Azərbaycan-Gürcüstan sərhədindəki Sadaxlı Gömrük Postunun rəisi Mehmandar Həsənovun DTX tərəfindən saxlanılması haqda məlumat təsdiqini tapmayıb.
Boyukmillet.com-ın əməkdaşı bu gün musavat.com-a istinadla əksər saytlarda tirajlanmış bu məlumatın nə dərəcədə həqiqətə uyğun olduğunu aydınlaşdırmaq üçün M.Həsənova yaxın mənbə ilə əlaqə saxlayıb. Mənbə məlumatın heç bir əsasının olmadığını, M.Həsənova qarşı hər hansı əməliyyat keçirilmədiyini və onun saxlanılmadığını bildirib:“Məlumatın heç bir əsası yoxdur. M.Həsənovla bir qədər əvvəl danışmışam. Biz təəccüb edirik ki, DTX kimi nüfuzlu, ciddi bir qurumun adını da hallandırmaqla, belə bir əsassız məlumatı necə yayıblar. Görünür kiminsə sifarişi, qaralama kampaniyasıdır”.
***
Azərbaycan-Gürcüstan sərhədindəki Sadaxlı Gömrük Postunun rəisi Mehmandar Həsənov saxlanılıb. Musavat.com-un məlumatına görə, onun iş yerində, maşınında və evində axtarış aparılıb. Əməliyyatı Dövlət Təhlükəsilzik Xidmətinin əməkdaşları gerçəkləşdirib. İddia olunur ki, M.Həsənovun maşınından 100 min, Ağstafadakı evindən isə 800 min dollar götürülüb. Əməliyyat zamanı gömrük postunun rəisi ilə yanaşı, bir neçə qaçaqmalçı da saxlanılıb. Həmin şəxslərin mütəmadi olaraq Azərbaycandan Gürcüstana və geriyə qaçaqmal daşıdıqları, əsasən ölkədən böyük məbləğlərin çıxarılması ilə məşğul olduqları haqda məlumatlar var.
“M.Həsənovun həmin şəxslərə dəstək verdiyi haqda çox ciddi məlumatlar olduğundan məsələ araşdırılıb və əməliyyatın gerçəkləşdirilməsi qərarı verilib. Əməliyyat zamanı M.Həsənovla yanaşı, 4 şəxs də tutulub. Həmin şəxslərin Gəncə sakinləri olduqları da bildirilir. Hazırda M.Həsənov istintaqa cəlb olunsa da, barəsində həbslə əlaqəli olmayan tədbir seçilib. 4 Gəncə sakini isə həbsdədir” – deyə, saytın məlumatında bildirilir. Məlumatda həmçinin o da qeyd olunur ki, M.Həsənov YAP-ın Siyasi Şurasının üzvü Məlahət İbrahimqızının (Həsənova) qardaşıdır.