Çərşənbə , 30 Oktyabr 2024
Drone Cameras

Lider Naxçıvan…

Qarabağda qazanılmış zəfər, düşmənin ağ bayraq qaldırması və əzəli yurdumuza böyük qayıdışın başlanması ilə ölkəmiz sanki yeni bir eraya qədəm basır. Otuz ildir həlli müşkül məsələyə çevrilən Qarabağın yad ayaqların tapdaqları altında qalması nə qədər kədərli idisə, Naxçıvanın blokadada yaşaması da bir o qədər çarəsizlik idi. Düşmənin biabırçı məğlubiyyətini bütün dünyaya bəyan edən məlum Bəyanatın imzalanması isə Azərbaycanı sözün həqiqi mənasında bütövləşdirdi. Böyük zəfərin qürurunu yaşadığımız bu günlərdə Naxçıvanın hələ də blokada ilə xatırlanması ən azından ədalətsizlik olardı…

Ali Baş Komandan müsahibəsində də söylədi, artıq 15-ci dəfədir Naxçıvana gəlir. Ötən 17 ildə həyata keçirilən hər gəliş muxtar diyarın iqtisadi, sosial, mədəni həyatı üçün çox vacib olan mühüm layihələrin həyata keçirilməsi ilə yadda qaldı. Hər dəfəsində yeni bir Naxçıvan qarşıladı onu. 15-ci gəlişin təsadüf etdiyi önəmli gündə, nəinki ölkəmiz, eləcə də dünya üçün böyük əhəmiyyət kəsb edən Zəngəzur dəhlizinin açılışı ərəfəsində Ali Sərkərdənin Naxçıvan üçün səsləndirdiyi fikirləri eşitmək qürur verici idi: Naxçıvan ölkəmizin ən inkişaf etmiş bölgələrindən biridir. Əminəm ki, Naxçıvan bu liderliyi bundan sonra da saxlayacaqdır.

Lider Naxçıvan…

Ötən gün, mayın onunda Ali Baş Komandanın Naxçıvan torpağına ayaq basması ağır döyüşdən sonra sərkərdənin evinə dönməsi idi. Ata Əliyevi doğum günündə öz vətənində andı. Bu sanki ölkə başçısının Ulu öndərin ruhu qarşısında növbəti hesabatı idi. Əgər Şuşanın azad olunma xəbərini Ulu öndərə öz məzarı qarşısında müjdələmişdisə, Naxçıvanın artıq blokadanı yardığını, ana Azərbaycana yenidən birləşəcəyini, əllərinin heç vaxt ayrılmayacağını ona doğma olan öz Evində verdi.

Bu dəfəki səfər Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağının, Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromunun, Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının, Naxçıvanda Süni Mayalanma Mərkəzinin istifadəyə verilməsi, “Ordubad rayon mərkəzi və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin və Culfa-Ordubad magistral avtomobil yolunun açılışı ilə yadda qaldı və şübhəsiz, bunların hər biri muxtar diyarın həyatında önəmli addımdır.  Bunların hər biri Naxçıvanın həyatında istər hərbi, istər kənd təsərrüfatı, istər turizmin inkişafı, istərsə də insanların sosial rifahının inkişafı baxımından mühüm layihələrdir. 

