Cümə , 22 Noyabr 2024
Drone Cameras

Korrupsiya toruna bükülmüş Aypara Cəmiyyəti barəsində nələr deyilir…

Samir Adıgözəlli: “Görünür, pulun çoxluğu onları vadar edib ki, onu necə mənimsəməyin yollarını öyrənsinlər”

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin regional bölməsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı cinayət işi başlanıb. Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, cinayət işi Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Bərdə rayon bölməsinin vəzifəli şəxsləri tərəfindən qanunsuz hərəkətlərə yol verilməsi barədə daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ilkin araşdırma aparılmaqla 25.05.2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə (rüşvət alma külli miqdarda törədildikdə) açılıb.

Aparılmış ilkin istintaqla Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Bərdə rayon bölməsinin sədri İsmayılov Xanlar Xeyrulla oğlunun 2012-ci ildən işlədiyi müddət ərzində ünvanlı sosial yardım almaları üçün qanunvericiliklə müəyyən edilmiş tələbin – rəsmi iş yerinin olmasının təmin edilməsi ilə əlaqədar ona müraciət etmiş müxtəlif şəxslərin adlarını işçi kimi rəsmiləşdirmək qarşılığında sonuncuların əmək haqqı kartlarını özündə saxlamaqla, həmin əmək haqqı kartlarına daxil olan vəsaiti hər ay nağdlaşdıraraq külli miqdarda pul vəsaitini rüşvət qismində təkrarən almasına əsaslı şübhələr müəyyən edilib. Hazırda cinayət törətmiş şəxslərin dairəsinin müəyyən edilməsi və məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir. Qeyd edək ki, Qızıl Aypara Cəmiyyətinə uzun müddətdir millət vəkili Novruz Aslanov rəhbərlik edir. Yayılan rəsmi məlumatdan görünür ki, söhbət qurumdakı ciddi korrupsiya mexanizmindən gedir. Rəhbəri millət vəkili olan bir qurumda belə acınacaqlı vəziyyətin olması doğrudan da təəccüb doğurur. Biz Novruz Aslanovun özü ilə əlaqə saxlayıb, rəhbərlik etdiyi qurumda baş verənlərə aydınlıq gətirməsini istədik. Təəssüf ki, ona məxsus olan nömrələrin heç biri ilə əlaqə yaratmaq mümkün olmadı.

İctimai Siyasi Proseslər Beynəlxalq Əlaqələr Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu qurumun fəaliyyətindən narazılıqlar kifayət qədər çox olub: “Ev-eşiyini itirmiş məcburi köçkünlərə, Sabirabad və Salyan, Neftçala rayonlarındakı sel daşqınları zamanı zərərçəkmişlərə köməkliklərin edilməsilə bağlı qurumun geniş hesabatlarına rast gəlmək olur. Həmin fəlakətlərdən əziyyət çəkənlər isə bildirir ki, evləri yerlə-yeksan olanda, özləri neçə ay sel suları ilə mübarizə aparanda bu qurumu yanlarında görməyiblər. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rəhbəri bu vəzifəni əldə etdiyi mandatın ömrü qədər, uzun zamandır icra edir. İstər dövlət vəzifəsi, istərsə də ictimai vəzifədə daimilik olmamalıdır. Açıqlanan son məlumatlardan görünür ki, qurumun daxilində ciddi korrupsiya mexanizimi olub. Qanunvericilik aktlarının qəbulunda birbaşa iştirak edən Novruz Aslanov necə olur ki, özünün rəhbəri olduğu təşkilatda qanunlara əməl edilmədiyini görmür?

Araşdırma apararkən qarşımıza çıxan sənədlərdən görürük ki, hər il cəmiyyətin gəlirləri də pis olmur. Onlar həm beynəlxalq donor təşkilatlardan, həm də dövlət büdcəsindən maliyyələşir. Məsələn, ilbəil dövlət büdcəsi hesabına maliyyəşmənin həcminin artdığının şahidi oluruq. Ancaq qurumun balansına olan kənar mədaxil vəsaitinin aşağı düşdüyü görsənir. Həmçinin, cəmiyyətin “İnkişaf” programı çərçivəsində Ucarda “Quşçuluq”, Mingəçevir rayonunda EXO aparatı, İnternet və kompyuter kursları, Sumqayıtda internet klubu, Bakının Nərimanov rayonunda “Gözəllik salonu”, Nəsimi RB UZİ aparatı, İsmayıllıda “Diş kabineti” kimi gəlir gətirmə təsərrüfatları da fəaliyyət göstərir və əldə edilən gəlir bölmələrin müəyyən xərclərinin ödəməsinə sərf olunur. Qurumun hesabatında daha bir maraqlı məqam yer alır. Belə ki, onun büdəcəsinə xeyli miqdar vəsait şəxsi ianələrdən gəlib. Çox maraqlıdır, hər bir tərəfdən büdcəsinə pul toplanan bir qurum həm də korrupsiya bataqlığında batır. Görünür, pulun çoxluğu onları vadar edib ki, onu necə mənimsəməyin yollarını öyrənsinlər. Təbiidir ki, bütün bu neqativliyə görə qurumun rəhbəri Novruz Aslanov da ciddi məsuliyyət daşıyır. Çünki qurumdakı bütün nöqsanlar onun rəhbərliyindən soruşulmalıdır. Hələlik istintaq gedir, sonunu gözləyək”.

Məhəmmədəli QƏRİBLİ

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …