araşdırıb görüblər  bir binada yaşayanların heç 20 faizi məcburi köçkün deyil. Deməli, burada ciddi qanun pozuntuları, korrupsiya halları olub. Əminəm ki, bu istiqamətdə də lazımi addımlar atılacaq. Çünki ölkə başçısının səsləndirdiyi fikirlər həmin qurumda da hüquqi araşdırılmaların aparılmasını zəruri edir”.

Məhəmmədəli QƏRİBLİ

Check Also

Taksilərlə bağlı reyd keçirilib: “Sürücü az qalır böyrəyində daş olmadığı barədə də arayış təqdim etsin”

İqtisadçılar qərarları tənqid edir Bakıda taksi sürücülərinə qarşı reyd keçirib. Reydi Bakı Şəhər Dövlət Yol …