Ancaq təbii ki, təkcə ölkəmizin deyil, eləcə də dünyanın nəzər diqqəti Naxçıvanı bütöv Azərbaycana birləşdirən yolun açılmasında idi. Ordubad dəmir yolu stansiyasında yaradılan şəraitlə də tanış olan Prezident bu dəfə Ermənistana da, onun havadarlarına da elə öz Evindən, elindən səsləndi. “Getsinlər, öz işləri ilə məşğul olsunlar”. Müharibədən altı ay keçməsinə baxmayaraq, hələ də “dəmir yumruğun” təsirindən baş gicəllənməsi yaşayan Ermənistan və onun “başbilən”ləri bu səfərdən layiqli cavablarını aldılar. Zəngəzur dəhlizinin reallaşmasına öz aləmlərində mane olmağa çalışan Ermənistana isə verilən mesajlar önəmli idi. Naxçıvan ordusunun Günnüt zəfərini xatırladan Ali Baş Komandan Naxçıvanın müdafiə potensialının möhkəmlənməsinə həmişə böyük diqqət göstərildiyini xatırlatdı: “Bu gün Naxçıvan ordusunda olan hərbi texnika deyə bilərəm ki, bəlkə də bəzi qabaqcıl ölkələrdə olan texnikadan üstündür”. Ali sərkərdə ilk dəfə 2018-ci ildə qazanılmış Günnüt zəfərinin önəmini vurğuladı. Əldə etdiyimiz yüksəkliyin yaratdığı imkanların vacibliyinə diqqət çəkdi. “Bu yüksəkliklər imkan verdi ki, biz artıq strateji kommunikasiyalara tam nəzarət edirik və Ermənistandan Dağlıq Qarabağa gedən yola da nəzarət edirik. İkinci Qarabağ müharibəsində bu yola nəzarət imkanlarımız bizə bir çox informasiyanın əldə edilməsində kömək göstərdi. Qarşı tərəf bilir ki, bizim nəzarətimizdə olan bu kommunikasiyalar istənilən vaxt kəsilə bilər və əlbəttə, öz addımlarını buna uyğun atmalıdır”. Əminəm ki, bu  barədə hərbi ekspertlər  və tarixçilər tərəfindən  kitablarda yazılacaq ki, Vətən müharibəmizdə tarixi zəfərimizin qazanılmasında Günnüt zəfərinin Aprel döyüşləri qədər həlledici önəmi vardır. Tarix boyu hər zaman eyni taleni yaşayan Naxçıvan və Qarabağ torpaqlarının  tarixi taleyi bu dəfə də “dəmir yumruq”da birləşdi. Günnüt zəfəri Qarabağa gedən yolların, belə demək mümkünsə, bələdçisi oldu. Qarabağda qazanılan qələbə isə Naxçıvanın yollarını, qollarını açdı. Bu zəfərə imza atan Naxçıvan döyüşçülərinin qəhrəmanlıqlarından, göstərdiyi şücaətlərdən danışan Ali Baş Komandan Şanlı zəfəri bizə qazandıran vətən oğullarının məzarlarını ziyarət etdi. Böyük zəfərin qazanılmasında onların necə qəhrəmanlıqlar göstərdiyini vurğuladı.

30 il öncə yaba, bellə düşmən qarşısına çıxan, Vətən torpaqlarının müdafiəsində “zəif halqa”lardan biri olan Naxçıvanın müdafiə məsələsi, ordusu artıq bir sıra xarici ölkələrin orduları ilə müqayisə olunur. Bu qürur verici məqam Naxçıvanda ordu quruculuğu, ideoloji iş sahəsində nə qədər böyük addımların atıldığından xəbər verir. Bu müqayisə Naxçıvanın bir qala kimi silahlanmasında, qorunmasında gecə, gündüz demədən əmək verən, daim əsgərlərin yanında olan, onların qayğısına qalan, ən ucqar sərhəd postlarında belə onların xidmət şəraitləri ilə maraqlanan Ali Məclisin Sədrinin bu sahədə xidmətlərinin göstəricisi,əməyinin nəticəsidir.

Tarixi qələbəmizin qazanılmasına öz adını yazdıran Naxçıvan Əlahiddə Ümumqoşun ordunun gücü, sahib olduğu texniki təchizat, ən müasir silahlarla deyil, həm də igid, qorxmaz, vətənpərvər əsgər, zabitləri ilə ölçülür. Vətəninə, torpağına bağlı, dövlətinə sədaqətlə xidmət edən döyüşən gücə göstərilən şəxsi nümunə isə bu gücün və inkişafın təməlində dayanır.

