Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Kütləvi informasiya vasitələri ilə dövlət qurumları arasında əlaqələrin gücləndirilməsi mövzusunda tədbir keçirilib

Boyukmillet.com xəbər verir ki, oktyabrın 29-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən muxtar respublikanın kütləvi informasiya vasitələri ilə dövlət qurumları arasında əlaqələrin gücləndirilməsi mövzusunda tədbir keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin baş məsləhətçisi Təhminə Babayeva muxtar respublikanın mərkəzi icra hakimiyyəti orqanlarının 2019-cu ilin ötən dövründəki fəaliyyəti barədə məlumatı diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, ötən müddətdə mərkəzi icra hakimiyyəti orqanlarının mətbuat xidmətlərinin  “Şərq qapısı”, şəhər və rayon qəzetlərində ümumilikdə 2583 materialı dərc olunmuş, teleradiolarda 3423 veriliş və xəbər sujeti hazırlanmış, müxtəlif sosial şəbəkələrdə 8782 material yerləşdirilmişdir.

Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının üzvü Sara Əzimova və Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov tədbirdə çıxış edərək mətbuat xidmətlərinin teleradio və qəzetlərlə əməkdaşlıq imkanlarını diqqətə çatdırmışlar. Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri Sahil Tahirli, “Şərq qapısı” qəzetinin baş redaktoru Mehriban Sultanova və Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvü Səməd Canbaxşıyev mətbuat xidmətləri ilə teleradio və qəzetlər arasında əməkdaşlığın qurulmasında yol verilən nöqsanlardan bəhs etmiş, qarşılıqlı əməkdaşlığın səmərəli təşkili ilə bağlı fikirlərini bildirmişlər.

Diskussiya şəraitində keçən tədbirdə Vergilər Nazirliyinin aparat rəhbəri Əli Şabanov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi Zərnigar Orucəliyeva, Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Zəkəriyyə Gözəlov, Maliyyə Nazirliyinin aparat rəhbəri Tural Şirəlizadə, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun mətbuat və informasiya şöbəsinin müdiri Faiq Səfərov və Dövlət Miqrasiya Xidmətinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi Arif Bayramov fəaliyyətin yeni tələblər səviyyəsində qurulması ilə əlaqədar təkliflər vermişlər.

Müzakirələr zamanı Əlahiddə Ümummqoşun Ordunun, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun, Daxili İşlər Nazirliyinin, Dövlət Miqrasiya Xidmətinin, Səhiyyə Nazirliyinin, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Statistika Komitəsinin mətbuat xidmətlərinin materiallarının keyfiyyətlə hazırlandığı diqqətə çatdırılmış, həmin əməkdaşlar tərəfindən informasiyalarla yanaşı, veriliş və məqalələrin də işləndiyi qeyd olunmuşdur. Digər mətbuat xidmətlərinin fəaliyyətinin də bu istiqamətdə qurulması, kəmiyyətdən çox keyfiyyətə diqqətin artırılmasının əhəmiyyəti vurğulanmışdır. Həmçinin mətbuat xidmətlərinin televiziya və qəzetlərdə yeni veriliş və rubrikaların açılması ilə bağlı təklifləri nəzərə almışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının sədri Ülvi Hüseynli çıxış edərək demişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 19 sentyabr tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılmışdır. Sentyabrın 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun müşahidə şurasının ilk iclası və media nümayəndələri ilə görüş keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov görüşdə kütləvi informasiya vasitələrində fəaliyyətin təşkili ilə bağlı mühüm vəzifələr müəyyənləşdirmiş, mediai ilə dövlət orqanları arasında əlaqələrin gücləndirilməsi ilə bağlı tapşırıqlar vermişdir. Ali Məclis Sədrinin tapşırığına uyğun olaraq Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən muxtar respublikanın kütləvi informasiya vasitələri ilə dövlət qurumları arasında əlaqələrin gücləndirilməsi mövzusunda tədbir keçirilir.

Qeyd olunmuşdur ki, təşkilatların fəaliyyəti barədə mətbuatda informasiyaların verilməsi ilə iş bitmir. Həyata keçirilən dövlətin siyasətin mahiyyəti açılmalı, təhlillər aparılmalı, görülən işlərin nəticəsi, əldə olunan uğurlar ictimaiyyətə çatdırılmalıdır.  Mətbuat xidmətləri ictimaiyyəti maraqlandıran məsələlərlə bağlı məlumatları yubatmamalı, qəzet və teleradio əməkdaşları da dövlət qurumları tərəfindən təqdim edilən informasiyalara biganə münasibət göstərməməli, həmin materialların aktuallığı və ictimai əhəmiyyəti nəzərə alınaraq ictimailəşdirilməli, qarşılıqlı əməkdaşlıq gücləndirilməlidir.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …