Bazar , 7 Dekabr 2025
Drone Cameras

Koronavirusa görə məhkumlarla görüş və sovqat qəbulu dayandırıldı – RƏSMİ

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin müəssisələrində koronavirus təhlükəsi ilə əlaqədar məhkumlarla görüş və sovqat qəbulu dayandırılıb.

Bu barədə mediaya Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov deyib.

O bildirib ki, koronavirusa yoluxma təhlükəsinin qarşısının alınması məqsədilə Penitensiar Xidmətin müəssisələrində sanitar-epidemioloji, profilaktik və izahedici tədbirlər həyata keçirilir: “Bununla əlaqədar olaraq Penitensiar Xidmətin müəssisələrində saxlanılan şəxslərə görüş verilməsi və sovqat qəbulu dayandırılıb”.

Qeyd edək ki, Azərbaycanda 6 nəfərin koronavirus infeksiyasına yoluxması faktı qeydə alınıb və həmin şəxslərin səhhəti ciddi nəzarətdə saxlanılır, müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. İndiyə qədər epidemiya 90 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına yoluxanların sayı 98 429-a çatıb. Bunların 55 641 nəfəri sağalıb, 3 387 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.

Check Also

DTX ƏMƏLİYYAT KEÇİRDİ: Əli Kərimlinin daha bir adamı SAXLANILDI

AXCP sədri Əli Kərimlinin həbsinin ardından partiyanın Nəzarət Təftiş Komissiyasının üzvü Təzəxən Mirələmli də saxlanılıb.Boyukmillet.com xəbər …