Ölkə başçısının Naxçıvanın müdafiəsi sahəsində səsləndirdiyi fikirlər həm atılan addımların nə qədər doğru və uğurlu olduğunu göstərdi, həm də hələ də Naxçıvan xülyaları ilə yaşayan düşmənə ən yaxşı ismarış oldu: “Naxçıvan Muxtar Respublikasının həm respublikanın hüdudlarının müdafiə edilməsində, ümumiyyətlə, ölkəmizin ordu potensialının güclənməsində çox böyük rolu var və hər zaman Naxçıvan lazımi dərəcədə müdafiə olunacaqdır”.

       Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik məsafə…

Ali Baş Komandanın səfərinin önəmli məqamlarından biri də bu idi: Təkcə Qafqazın deyil, bütün türk dünyasının, dünyanın diqqətində olan-Zəngəzur dəhlizi. Naxçıvanı dünyanın mərkəzinə çevirəcək dəhliz barədə Prezident qətiyyətli fikirlər səsləndirdi. Azərbaycan-Ermənistan-Rusiya Baş nazirlərinin müavinləri səviyyəsində işçi qrupunun keçirilmiş iclaslarında da artıq bu məsələ ilə bağlı çox ciddi addımlar atıldığını qeyd etdi və vurğuladı: “açılmalıdır və açılacaqdır”. Prezidentin təkcə Naxçıvana deyil, işğaldan azad olunmuş ərazilərə səfəri zamanı da hər zaman gündəm maddələrindən biri bu idi və məhz dəhlizin ölkəmiz, ümumiyyətlə region üçün əhəmiyyətini diqqətə çatdırırdı.

Mətbuatda zaman-zaman qarşımıza çıxan, erməni revanşist qüvvələrin mane olmaq istəyinə də  ölkə başçısının cavabı birmənalı idi. Dəmir yolları anlayışı olmayan bir ölkə  bu məsələdə, necə deyərlər, “muhattab” belə alınmayacaq. Azərbaycan xalqı illər sonra Zəngəzura qayıdacaq, bu dəhliz Naxçıvanı Azərbaycana, Azərbaycanı isə Türk dünyasına birləşdirəcək…

Artıq tikintisinə başlanılmış Zəfər yolu qədər önəmi olan Naxçıvan-Zəngilan yolunun  mənəvi və tarixi  əhəmiyyəti həm də ona görə önəmlidir ki, bu yol tarixi Zəngəzur torpağından keçəcək, o yoldan keçən hər nəsil tarixinə biraz daha yaxın olacaq… Zəngəzur unudulmayacaq…

Təəssüf ki, 40 kilometrlik yolu illər boyu gedə bilmədik… Qapıları üzərinə bağlanan Naxçıvan ötən 30 ildə gün işığının üzərinə düşəcəyi günü gözləmədi, özü günəş oldu. Qaranlıqdan aydınlığa bir yol çəkdi. Mənfur düşmənin fitnəkarlığı üzündən 40 kilometrlik yolu qət eləyib ana Azərbaycana qovuşa bilmədi, amma o qapıların arxasında küllərindən alovlandı. İndi artıq blokadanın qapıları üzünə açılanda  dünya artıq yeni bir Naxçıvanı qarşılayacaq. İnkişaf etmiş güclü iqtisadiyyata, sənayeyə, kənd təsərrüfatına, təhsilə, ordu quruculuğuna, sahib 100 faiz elektrik, qaz, su ilə, abad yollarla, bütün sosial infrastrukturla təmin olunan kəndləri, rayonları, şəhərləri ilə özünəməxsus inkişaf modeli olan Naxçıvan. Görünür, yenidən Qafqazın ən inkişaf etmiş bölgələrindən biri olmağa can atan Qarabağın dirçəlməsində də Naxçıvan təcrübəsindən istifadə olunacaq…

Fizzə Bağırova

NUHÇIXAN

Check Also

Əli Kərimlinin 6 ay həbs olunması tələb edildi

İddiaçıya vaxt verilib ki, ərizəsi ilə bağlı dəqiqləşdirmə aparsın Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri …