Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Məğlubların DEMARŞI: Sabir Rüstəmxanlını kimlər və niyə hədəfə alıb?

Əsədov, parlamentdə millətin gerçək səsi olan Sabir Rüstəmxanlıya yersiz hücumlara vaxt itirməkdənsə, növbəti seçkilərə hazırlaşmağınız məsləhətdir.

Azərbaycanda 9 fevral növbədənkənar parlament seçkilərinin artıq məlum olan nəticələri ətrafında müzakirələr səngimir. Böyük ehtimalla, Milli Məclisin yeni tərkibi ətrafında sosial şəbəkə və media polemikaları hələ bir müddət də davam edəcək.

Bəli, ötən ilin dekabrında Milli Məclisin fəaliyyətinə xitam verilməsi növbədənkənar seçkilərin təyin olunması cəmiyyətdə ciddi hərəkətlənməyə səbəb olmuşdu.

Əksəriyyət müxtəlif sahələrdə həyata keçirilən dəyişikliklərin, nəhayət, parlamentə də tranformasiya ediləcəyini gözləyirdi. 9 fevral seçkilərində müşahidə olunan namizəd bolluğunun bir səbəbi də, məhz bu gözlənti idi.

Elə seçkilər bitdikdən sonra bəzi şəxslərin millət vəkili seçilməsi həqiqətən, məmnunluq doğurub.

O şəxslərdən biri və birincisi, əlbəttə ki, Xalq şairi Sabir Rüstəmxanlıdır. Namizədliyini 61 saylı Neftçala Seçki Dairəsindən irəli sürən Xalq şairi gözlənildiyi kimi, qalib gəldi.

Təəssüflə xatırladaq ki, Sabir bəyin namizədliyini məhz Neftçaladan irəli sürməsi 61-ci dairədən seçilmək iddiasında olan bəzilərinin narahatlığına səbəb olmuşdu.

Təbii, Sabir Rüstəmxanlı ilə seçki rəqabətindən qalib çıxmaq haradasa, imkansız bir iş sayılırdı. Ona görə də, seçki kampaniyası dönəmində Sabir bəyə qarşı aparılan yersiz kampaniyanın nüvəsində onun “yerli” olmaması faktı xüsusi qabardılırdı.

Bu kampaniyanı sürdürənlər anlamaq istəmirdilər ki, adı Bütöv Azərbaycanın da hüdudlarına sığmayan Xalq şairi heç vaxt bir bölgənin təmsilçisi kimi “çərçivələnə” bilməz. Elə Neftçala seçiciləri də Sabir Rüstəmxanlıya etimad göstərməklə, onu qətiyyən “yad” saymadıqlarını nümayiş etdirdilər.

Lakin 61 saylı seçki dairəsindən deputatlığa namizəd olmuş biriləri səsvermənin nəticələrini qəbul etməkdə xeyli zorlanırlar. Xüsusilə, cəmiyyətin müəyyən qədər tanıdığı təhsil eksperti Kamran Əsədov seçkilərin nəticələrini hələ “təftiş” etməkdədir.

Əsədov özünün sosial şəbəkə hesabında Sabir Rüstəmxanlıya həcmli açıq müraciət yerləşdirib. Tamam, seçkidə məğlub olmuş tərəfin özünə xeyli əziyyət verib nəticədən narazılığını bəyan etməsində qeyri-adi heç nə yoxdur. Ancaq bir şərtlə ki, bu narazılığın ifadəsində obyektivliyi itirməyəsən…

Kamran Əsədovun o müraciətində mübahisə doğurmayan tək bir məqam var: “Kamran Əsədov ilə Sabir Rüstəmxanlını müqayisə etmək düzgün yanaşma deyil”. Yüzdəyüz haqlıdır. Bu dəyər bir əsr sonra da aktuallığını itirməyəcək.

Əsədov seçkilərin nəticələrindən narazıdır və məğlub olmasında özünü yox, başqalarını, ilk növbədə də, Sabir Rüstəmxanlını “günahkar” görür. Hə, Əsədov özünün Rüstəmxanlı qədər nüfuz və etimad sahibi olmamasının “günah”ını Xalq şairində görür…

Gələk onun iddialarına. Əsədov iddia edir ki, inzibati resurslar Sabir Rüstəmxanlının qalib gəlməsinə təsir göstərib. Ancaq bunları yazan Əsədov öz müraciətinə dediklərini isbatlayacaq heç bir sübut əlavə etmir. Sübutsuz danışığın isə bir adı var: boşboğazlıq.

Əsədovun möhkəm “yapışdığı” başqa bir məqam Sabir bəyin topladığı səs faizidir. Unudur ki, Azərbaycanın seçki qanunvericiliyində namizədlərdən hər hansı birinin qələbəsi SADƏ səs çoxluğu ilə təsbit edilir.

Digər tərəfdən, Əsədovun bu “irad”ı onun inzibati resursların Sabir Rüstəmxanlıya “dəstək verməsi” iddiasını da alt-üst edir. Əgər icra strukturları Sabir bəyin qələbəsində iştirak ediblərsə, o zaman onun topladığı səs faizi 21 yox, daha böyük rəqəmlə rəsmiləşdirilərdi. Hər halda, adi məntiq bunu deyir…

Bundan başqa, Əsədov səsvermədə iştirak etmiş Neftçala seçicilərinin sayı ilə də manipulyasiya etməkdən qalmır. Ölkə üzrə seçici fəallığının rəsmən 50 faizə çatmadığı, faktik isə daha da az olduğu şəraitdə say məsələsinin qabardılması sadəcə, cığallıqdır.

Əsədov yazdığı müraciətin sonluğunda spekulyativ yanaşmasını gücləndirir, Sabir bəyin yaşını xatırladır və onu təmiz qələbəsindən imtina etməyə çağırır. Bu yerdə “Başqa əmriniz, istəyiniz varmı, cənab Əsədov”” sualı çox yerinə düşərdi…

Hər kəs bilir, Sabir Rüstəmxanlı mandatı oldu-olmadı, bütün şüurlu həyatını millətin vəkilliyinə həsr edib. Milli Məclisin yeni tərkibində öz sanbalı ilə seçilən tək ad da məhz ona məxsusdur.
Ona görə də, Əsədov, parlamentdə millətin gerçək səsi olan Sabir Rüstəmxanlıya yersiz hücumlara vaxt itirməkdənsə, növbəti seçkilərə hazırlaşmağınız məsləhətdir.

Özünüzü də, başqalarını da çox məşğul etməyin…

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …